Fizikada belə bir anlayış var: üçqat nöqtə. Bu, elə temperaturdur ki, ona çatanda maddənin hər üç halı dinamik tarazlıq vəziyyətində olur.
Azərbaycan – Ermənistan müstəvisində də buna bənzər mənzərə özünü biruzə verir, münaqişənin müxtəlif fazaları biri-birini tarazlaşdırır.
Bəli, bir tərəfdən, atəşkəs rejiminin pozulması mütəmadi xarakter alıb. O biri tərəfdən, Bakı sülh təşəbbüslərini davam etdirir. Bir yandan da bəzi təhlilçilər israr edirlər ki, iki illik sülh prosesi özünü tükəndirib, növbəti müharibəyə hazırlaşmaq lazımdır...
Amma böyük əksəriyyətin fikri budur ki, hələ hər şey itirilməyib, prosesi davam etdirmək lazımdır. Bəli, bu günlərdə biz Bakı ilə Xankəndi arasında "qaz savaşı”nın şahidi olduq. Reğiona ATƏT-in yeni sədrinin, Polşanın xarici işlər naziri Zbiqnev Raunun səfərini izlədik.
Bir–iki gündən sonra isə Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin Avropa Birliyi Şurasının prezidenti Şarl Mişelin iştirakı və təşəbbüsü lə görüşü baş tutacaq.
Bütün bunlar onu göstərir ki, prosesdə heç durğunluq yoxdur, o, dinamik şəkildə inkişaf edir, baxmayaraq ki, Zəngəzur dəhlizi məsələsi alınmadı, baxmayaraq ki, ermənilərin təqdim etdiyi mina xəritələri yalnız iyirmi beş faiz özünü doğruldur. Ona görə də sual yaranır: proses hansı səmtdə inkişaf edir?
Burada onu qeyd edək ki, indiki Rusiya sülhməramlıları da bir vaxt SSRİ-nin müxtəlif orqanlarınıın hərəkət etdiyi kimi fəaliyyətə başladılar. Sonuncuların məqsədisə Qarabağ probleminin həlli yox, erməni banditlərini Bakıdan qorumaq idi. Eyni mənzərə bu gün də davam edir.
Rusiya sülhməramlıları zaman keçdikcə Qarabağ separatistlərini tərksilah etməli idilər. Bəs onlar bunun əvəzində nə edirlər? Sakitcə erməni separatistlərinin atəşəkəs rejimini necə pozduqlarını müşahidə edirlər. Aydın məsələdir ki, zaman keçdikcə Bakı ilə Moskva arasında bu məsələ ilə bağlı fikir ayrılığı artacaq.
Məsələ bundadır ki, Bakının gözləntilərinə rəğmən, Rusiya sülhməramlılarının "missiyası” tamam başqadır. Onlar bura sülhü təmin etmək üçün yox, ümumi prosesi idarə etmək üçün gəliblər. Bu mənada Moskvanın Qarabağdakı siyasəti onun Abxaziya və Cənubi Osetiyadakı siyasətindən elə də fərqlənmir.
Sovetin vaxtında Qarabağda Xüsusi İdarəetmə rejimi Bakı ilə Xankəndi arasında qalxan rolunu oynadı, nəinki erməniləri qorudu, hətta onların silahlanmasına yardım etdi. İndi də eyni şey baş verəcək, baxmayaraq ki, üçtərəfli müqaviləyə əsasən, sülhməramlılar erməni silahlılarını tərksilah etməli idilər. Artıq aydındır ki, belə bir şey olmayacaq, çünki Rusiyanın sülhməramlıları erməniləri tərkisilah etməyə gəlməyib, onların missiyası tamam başqadır...
Erməni baş naziri Paşinyan arabir bəyan edir ki, Bakı ilə sülh danışıqlarına hazırdır. İşdə isə hər şey əvvəllər olduğu kimi qalır. Bəzisi deyir ki, erməni baş naziri ölkəsini sülh prosesinə hazırlayır, çünki Ermənistanda onun xeyli opponenti var. Digərləri isə iddia edir ki, belə bəyanatlarla Paşinyan yalnız vaxt udmağa çalışır.
Kimin haqlı olduğunu zaman göstərəcək. İndi demək olar ki, Paşinyan fürsət gözləyir, yəni Ukrayna müharibəsinin nəticələrindən asılı olaraq hərəkət edəcək. Bu günlərdə deyildi ki, İrəvan Kiyevə dörd qırıcı təyyarə göndərib. Aydındır ki, Rusiya qələbə çalsa, İrəvan Kremlin direktivlərinə müzakirəsiz "hə” deyəcək. Əgər Rusiya məğlub olsa və ya uzunmüddətli hərbi bataqlığa düçar olsa, İrəvanın manevr üçün şansları yaranacaq, çünki zəif ağanın göstərişləri bir qayda olaraq, qulaqardına vurulur...
Hüseynbala Səlimov //qaynarinfo.az//