Şəfəqə Doğru » Gündəm » Həbsdəki məşhurlardan hansının azadlıq şansı var?

Həbsdəki məşhurlardan hansının azadlıq şansı var?

Həbsdəki məşhurlardan hansının azadlıq şansı var?
Bu gün Azərbaycan təcridxanalarında, cəza evlərində kimlər yoxdur ki? Nazir, səfir, deputat, general, hətta KİVDF rəhbəri də "içəridə”dir.

Sabiq deputat, "Quska” ləqəbli Hüseyn Abdullayev 2018-ci ilin aprelində Türkiyədə həbs edilərək Azərbaycana gətirilib. Onun barəsində 2012-ci ildə Cinayət Məcəlləsinin 213.2.2 (külli miqdarda vergidən yayınma) maddəsi ilə cinayət işi başlanıb. Ölkədən qaçdığı üçün Hüseyn Abdullayev dövlətlərarası axtarışa verilmişdi. Həbs olunaraq Azərbaycana gətiriləndən sonra yayılan rəsmi məlumata görə, ayrı-ayrı vətəndaşların Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş müraciətləri əsasında 14 fevral 2018-ci il tarixdə başlanmış cinayət işi üzrə H.Abdullayevin 2006-cı ildən 2018-ci ilədək olan müddət ərzində faktiki nəzarət etdiyi "Araz-İnşaat” ASC-də onun tapşırığına əsasən, müəssisənin idarə olunmasını həyata keçirən Babayev Namiq İsmixan oğlu və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Cəmiyyətə məxsus obyektləri müxtəlif vaxtlarda ayrı-ayrı şirkətlərə icarəyə verərək, ümumilikdə, 1 milyon 374 min manat məbləğində gəlirlərin Cəmiyyətin kommunal xidmət və sair xərclərinin ödənilməsinə sərf olunmasına dair digər səhmdarlara yalan məlumat verməklə 13 min 373 manat məbləğində dividentləri vahid qəsdlə ələ keçirməsi, zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməsinə şübhələr müəyyən edilib.

üseyn Abdullayevə hədə-qorxu ilə tələb etmə, qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma və digər əməllərlə bağlı ittiham verilib. İş üzrə zərərçəkmiş şəxs qismində 28 nəfər tanınıb. Bakı Hərbi Məhkəməsinin hökmünə əsasən Hüseyn Abdullayev 6 il müddətinə azadlıqdan məhrum olunub.

2 il sonra, 2020-ci ilin avqustunda, Vətən müharibəsndən  1 ay əvvəl Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı keçmiş səfiri Eldar Həsənov tutulub. 1995-2000-ci illərdə Azərbaycanın baş prokuroru, daha sonra isə 12 il Rumıniyada, 2013-cü ildən də Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı səfiri olan E.Həsənovu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları saxlayıb. O, Xarici İşlər Nazirliyinin DTX-da istintaqı aparılan əməkdaşları haqqında cinayət işi üzrə məsuliyyətə cəlb edilib. Avqustun 24-də E.Həsənov haqqında cinayət işi həmin isidən ayrılıb, istintaqının davam etdirilməsi üçün Baş Prokurorluğa göndərilib. E.Həsənova qarşı Cinayət Məcəlləsinin (CM) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 308-1.1 (büdcə vəsaitlərini təyinatı üzrə istifadə etməmə) maddələri ilə ittiham irəli sürülüb. Bu maddələrdə 7 ilə qədər həbs cəzası nəzərdə tutulub. E.Həsənov ittihamları qəbul etmir və özünü təqsirli bilmir.2021-ci ilin yanvarında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna (KİVDF) uzun illər rəhbərlik etmiş Vüqar Səfərli saxlanılıb.


Dövlət büdcəsindən KİVDF-ya ayrılan vəsaitlərin xərclənməsi zamanı aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar Hesablama Palatasından daxil olmuş materiallar üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Fondunun sərəncamında olan əmlakın həmin qurumun İcraçı direktoru və əməkdaşlarının digər şəxslərlə əlbir olmaqla şəxsi maraqlarına uyğun istifadə etmələrinə, fəaliyyətin ayrı-ayrı istiqamətləri üzrə proqramların və vəzifələrin icra edilməsi adı ilə rəsmi sənədlərə yalan məlumatlar daxil edilərək  xüsusilə külli miqdarda ziyan vurulmaqla mənimsəmələrinə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasına və digər qanunsuz əməllər törətmələrinə əsaslı şübhələr müəyyən edilib.

Belə ki, aparılmış istintaqla müəyyən edilib ki, Fondun icraçı direktoru Səfərli Vüqar Müzəffər oğlu, "Portos” MMC-nin direktoru Məmmədov Nadir Məhərrəm oğlu və qeyriləri ilə qabaqcadan əlbir olaraq mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və yaşayış evlərinin tikintisi ilə bağlı 2013-2019-cu illər ərzində dövlət tərəfindən KİVDF-yə ayrılmış vəsaiti layihə və smeta sənədlərində iş həcmini əsassız şişirdib, işlərin və materialların dəyərini müəyyən edilmiş qiymətlərdən artıq göstərilməklə  "Portos” MMC-nin bank hesablarına köçürüb. Bununla da mətbuat işçiləri üçün Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə, Bibiheybət qəsəbəsi ərazisində yaşayış binalarının tikintisi üzrə ayrılmış xüsusilə külli miqdarda pul vəsaitini mənimsəyib, qeyd edilən cinayət əməllərinin aşkar olunmasının qarşısını almaq məqsədilə əlbir olduğu şəxslərlə birlikdə yerinə yetirilmiş işlərin qəbulu haqqında "Forma 2” aktlarında ayrılmış vəsaitlərin tam həcmdə binanın tikintisinə sərf edilməsinə dair yalan məlumatlar daxil edib şəxsən təsdiq etməklə vəzifə saxtakarlığı da törədib.


Ondan 1 ay sonra isə sabiq nazir Səlim Müslümov tutulub.

2013-cü ildən 2018-ci ilin aprelinə kimi əmək və əhalinin sosial müdafiəsi naziri postunu tutan Səlim Müslümovun böyük yeyintiləri 2021-ci ilin fevralında onu həbsə apardı.

Səlim Müslümov vəzifədən uzaqlaşdırılandan sonda belə xəbərlər vardı ki, Sahil Babayev əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsinə təyin olunar-olunmaz adıçəkilən nazirlikdə ciddi kadr islahatlarına start verməklə yanaşı, Səlim Müslümovun zamanında yol verilən nöqsanların, yeyinti faktlarının araşdırılması ilə bağlı xüsusi tapşırıq verib. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondundan böyük həcmdə vəsaitin yoxa çıxmasının da məhz həmin yoxlamalar nəticəsində üzə çıxdığı iddia olunurdu.

Hətta belə iddialar da vardı ki, Müslümov nazir olduğu dönəmdə 1 milyard manatdan artıq vəsaiti ələ keçirə bilib.

Ona həbsindən əvvəl həmin vəsaitin geri qaytarılması təklif olunsa da, Müslümov bundan imtina edib. Keçmiş nazirin həbsi ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) yaydığı məlumatda bildirilirdi ki, nazir işlədiyi dövrdə çoxsaylı sui-istifadə hallarına yol verməsinə dair faktlar araşdırılıb. Açıqlamaya görə, onun özü üçün qanunsuz üstünlüklər əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən tamah niyyəti ilə istifadə etməsinə, əlillər üçün fərdi yaşayış və internat evlərinin tikinti-təmirinin aparılması işlərini yerinə yetirən fiziki və hüquqi şəxslərə ayrılmış pulun bir hissəsinin tələb edilərək alınmasına əsaslı şübhələr yaranıb. Səlim Müslümovun təkrar rüşvət almasına dair məlumatlar əldə olunub. Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Bu ilin martında daha bir səs-küylü həbs baş tutdu. General-leytenant Rövşən Əkbərov 19 il əvvəl Ukraynada törətdiyi qətlə gərə qandallandı. Onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Rövşən Əkbərov Bakı və Şəmkir korpuslarının komandiri olub.

Habelə, hazırda 10-0a yaxın icra başçısı da həbsdədir. "Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov "Yeni Müsavat”a deyib ki, Azərbaycandakı münasibətlər sistemi əksər vəzifəli şəxslərin istintaqa cəlb edilərək həbsə alınmasına yol açmaq gücündədir: "Azərbaycanda məhkəmə-hüquq sistemində aparılan islahatları yetərli adlandırmaq demək olar ki, mümkünsüzdür. Bu gün məhkəmələrdə çıxarılan hökmlərə, verilən qərarlara baxanda bunu aydın şəkildə sezmək olur. Ortada siyasi iradə olsa da, kadr problemi məsələnin köklü həllinə imkan vermir. Köhnələr daha çox  qaydalarla üstünlük verir, sadəcə qanuna uyğun işləyə bilmirlər. Yeni gələnləri də məhz qaydalarla işləməyə məcbur edən mühit yaradırlar. Odur ki, məhkəmə-hüquq islahatlarından gözlənilən nəticə ortada yoxdur. Bu baxımdan kimlərinsə həbs yerlərindən daha tez, kimlərinsə tam şəkildə cəza çəkəndən sonra azad ediləcəyini söyləmək çətindir. Mümkündür ki, sabiq deputat Hüseyn Abdullayevə növbəti dəfə humanist münasibət sərgilənsin, onun keçmiş xidmətləri nəzərə alınsın. Vüqar Səfərlinin vurduğu ziyanı tam şəkildə ödəməsi müqabilində yüngül cəza ilə azad edilməsi perspektivi var. Eldar Həsənov, Rövşən Əkbərovla bağlı isə o qədər də optimist fikirlər söyləmək çətindir. Eldar Həsənov Vətən müharibəsinə 1 ay qalmış tutulub, Rövşən Əkbərov isə Vətən müharibəsinin qızğın çağında tutduğu vəzifədən uzaqlaşdırılıb. Bu iki şəxsə verilən ittihamlar öz yerində, onlara hakimiyyətin münasibəti kəskindir”.

Natiq Ələsgərov deyir ki, Səlim Müslümovun da daha yüngül cəza ilə azad edilmə şansı qalır: "Vüqar Səfərli kimi ona qarşı da kəskin münasibət yoxdur. Səlim Müslümov külli miqdarda yeyintidə ittiham olunur. O, mənimsədiyi məbləği qaytaracaqsa, müharibədən çıxmış dövlətin büdcəsinə keçirəcəksə, Səlim Müslümovun həbsdə qalması kimsəyə lazım deyil. Həmin məbləği ödəməsə, Səlim Müslümov ona veriləcək cəzanı tam şəkildə, "günə gün” çəkməli olacaq. Vüqar Səfərli də onun kimi cəzası bitən günə qədər həbsdə saxlanılacaq”.

Demokrat.az