Şəfəqə Doğru » Gündəm » Paşinyan postmüharibə dövrünün QİSASINI ALACAQ... - Düşmən ölkədə DİKTATURA TƏDARÜKÜ

Paşinyan postmüharibə dövrünün QİSASINI ALACAQ... - Düşmən ölkədə DİKTATURA TƏDARÜKÜ

Paşinyan postmüharibə dövrünün QİSASINI ALACAQ... - Düşmən ölkədə DİKTATURA TƏDARÜKÜ
Ermənistanda seçkidən qalib çıxmış Nikol Paşinyan yeni hökumətin tərkibinin formalaşdırılması ilə məşğuldur. Onun kadr seçimində baş nazirə sədaqət faktoruna ciddi önəm verdiyi xüsusi olaraq vurğulanır. Bəzi yerli politoloqlar Paşinyanın yeni dönəmdə diktaturaya meyillənəcəyini iddia edirlər. Digərləri isə Paşinyanın "sərt mövqeyinin” yeni hökumətdə baş nazirin avtoritetinin yüksəldilməsinə və daxili nizam-intizamın möhkəmləndirilməsinə ehtiyacın olması ilə izah edirlər. Hesab olunur ki, yaxın gələcəkdə Ermənistanın yeni hökumətinin atmağa hazırlaşdığı bir sıra önəmli addımlar Paşinyanı öz ətrafını möhkəmləndirməyə məcbur edir.

Ermənistanda "kadr qırğını” siyasəti tətbiq ediləcək

Paşinyanın yeni hökuməti formalaşdırmasının uzun çəkəcəyi, etimad göstərdiyi siyasi kadrların sayının kifayət qədər olmadığı bildirilir. Erməni nəşrlərinin yazdığına görə, Paşinyanın etibarını qazanmamış heç bir şəxsə nazirlik həvalə edilməyəcək. Məsələn, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib ki, ölkədə "kadr qırğını” həyata keçirəcəyik: "Biz kadr qırğını sözünü vermişik və mütləq olacaq. Ümumiyyətlə, dövlət sistemi güclü olmalı və birmənalı olaraq qalib gəlmiş qüvvəyə xidmət etməlidir. Sistemi islah edəcəyik, sistem çoxsaylı islahatlara tab gətirməlidir”. Qriqoryanın sözlərinə görə, Robert Koçaryanın bloku Levon Ter-Petrosyanın aqibətini yaşayacaq.

Ermənistanın yeni xarici işlər naziri kim olacaq?

Səlahiyyətlilər arasında hazırda Ermənistan Xarici işlər naziri vəzifəsinə namizəd axtarışları da var. "Joğovurd” nəşri yazıb ki, mayın 27-dən Ermənistan Xarici İşlər Nazirliyi nazir və nazir müavinlərinə malik deyil: "Hazırda hakimiyyətin axtarışları Ermənistanın polis rəisinin müavini Mher Qriqoryanın üzərində dayanıb. Məsələ burasındadır ki, Qriqoryan rus dairələri tərəfindən qəbul edilib, müəyyən təcrübəyə malikdir və bu səbəblə də ən mümkün namizəd hesab olunur”. Nəşr bənzər vəzifə təklifini alıb-almadığını şəxsən Mher Qriqoryandan aydınlaşdırmağa çalışıb. Qriqoryan qeyd edib ki, özünün təyin edilməsi haqqında hər hansı məlumata sahib deyil: "Hazırda hökumətin formalaşdırılması ilə bağlı məsələləri şərh etmirəm”.

Ermənistanda anarxiya hökm sürür və ölkə sanki inersiya ilə idarə olunur

"Joğovurd” iddia edib ki, iyunun 20-də Ermənistanda baş tutmuş növbədənkənar parlament seçkilərinin artıq keçmişdə qalmasına baxmayaraq, Ermənistanda anarxiya hökm sürür və ölkə sanki inersiya ilə idarə olunur: "Hazırda Ermənistan hökumətində hər kəs müvəqqəti əvəzedicidir. Daxilində istefalar başlayan qurumlar var və bu vəziyyətdə Ermənistan hökumətinin lazım olan şəkildə işlədiyini söyləmək çətindir. Üstəlik, ölkədəki bu anarxiya atmosferi artıq uzun müddətdir davam edir. Ümumiyyətlə, 2020-ci il Ermənistan üçün çətin olub, sentyabrın 27-dən sonra başlamış müharibə isə ölkəni inersiyaya qoyub.

"İl yarımdan sonra yeni seçki tələbi yaranacaq”

Ermənistanın keçmiş prezidenti, "Ermənistan” blokunun rəhbəri Robert Koçaryan isə yenə öz ampluasındadır və bütün vasitələrlə Paşinyanı nüfuzdan salmağa çalışır. Koçaryan yaxın dönəmdə yeni parlament seçkisinin keçiriləcəyinin qaçılmaz olduğunu deyib. Onun sözlərinə görə, növbədənkənar seçkilər siyasi böhrandan çıxmaq üçün keçirilir. Ölkədə böhran müharibədəki məğlubiyyət, insan itkiləri nəticəsində yarandı, ancaq seçkilər bunu həll edə bilmədi: "Çünki böhran bu komanda hakimiyyətdə olduğu zaman yarandı. Seçkilər qarşıya qoyulan hədəfi həll etmədi və böhranın səbəbi aradan qaldırılmadı. Bu da o deməkdir ki, niyə məğlub olduq, niyə beş min nəfər öldü, Şuşa və Hadrut necə itirildi suallarına cavab almayacağıq və 5 milyardlıq razılaşmaya dair şübhələr heç yerə getməyəcək”. Onun sözlərinə görə, bu qədər sualla siyasi konsolidasiyadan danışmaq mümkün deyil: "Mənim proqnozlarıma görə, yeni seçkilərin keçirilməsi tələbi il yarımdan sonra yaranacaq”.

"Koçaryan Ermənistanda baş verəcək dövlət çevrilişinin anonsunu verir”

Ermənistanda seçkidən sonra yaşanan prosesləri "Şərq”ə təhlil edən siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev bildirib ki, Koçaryan Ermənistanda hakimiyətdə olan ən hiyləgər, ikiüzlü, satqın, adioz fiqurdur. Professor vurğulayıb ki, Koçaryan "oxumuş əclaf”dır:

"Azərbaycanda doğulub böyüsə də, türklərə qarşı nifrətinin həddi-hüdudu yoxdur. Hər zaman erməni xislətinə uyğun davranıb. Hazırkı dönəmdə Koçaryanın səsləndirdiyi bütün ifadələr Rusiyanın təlimatlarıdır. Niyə məhz il yarımdan sonra seçkilərə tələb yaranacağını deyir? Moskva hesablayır ki, ən azından il yarım ərzində Azərbaycanın Qarabağa tam yerləşməsi mümkün olmayacaq və ictimaiyyət arasında müəyyən narazılıqlar baş qaldıracaq. Bu müddət ərzində ruslar ermənilər arasında təbliğat aparacaqlar. Ancaq Kreml və dəstək verdikləri Koçaryan bu məsələdə yanılır. Çox güman ki, özü də absurd danışdığının fərqindədir. Görünür, Koçaryan bir ildən sonra Ermənistanda baş verə biləcək dövlət çevrilişinin anonsunu vermək istəyir. "Qarabağ klanı”nın hakimiyyəti ələ keçirməsinə hüquqi don geyindirmək üçün yenidən parlament seçkisinin keçirilməsindən bəhs edir. Şübhə yox ki, bu, Rusiyanın planıdır”.

"Ermənistanı indiki duruma salan Koçaryan-Sarkisyan tandemidir”

Politoloq vurğulayıb ki, "5 milyard, Şuşa və Hadrut” məsələsini yenidən gündəmə gətirən Koçaryan hələ də "Qarabağ klanı”nı təmizə çıxartmağa çalışır. Halbuki, Koçaryan-Sarkisyan cütlüyünün hakimiyyəti dövründə həyata keçirilən cinayətlər, mənimsəmələr, quldurluqlar erməni xalqına yaxşı məlumdur: "44 günlük savaşda ağır məğlubiyyətə düçar olmaq və yaranmış dərin siyasi-iqtisadi böhran heç də Paşinyanın günahı deyil. Ermənistanı indiki duruma salan əsas siyasi qruplaşma Koçaryan-Sarkisyan tandemidir. Ona görə də hər fürsəti dəyərləndirərək Paşinyanı gözdən salmağa səy göstərirlər. Lakin indiki halda Paşinyanın fərqli addım atması qeyri-mümkündür. Beynəlxalq erməni diasporasının üzvləri, ABŞ-dakı məşhur Sasonyan da etiraf edir ki, Ermənistan müharibəni uduzduğuna görə qalib tərəfin bütün şərtlərinə əməl etməlidir. Çünki savaşı qazanmış Azərbaycan diktə edən tərəfdir”.

"Koçaryanın açıqlamaları daxili auditoriya üçündür”

C.Nuriyevə görə, Koçaryanın açıqlamaları daxili auditoriyaya hesablanmış "proqnozlardır” və özünü doğrultma ehtimalları sıfırdır: "Qarabağ klanı”nın xam xəyallarına inanan üç-beş erməni qalıb. Zamanla onlar da həqiqəti anlayacaqlar. Görəcəklər ki, bir müddət sonra Şuşa, Hadrut ermənilərə qayıtmayacaq, əksinə, indi yaşadıqları Xankəndi, Xocavənd, Xocalı birmənalı şəkildə Azərbaycanın nəzarətinə keçəcək. 4-5 il ərzində Qarabağda 5 min erməninin qalacağı sual altındadır. Torpaqlarımızda ermənilərin qalıb-qalmamasına isə rəsmi Bakı qərar verəcək. Həm də il yarıma qədər Rusiyanın özü hansı vəziyyətdə olacaq, onu da Allah bilir. Şimal qonşumuzun çox ciddi problemləri var. Rusiyada hakimiyyət-xalq qarşıdurması güclənir”.