Şəfəqə Doğru » Gündəm » İkinci Qarabağ müharibəsi iştirakçısı: “İntihar həddinə çatmışam”

İkinci Qarabağ müharibəsi iştirakçısı: “İntihar həddinə çatmışam”

İkinci Qarabağ müharibəsi iştirakçısı: “İntihar həddinə çatmışam”
"Medalın, adın əhəmiyyəti yoxdur, biz onlar üçün döyüşməmişik. Amma vətənə şərəflə, ləyaqətlə xidmət edənlərin qıraqda qalıb, hərbi formasına hörmət etməyənlərin medalla təltif olunması bizi incidir”.

​​​​​​Bu sözləri "Toplum TV”-yə İkinci Qarabağ Müharibəsi iştirakçısı Sərxan Abbasov söyləyir.

Gizir Abbasov 3 ildir ki, Murovdağdakı N saylı hərbi hissədə xidmət edir. Sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsində iştirak edib və elə ilk gün snayper hücumu nəticəsində yaralanıb.

Sərxan Abbasov - Toplum TV

"Həmin gün biz korpus komandirimizin əmri ilə "Canavar sol” yüksəkliyini düşməndən azad etmişik. "Canavar sağ” yüksəkliyi isə Xüsusi Təyinatlı Qüvvələr tərəfindən alınıb. Mən o döyüşdə yaralandım, tabor komandirim mayor Rahib Babayev, bölük komandirim kapitan Rövşən Pənahov ayın 30-da həmin yüksəklik uğrunda gedən döyüşlərdə şəhid olublar. Onlar döyüş mövqeyindən çıxarılandan sonra post bizim əsgərlərimiz tərəfindən müdafiə olunub.

Oktyabrın 1-də bizim tabor və XTQ azad etdikləri yüksəklikləri Şəmkirin N saylı briqadasına təhvil verib”.

Sərxan Abbasov - Nəcəf Ruslanoğlu

Sərxan Abbasovun sözlərinə görə, Müdafiə Nazirliyi onların vuruşduğu "Canavar sol” yüksəkliyinin də XTQ tərəfindən azad olunduğunu deyir: "Mən Müdafiə Nazirliyinə sübut edə bilmirəm ki, həmin yüksəklik Milli Ordunun birinci taboru tərəfindən azad olunub, XTQ tərəfindən yox”.

Şikayətçi bunu sübut edən videoların da olduğunu qeyd edir.

"XTQ üzvləri layiq olduqları orden, medal, fəxri adlarla təltif olunurlar, amma biz təltif olunmuruq. Xüsusi Təyinatlı Qüvvələrin şəhid kapitanı "Vətən Müharibəsi Qəhrəmanı” adı ilə təltif olunur, amma mənim tabor komandirim Rahib Babayev yox. Niyə?”

S.Abbasov deyir ki, Müdafiə Nazirliyi bunun səbəbini 3-cü ordu korpusunun uğursuzluğu ilə əlaqələndirir: "Nazirlik 3-cü ordu korpusunun döyüşlərinin uğursuz olduğunu bildirir. Sən demisən, get, bu yüksəkliyi götür, biz də götürmüşük. Korpus komandiri Xəqani Cəbrayılovla tabor komandirimiz Rahib Babayevin söhbəti olub. Bizim komandir dəfələrlə deyib ki, biz postu götürmüşük, düşməndə buranın koordinatları var, burada qala bilmərik. Xəqani Cəbrayılov komanda verib ki, olduğunuz yerdə qalın. Bizim döyüşçülər sizin məsuliyyətsizliyiniz ucbatından şəhid olub, niyə uğursuz biz oluruq?”

Sərxan Abbasov - Toplum TV

Sərxan Abbasov iddia edir ki, Gədəbəydəki N saylı briqadanın üzvləri müharibədə iştirak etməyə-etməyə medalla təltif olunublar.

"Kadrlar şöbəsinin rəisi, onun köməkçisi, maliyyə şöbəsinin rəisi, şəxsi heyətin uçotlar bölməsinin rəisi "Kəlbəcər uğrunda” medalı alıblar. Mən Kəlbəcər uğrunda döyüşüb, yaralanıb medal alıram, adam arxada otura-otura alırsa, bizim fərqimiz nə olur? Nazirliyin qabağındakı aksiyada polkovnik-leytenant rütbəli şəxs mənə deyir ki, sən və sənin döyüşçü yoldaşların "Kəlbəcər uğrunda” medalını haqsız yerə almısınız. Sual edirəm, bəs Gədəbəydə oturanlar haqlı olaraqmı alıb?
İntihar həddinə çatmışam. Az qalıram bir məktub yazım, qoyum stolun üstünə ki, müdafiə nazirinin, nazirlikdə oturan generalların ucbatından mən özümü öldürürəm”.

İki medalla təltif edilmiş Abbasov döyüş yoldaşlarının, şəhid olmuş tabor komandirinin haqlarının tapdanmasından şikayətçidir: "Döyüş yoldaşlarım səslərini çıxara bilmirlər, mən orduya yararsız olduğum üçün 3 gündən sonra tərxis olunacam deyə rahat danışa bilirəm. Mən 18-20 nəfər döyüşçü yoldaşıma, şəhid olan tabor komandirimə qarşı olan haqsızlıqlardan danışıram. Mən onun döyüşçüsü olaraq bunu tələb edirəm, çünki haqqıdır”.

Sərxan Abbasov nazirliyə 2 dəfə məktub yazdığını, amma əsaslı cavab ala bilmədiyini deyir.

Telman Əbilov: "Müharibə qurbanları taleyin ümidinə buraxılıblar”

Telman Əbilov - sosial media

Hərbi ekspert Telman Əbilovun sözlərinə görə, S.Abbasov Müdafiə Nazirliyinə ərizə ilə müraciət etməli, nazirlik ona 1 ay ərzində cavab verməlidir. Əgər nazirliyin cavabı şikayətçini qane etməsə, məhkəməyə müraciət oluna bilər:"Məhkəmənin nəticəsi isə şikayətçinin təqdim edəcəyi sübutlardan asılı olacaq. Birinci Qarabağ müharibəsində yüzlərlə adam özünün müharibədə iştirakını məhkəmə vasitəsilə sübut etdi və veteran vəsiqəsini aldı. İndi veteran adı almaq Qarabağı almaqdan çətindir. Şikayətçi istəsə, mən məhkəməyə müraciətilə bağlı ona kömək edə bilərəm”.

Ekspert deyir ki, Xəqani Cəbrayılov barədə artıq araşdırma gedir, onun məsuliyyətsizliyinə görə döyüşçülərin haqqı pozulmalı deyil.

"Mənim hesablamalarıma görə, təxminən 140-150 min adama orden və medal verilib. Axı 150 min adam heç müharibədə iştirak etməyib, hardan çıxarırlar bunu? Bəlkə də bunların yarısı saxtadır, kiminsə tanışı, yaxınıdırlar deyə təltif olunublar”, - Telman Əbilov belə deyir.

O, qazi və şəhid ailələrinə lazımı diqqətin ayrılmadığı da vurğulayır: "Onların maddi təminatı, hüquqlarının qorunması ilə bağlı ciddi problemlər var. Çünki qazi və şəhid ailələrinin hüquqlarının müdafiəsi üzrə bir təşkilat yoxdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu adamların hüquqlarını qorumaq yerinə, pozmaqla məşğuldur. Ölkədə bu kateqoriyadan olan insanlar taleyin ümidinə buraxılıblar. Bu problem həll olunmasa, gələcəkdə ciddi partlayışa səbəb olacaq. 8-9 aydır ki, müharibə bitib, amma veteranlarla bağlı problemlər öz həllini tapmayıb. Nazirlər Kabinetində hələ də müzakirə gedir. İl tamam olur, daha nə qədər müzakirə edəcəklər?”

Vaqif Dərgahlı - Sosial media

Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi Vaqif Dərgahlı "Toplum TV”-nin S.Abbasov haqda sualına cavab olaraq deyib ki, hərbi nizamnaməyə əsasən şikayətçi raportla hərbi hissə komandirinə müraciət etməlidir.

Sərxan Abbasəliyevsə nazirlik nümayəndəsinin onu qəbul edib, dərdini dinləməsini istəyir. O, hərbi hissə komandirinə də müraciət etdiyini, ancaq heç bir nəticəsi olmadığını söyləyir.

Vaqif Dərgahlı "Toplum TV”-nin bununla bağlı sualına münasibət bildirməyib.