Şəfəqə Doğru » Gündəm » Xankəndinə gedən İran yükləri Xameneinin “fətvası”ndan ağır imiş - budurmu, Xameneinin “fətvası”, cənab Şeyx?

Xankəndinə gedən İran yükləri Xameneinin “fətvası”ndan ağır imiş - budurmu, Xameneinin “fətvası”, cənab Şeyx?

Xankəndinə gedən İran yükləri Xameneinin “fətvası”ndan ağır imiş - budurmu, Xameneinin “fətvası”, cənab Şeyx?
İranın Ali dini lideri ayətullah Seyid Əli Xameneinin illər əvvəl verdiyi "fətva”nın bizi 44 günlük müharibədə qələbəyə apardığını Qafqazın şeyxi Allahşükür Paşazadə yada salıb bəyan edəndən qısa bir zaman sonra məlum oldu ki, nə fətvası, cənub qonşudan yük maşınları Azərbaycandan icazə almadan, bizi saymadan, qanunsuz şəkildə Xankəndinə - dılğır erməniyə yenə yük daşıyırmışlar. Yəni fətvanın mənəvi yükü getdi öz işinə, İranın erməniyə yük daşıması əsasdır.
Anaxeber.info bildirir ki, ilk dəfə belə hal baş vermir, İran tərəfi tez-tez Qarabağdakı ermənilərə yük maşınlarıyla yardım aparıb. Savaş günlərində də TIR-lar Ermənistana yük aparırdı, sonra Bakının etirazı müəyyən qədər nəticə verdi. Amma müharibədən sonra da bu işi davam etdirdilər. Ən pisi isə elə budur: sən mənim suveren ərazimə icazəsiz soxul, Bakıdan soruşma, hələ riyakarlıq edib bizi torpaqların azad olunmasına görə təbrik et, altdan-altdan isə erməni yük apar. Buna sənə kim ixtiyar verib? Bəlkə "artsax” adlı qondarma separatçı rejimi legitim sayırsan, bilək...
İrandan Xankəndinə yük avtomobillərinin getməsi ona oxşayır ki, biz haçansa bu ölkədə münaqişə başlasa (məsələn, azərbaycanlıların daxildə ərazi və dövlət iddiaları olsa), Bakı Tehrana demədən Təbrizə yük daşısın. Görəsən İran rejiminin buna reaksiyası necə olar?
Biz hələ abır edib, cənub qonşunu nəzərə alaraq, 1992-ci ildən İsraildə səfirliyimizi açmırıq, hərçənd, artıq Ermənistan da açıb, amma yenə İranı narazı salmamağa çalışmışıq, bunlar isə başımızın üstündən iş görüb Xankəndindəki ermənilərin dərdini çəkirlər.
Anaxeber.info xatırladır ki, Prezident İlham Əliyev AzTV-yə son müsahibəsində xarici maşınlara erməni nömrələrinin yapışdırılaraq Laçın koridorundan keçməsi faktını dilə gətirmişdi. Bu açıqlama İrana replika idi. Yəni xarici maşın deyərkən İran yük maşınlarını nəzərdə tutmuşdu. Amma rəsmi Tehran dərs çıxarmadı və bu dəfə səbr kasası daşdı, Azərbaycan İrana rəsmi nota verməli oldu. Deməli, Xameneinin "fətvası”nın mənəvi yükü erməniyə daşınan yükdən ağır deyilmiş.
Maraqlıdır, İran niyə Qarabağdakı ermənilərin qayğısına qalır, nə üçün onlardan ötrü dəridən-qabıqdan çıxır?! Hansı dini, milli bağlılıq var ki, Xankəndində qalan 20-25 min erməniyə görə sinov gedirlər?
Onsuz da bir ovuc erməniyə Rusiya sülhməramlıları yardım daşıyır, ev, xəstəxana, məktəb tikir, Avropadan dəstək gəlir, Ermənistan da öz köməkliyini göstərir, bir yandan isə İran özünə əl qataraq ermənilərin "dərdinə” şərik çıxır. Budurmu, Xameneinin "fətvası”, cənab Şeyx?
Əslində, İrana verilən nota həm də yeni prezident İbrahim Rəisinin inaqurasiya mərasiminə gedən Azərbaycan rəsmilərinin ikitərəfli görüşdə qarşılanmasına, bayrağımızın asılmamasına, Paşinyanla görüşdə isə erməni bayrağının olmasına bir cavab idi. Yəni təkcə Xankəndinə görə yox, həm də edilən hörmətsizliyə bir siyasi nota idi.
Ümumiyyətlə, İran ermənipərəst siyasətindən imtina edənə oxşamır. Biz bunu birmənalı qəbul etməliyik və Tehranla münasibətlərdə gözləntilərimizi, yanaşmanı dəyişməliyik. Bizə aydın olmalıdır ki, bu rejimin idarəçiləri Qarabağ müharibəsi başa çatsa da, yenə ermənini üstün tutacaqlar.
Ona görə nota da verilməlidir, qanunsuz səfərlərlə bağlı sərt mövqe də hər zaman sərgilənməlidir. Çünki İrandan Xankəndinə nə vaxtsa yenə yük maşınları gedəcək, onlar bu siyasətdən tamamilə əl çəkən deyillər.
Biz isə cənub sərhədlərimizi tam bərpa etmişik, indi Qarabağın dağlıq əazilərində suverenliyi təmin etməklə İranın molla ağzını birdəfəlik yuma bilərik, buna qədər yük maşında gizli şəkildə gedəcəklər.
Ümumiyyətlə, İran erməni siyasətini Zəngəzur dəhlizi açılana qədər davam etdirəcək. Onu da demək lazımdır ki, ölkənin siyasətini ali dini lider müəyyən edir.
Bu ölkədə prezidentlərin səlahiyyətləri ayətullah qədər deyil, o baxımdan Şeyx verdiyi açıqlamanın mahiyyətini bir daha düşünə bilər - Xameneinin "fətvası”, yoxsa Xankəndinə göndərdikləri yük daha vacibdir?
Bu yerdə Mirzə Müşfiq Kazıminin "Qorxulu Tehran” əsərində yazılanlar yada düşür: "Onlar daim şimala baxır, şimaldakı qonşularını özlərinə təhlükə sanırdılar və bu səbəbdən də həmin müsəlman, dini dinlərindən, qanı qanlarından, canı canlarından olan insanları sanki məhv etməyə can atırdılar...”
Anaxeber.info