Şəfəqə Doğru » Gündəm » Ramiz Göyüşov məhkəmədə fərqli ifadə verdi - AÇIQLAMA

Ramiz Göyüşov məhkəmədə fərqli ifadə verdi - AÇIQLAMA

Ramiz Göyüşov məhkəmədə fərqli ifadə verdi - AÇIQLAMA
Bu gün Nəsimi Rayon Məhkəməsində hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən "Azadinfo.az” MMC-nin təsisçisi Mahir Ələkbərovun (Xəttab) cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib. Shafaqadogru.com  bildirir ki, bu barədə M.Ələkbərovun vəkili Araz Nurməmmədov məlumat verib.

Vəkil bildirib ki, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib: "Daha sonra təqsirləndirilən şəxs ifadə verib. O, ifadəsində özünü təqsirli bilməyib. Mahir Ələkbərov dindirilən zaman Ramiz Göyüşova hədə-qorxu gəlmədiyini, bu yolla ondan pul tələb etmədiyini deyib".

A.Nurməmmədovun sözlərinə görə, prosesdə zərərçəkmiş Ramiz Göyüşov da ifadə verib: "Ramiz Göyüşovun ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyətlər oldu. Daha sonra onun istintaqa verdiyi ifadəsi elan edilib".

Növbəti proses dekabrın 24-də davam edəcək.

Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan əməliyyat-istintaq tədbirləri ilə M.Ələkbərovun həmin dövrdə Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının sədri vəzifəsini icra edən Ramiz Göyüşov barəsində qeyri-etik videogörüntüləri "Azadinfo.az" xəbər paylaşım platformasında və digər xəbər saytlarında qəsdən yaydıqdan sonra həmin məlumatların yayılmasının qarşısının alınması üçün sonuncunun özü ilə görüşməsinə nail olaraq, bu görüntülərin qeyd edilən səhifədən silinməsi məqsədilə ondan ümumilikdə 2 min manat məbləğində pul vəsaitini hədə-qorxu ilə tələb edib almasına əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanan kifayət qədər sübutlar əsasında M.Ələkbərova Cinayət Məcəlləsinin 182.1 (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham elan edilərək məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və cinayət işi baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.