2021-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycanın idxal etdiyi malların dəyəri 21,2 faiz yüksəlib.
Shafaqadogru.com Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ən çox bahalaşma qiymətli metal və daşlarda, boya və laklarda, fota və kino mallarında, heyvan mənşəli yağlarda müşahidə edilib. Adıçəkilən mallarda qiymət artımı 46-50 faiz intervalında baş verib.
Qiymət artımı yüksək olan digər mallardan rezin məmulatların (44,6 faiz), mineral məhsulların (37 faiz), o cümlədən neft məhsullarının (39 faiz), plastmaslar və ondan hazırlanan məhsulların (37 faiz), oyuncaqların (35 faiz), dəri məmulatların (34 faiz), toxuculuq mallarının (31 faiz), azqiymətli metalların (31 faiz), ayaqqabı və baş geyimlərinin (25 faiz) adını çəkmək olar.
Ümumilikdə, ərzaq məhsulları ilə müqayisədə qeyri-ərzaq mallarının daha çox bahalaşması qeydə alınıb.
Qeyd edək ki, Azərbaycanda satılan malların təxminən 40 faizi idxal mallarından ibarət olduğundan bu məhsullarda baş verən yüksək qiymət artımı ölkəmizdə inflyasiya sürətini gücləndirir. Bunun nəticəsidir ki, bu il ölkəmizdə inflyasiya sürəti 6 faizi ötərək son 4 ilin ən yüksək səviyyəsinə çatıb.
Vasif
Sfera.az