Şəfəqə Doğru » Gündəm » 2024-cü ilə hesablanan Putin-Bayden dueli - Hansı tərəf hakimiyyətini itirəcək?

2024-cü ilə hesablanan Putin-Bayden dueli - Hansı tərəf hakimiyyətini itirəcək?

2024-cü ilə hesablanan Putin-Bayden dueli - Hansı tərəf hakimiyyətini itirəcək?
"2024-cü ildə həm Rusiyada, həm də ABŞ-də növbəti prezident seçkiləri keçirilməlidir. Bu gün Ukrayna üzərində gedən ABŞ-Rusiya savaşı, əslində, həm də 2024-cü ilə hesablanmış Putin-Bayden duelidir”.

Shafaqadogru.com  xəbər verir ki, bu sözləri politoloq Elxan Şükürlü qeyd edib.

Onun sözlərinə görə, Putin Ukraynada məğlub olarsa, bu, təkcə onun hakimiyyətdən uzaqlaşdırılmasıyla bitməyəcək, bütün Rusiyanın çöküşü demək olacaq: 

"Daxildə iğtişaşlar başlayacaq, Moskvanın qurduğu bloklar, ittifaqlar dağılacaq, Rusiyaətrafı qurşaqda isə Kremlin təsir dairəsindəki ölkələrin hamısı ondan üz çevirərək, Qərbə üz tutacaqlar!

Bayden Ukraynada məğlub olsa, bu, demokratların mövqeyinə ağır zərbə vurmaqla, respublikaçıların reytinqini artıracaq və xüsusən də Trampı haqlı çıxarmaqla, onun 2024-cü ildə yenidən hakimiyyətə qayıdışı prosesinə də çox böyük təkan verəcək.

Xatırladım ki, ABŞ-də 2020-ci ildəki prezident seçkilərində Rusiyanın birmənalı dəstək verdiyi Trampı məğlub edən Bayden prezidentliyinin ilk aylarındaca – 2021-ci ilin martında artıq əsas hədəfinin məhz Putini hakimiyyətdən salmaq olduğunu rəsmən elan etmişdi. O, "ABC" telekanalına müsahibəsində Rusiya prezidentini "qatil” adlandırmışdı”.

Politoloq qeyd edib ki, bu gün Ukrayna Prezidenti Zelenskinin Rusiyaya qarşı inadlı müqavimətini, dirənişini təşkil etməklə, Bayden məhz Putin haqda söylədiklərinə "dəlil-sübut” toplayır: "Putinin dinc Ukrayna əhalisini kütləvi qırmağa təhrik edən əmrlər verməsi, onun bütün dünyada işğalçı və qatil imicini formalaşdırıb. 

Bu işdə Zelenski Baydenə ikinci dəfə öz misilsiz xidmətini göstərir".

Ekspert Zelenski ilə Trampın 2019-cu ildəki telefon danışığını xatırladıb:

"Zelenskinin prezidentliyinin ilk aylarında – 2019-cu ilin avqustunda o vaxtkı ABŞ prezidenti Trampla telefon danışığı olmuşdu və sonradan mətbuata sızdırılan həmin telefon danışığı üzə çıxarırdı ki, Tramp Zelenskidən gələcək rəqibi olacaq Baydenin Ukraynada bizneslə məşğul olmuş oğlu Hanterin barəsində "çirkli pulların yuyulması” ilə bağlı cinayət işinin təzələnməsini istəyib.

Zelenski isə bu işi Baş Prokurorluğa həvalə etdiyini desə də, Trampa heç bir əsaslı dəlil-sübut təqdim etməmiş, beləliklə, Baydenin seçilməsində maraqlı olduğunu ifadə etmişdi.

Bayden prezident seçildikdən sonra isə Zelenskinin bu xidməti unudulmadı, ona ABŞ-nin dəstəyi daha da artdı. Nəticədə, Rusiyanın gözləntilərinin əleyhinə olaraq, Zelenski Donetsk və Luqanskla bağlı seçkiqabağı vədlərindən geri çəkildi, Putinə qarşı cinahda - Baydenin yanında yer almağa üstünlük verdi”.

Turan Rzayev