Şəfəqə Doğru » Gündəm » "Rusiya ilə NATO arasında nüvə müharibəsi ehtimalı artır" - AÇIQLAMA

"Rusiya ilə NATO arasında nüvə müharibəsi ehtimalı artır" - AÇIQLAMA

"Rusiya ilə NATO arasında nüvə müharibəsi ehtimalı artır" - AÇIQLAMA
"Ukraynanın silahla təmin edilməsi NATO ilə Rusiya arasında potensial münaqişə ehtimalını artırır, nüvə müharibəsinə çevrilə bilər. Bu isə hamı üçün fəlakətli ssenaridir”. 
 
Bunu dünən Rusiya Təhlükəsizlik Şurasının rəhbərinin müavini Dmitri Medvedev deyib.

Maraqlıdır, Rusiya ilə NATO arasında açıq müharibə başlaya bilərmi?

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, Rusiya prezidentinin sözçüsü Dmitri Peskovun dünən Qərbə xəbərdarlıq etdiyi nəzərə alınmalıdır:

"O deyib ki, Ukraynadakı hərbi əməliyyatlara müdaxiləyə cəhd edən tərəflərə sərt cavab veriləcək. İndiyə kimi oxşar açıqlamalar dəfələrlə verilib. Məgər Kreml Qərbin Ukraynaya dəstəyindən xəbərsizdir? Əlbəttə, yox. Elə isə niyə dediklərini indiyədək əməldə göstərmir?! Bu ritorik sual onu deməyə əsas verir ki, Rusiya rəsmilərinin, o cümlədən Medvedevin açıqlaması reallıqdan daha çox blefdir. Kreml heç bir halda alyansla toqquşmaya getməz. Bu, onsuz da durumu yaxşı olmayan Rusiyanın məhvi olmaqla yanaşı, həm də bəşəriyyət üçün ciddi təhdiddir”.

Müsahibimizin sözlərinə görə, NATO-nun Rusiyanı bilərəkdən potensial toqquşmaya çəkmək ehtimalı da var:

"Çünki alyans Kremli zəiflətmək, onu idarəolunan hala gətirmək istəyir. Ukraynada hələlik məqsədinə çatmadığını görən Qərb Rusiyanın durumunu bir az da ağırlaşdırmaq məqsədilə Kremli təhrik edə bilər. Hərçənd yaxın gələcək üçün bu da ağlabatan görünmür. Çünki bu halda, Qərbin Rusiyanı zəiflətmək ambisiyası ağır nəticələrə səbəb ola bilər. Bu mənada hələlik Rusiya ilə NATO arasında açıq qarşıdurma və Medvedevin dediyi kimi, nüvə müharibəsi gözlənilmir. Amma getdikcə bu ehtimal artır. Daha bir maraqlı məqam budur ki, Rusiya rəsmilərinin nüvə savaşına dair söylədikləri arasında ziddiyyət müşahidə olunur. Görünür, artıq daxili siyasi elitada parçalanma var və bu, tədricən daha da güclənəcək”.

Günay Rəsulqızı