Millət vəkilindən SENSASİON MÜSAHİBƏ: “Laçın koridorunu bağlaya bilərik”
- Tarix: 24-iyun-2022, 12:58 - Bölmə: Gündəm / Manşet - Baxış sayı: 49

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərovun  müsahibəsi:

– Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması prosesində ciddi irəliləyiş nəzərə çarpmır. Ermənistan tərəfinin mövqeyi sanki 44 günlük müharibədən öncəki vəziyyəti xatırladır. Sülh müqaviləsinin imzalanması prosesi uzanarsa, bu, bölgədə yeni eskalasiyaya gətirib çıxara bilərmi?

– Artıq Azərbaycan tərəfi regionda sabitliyin, sülhün bərqərar olması ilə bağlı təkliflərini irəli sürüb. Cənab prezident İlham Əliyev məsələ ilə əlaqədar 5 prinsip irəli sürüb və bu prinsiplər BMT-nin nizamnaməsində təsbit olunmuş prinsiplərə uyğundur. Əslində, Ermənistan özü də bu prinsipləri qəbul edib. Lakin açığı, bizə də məlum deyil ki, nə üçün Ermənistan şərtləri qəbul etdiyi halda sülh müqaviləsinin imzalanmasında maraqlı deyil. Bunu ölkədə revanşist qüvvələrin qisasçılıq hissi ilə, ölkədaxili nümayişlər, mitinqlərlə əlaqələndirirlər. Amma bütün bunlara baxmayaraq qəbul edilən bəyanatlar göstərir ki, Ermənistan öz üzərinə öhdəlik götürüb və bu məsələdən boyun qaçıra bilməz. Brüsseldə, Moskvada üçtərəfli görüşlər oldu və bu görüşlərdə hər şey razılaşdırıldı. Amma Paşinyan İrəvana qayıdan kimi fikri dəyişir. Əgər danışıqlarda bir sıra məsələlərdə razılıq əldə olunubsa, tərəflər öhdəlikləri yerinə yetirməlidirlər. Məsələn, kommunikasiya xətləri ilə əlaqədar Azərbaycan öz üzərinə düşən bütün öhdəlikləri yerinə yetirir, amma Zəngəzur dəhlizinin açılması ilə bağlı İrəvandan bir tərpəniş yoxdur. Niyə yoxdur?! Nəyi gözləyirlər?! Ermənistan Azərbaycana qarşı yenidən ərazi iddialarına son qoymalıdır. Əks halda Azərbaycan bunu çoxdan etməldir, çünki bizim buna haqqımız daha çoxdur: Qərbi, Şərqi Zəngəzur, Ermənistanın hazırda yerləşdiyi ərazi Azərbaycan torpaqlarıdır. Düzdür, biz indiyə qədər bu kimi iddialarla çıxış etməmişik, amma bizə qarşı belə iddialar olarsa, biz də ərazi iddiaları qaldıracağıq.

– Ziyafət müəllim, Rusiya və Qərb bölgədə vasitəçilik edirlər. Sizcə hansı tərəf sülh müqaviləsinin imzalanmasındakı səylərində daha səmimi görünür?

– Hesab edirəm ki, sülh müqaviləsinin imzalanması məsələsi Ermənistanla Azərbaycan arasındadır. Kimin necə görünməsi hazırda bizim üçün maraqlı deyil. Bizim üçün maraqlı odur ki, razılaşma var, danışıqlar baş tutub və nəticə etibarilə sülh müqaviləsi imzalanmalıdır. Azərbaycan buna hazırdır və mövqeyimizi bütün dünya bilir. Fəqət Ermənistan tərəfindən bununla bağlı bir addım atılmalıdır, təəssüf ki, bu addım yoxdur. Onlar əksinə, əvvəlki ərazi iddialarını qaldırırlar, revanşistlər isə təxtribatlara əl atır, Minsk Qrupundan danışırlar. O Minsk Qrupu ki, Bakı Qlobal Forumunda cənab Prezident bu təşkilatla sağollaşdı. 30 ildə heç bir iş görməyən təşkilat bundan sonra nə edəcək?! Artıq müharibə bitib, Azərbaycan öz torpaqlarını işğaldan azad edib. Bundan sonra geriyə o qalır ki, dövlətlər bir-birlərinin ərazi bütövlüyünü tanısınlar. Delimitasiya, demarkasiya xətlərini çəksinlər və sülh müqaviləsini imzalasınlar.

– Yuxarıda da qeyd etdiyiniz kimi, Paşinyanın danışıqlarda bir cür, İrəvana qayıtdıqdan sonra fərqli davranması onun dövlət adamı kimi imicinə zərbə vurur. Bəs baş nazir düşünmürmü ki, özünə qeyri-ciddi imic yaradır?

– Düşünsəydi, bu cür hərəkətlər etməzdi. Hesab edirəm ki, əgər Paşinyan dövlət adamıdırsa, ciddi olmalıdır. Yəni verdiyi sözlərə, danışıqlarda alınan qərarlara əməl etməlidir. Lakin bu cür situasiyaların niyə yarandığı mənim üçün aydın deyil. Ermənistanın bu tip meyilləri onsuz da dalandakı ölkəni daha da çıxılmaz vəziyyətə salacaq. Unutmasınlar ki, dəmir yumruq hələ də qüvvədədir. Diplomatiya və siyasət dilindən deyil, güc dilindən anlayırlarsa, ondan da istifadə edə bilərik.

– 3+3 formatı həyata keçərsə, İran Azərbaycanla Ermənistan arasındakı münasibətlərin normallaşmasında hansı şəkildə iştirak edə bilər?

– Bu, həqiqətən çox yaxşı bir formatdır və onun həyata keçiməsi üçün Azərbaycan da, Türkiyə də əlindən gələni edir. Lakin yenə də bildirim ki, bu formatın reallaşmasına da Ermənistan mane olur. Ona görə mane olur ki, o, hələ sülh müqaviləsini imzalamaq istəmir. Bu format region dövlətlərini əhatə edir. Regionda isə sabitlik və sülhün bərqərar olması üçün ilk növbədə sülh müqaviləsi imzalanmalıdır. Bu olmasa, hansı formatdan söhbət gedə bilər?! Hələlik Ermənistan tərəfindən ciddi addımlar atılmasını gözləyirik.

– Azərbaycanla İran arasında Zəngəzur dəhlizinə paralel marşurutun çəkilməsi ilə bağlı anlaşma imzalanıb. Bununla əlaqədar işlər nə yerdədir?

– Memorandum imzalandıqdan sonra Azərbaycanla İran arasında bu istiqamətdə işlər gedir. Cənab Prezident tərəfindən müvafiq göstərişlər verilib. İran ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikasına yol açılması İran-Azərbaycan münasibətlərinin daha da yaxşılaşmasına töhfə olacaq, eyni zamanda Naxçıvanın blokadadan çıxmasına kömək edəcək. Hesab edirəm ki, bu prosesin normal şəkildə davamı olacaq. Bizi narahat edən odur ki, nə üçün Ermənistandan Laçın dəhlizi vasitəsilə Qarabağın ermənilər yaşayan hissəsinə yol var, amma Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvana Mehridən koridor vermək istəmirlər. Deməli, siz koridordan istifadə edə bilərsiniz, biz yox?! Belə olan halda Azərbaycan Laçın koridorunu bağlamaq hüququnu özündə saxlayır. Azərbaycan hələki dözümlülük nümayiş etdirir. Əgər görsək ki, bu, Ermənistanın son qərarıdır, onda onların ağıllarının başlarına gəlməsi üçün tədbirlər görəcəyik.

– Şuşa Bəyannaməsi çərçivəsində 1 il ərzində, xüsusilə hərbi əməkdaşlıq baxımından hansı addımlar atılıb?

– Şuşa Bəyannaməsi tarixi bir sənəddir. Biz Türkiyə ilə qardaş dövlətik, xalqlarımız eyni soydan gəlir. Amma bizim münasibətlərimizin səviyyəsi hüquqi baxımdan bu bəyannamə ilə ən yüksək nöqtəsinə çatdı. 1994-cü ildən bu yana Azərbaycanla Türkiyə arasında yüzlərlə sənəd imzalanıb. 2010-cu ildə də hərbi əməkdaşlığın bütün elementlərini özündə ehtiva edən çox ciddi bir sənəd imzalanıb. Bundan sonra hərbi sahədə əməkdaşlıq daha da genişlənib. Fikrimcə, Şuşa Bəyannaməsi hüquqi nöqteyi nəzərdən bu əməkdaşlığın sərhədlərini daha da genişləndirdi. Bəyyanamə ilə, demək olar ki, bütün sahələr əhatə olunub. Şuşa Bəyannaməsi hər iki ölkənin gücünə güc qatır. Münasibətlər bundan sonra da bütün sahələrdə inkişaf edəcək.

– Azərbaycan ordusunun modernləşdirilməsi fonunda Silahlı Qüvvələrimiz bölgədə NATO standartlarına uyğun formalaşdırıla bilərmi?

– Bu sahədə işlər artıq çoxdan gedir. Azərbaycan öz ordusunu Türkiyə ordusu sistemində qurmağa başlayıb. Türkiyə ordusu da NATO-nun ikinci ən böyük ordusudur. Komando tipli hərbi hissələr yaradılıb. Ordumuzun gücləndirilməsi üçün dünyada müasir hərb elminə məlum nə texnologiya varsa, onu Azərbaycana gətirəcəyik. Bundan sonra hərbi sahədəki islahatlar davam etdiriləcək. Cənab Prezidentin də vurğuladığı kimi, təəssüf ki, bu gün dünyada beynəlxalq hüquq işləmir. Bəli, beynəlxalq hüquq artıq güc hüququdur. Kimin gücü varsa, o da haqlıdır. Baş verən hadisələr fonunda bu, açıq-aşkar görünür. Artıq beynəlxalq hüquq kənarda qalıb. Hamı gücünə güvənir, özünə güclü dost, müttəfiq axtarır. Azərbaycan o dövlətlərdəndir ki, onun güclü siyasi iradəyə malik lideri, Türkiyə kimi gözəl müttəfiqi var və güclü ordusu var.

– Cənab Prezidentin Özbəkistana dövlət səfərini necə dəyərləndirirsiniz?

– Cənab Prezidentin Özbəkistan səfəri dövlət səfəridir. Dövlət səfəri rəsmi statusdan daha yüksəkdir. Hesab edirəm ki, bu səfər Azərbaycanla Özbəkistan arasında münasibətlərin daha da genişlənməsinə, bu qardaşlığın daha da dərinləşməsinə səbəb olacaq. Səfər çərçivəsində aparılmış danışıqlar və imzalanmış sənədlər Azərbaycanın Özbəkistanla münasibətlərə nə qədər önəm verdiyinin əyani təsdiqidir. Müzakirə olunmuş mövzular və əldə olunmuş razılaşmalar münasibətlərimizin gələcək inkişafı üçün əsas olacaq. Azərbaycanın dostları, müttəfiqləri nə qədər artarsa, gücü də bir o qədər artacaq.publika


Oxşar xəbərlər