Şəfəqə Doğru » Manşet » Əsgər maaşına göz dikənlər. “O puldan əlimizə 2-3 manat gəlirdi”

Əsgər maaşına göz dikənlər. “O puldan əlimizə 2-3 manat gəlirdi”

Əsgər maaşına göz dikənlər. “O puldan əlimizə 2-3 manat gəlirdi”

“Döyüş bölgəsində deyilsənsə, maaşın 13 manatdır. Onun da 10 manatını maaş verilən kimi əlimizdən tutub alırdılar. Həmin pula da süpürgə, döşəmə əsgisi, şüşə silən kimi təmizlik vasitələri alacaqlarını deyirdilər”, – bunu AzadlıqRadiosuna yenicə hərbi xidmətdən gələn A.Ə. (ad və soyad təhlükəsizliyə görə göstərilmir – red.) söyləyir.

700 manata alınan döşəmə bezi, süpürgə…

A.Ə. Azərbaycanın qanunvericiliyi ilə müddətli həqiqi hərbi xidmət keçib və birillik xidmətdən ötən ilin iyulunda qayıdıb. O, sərhəd bölgəsinə yaxın olmayan ərazidə xidmət çəkdiyi üçün aylıq maaşı 13 AZN təşkil edib. Hərbi qulluqçuların maaşları 12-16 manat aralığında dəyişir. 23 yaşlı gənc gileylənir ki, “maaşın az olması bəs deyilmiş kimi, o puldan əlimizə 2-3 manat gəlirdi, ya yox”.

“Maaş hər ayın birinci günündə verilirdi. Hərbi hissənin mühasibləri paylayırdı. Amma maaş paylama bitəndən sonra bölüyün təmizliyinə cavabdeh şəxs hər bir əsgərdən 10 manat alırdı. Bizə deyilirdi ki, bu vəsait hər ay tabor üçün təmizlik vasitələrinin alınmasına sərf olunur. Süpürgə, pol əsgisi, yuyucu vasitə, çöl süpürgəsi və s. Əşyalar köhnəlməsə də, alınırdı, aylıq rutin idi bu. Təkcə bizim tabordan 700 manata qədər toplanırdı. Alınan vəsaitlər ilə biz təmizləyirdik deyə, görürdük nəsə düz getmir”, –A.Ə. bildirib.

Onun sözlərinə görə, bir ilin 11 ayında eyni miqdarda – 3 manat maaş alıb. Sonuncu ay isə maaş deyil, tərxis pulu alıblar və həmin ödənişdən tutulma olmayıb.

Dövlətin verdiyi nəyə çarədir guya..!

A.Ə. əsgər maaşı ilə bir ayı dolanmağın onsuz da mümkün olmayacağını dilə gətirir. Deyir ki, hərbi hissədə o pula ümid bağlayan olmayıb, evdən, ya da dostlardan gələn pulla ayı yola veriblər: “Lap bizdən 10 manatı almasalar da, orada hər şey o qədər baha idi ki… Üz qırxmaq üçün ülgücün qiyməti azı iki dəfə baha idi, qazlı sular da eyni qaydada. İndi təsəvvür edin, bu qədər bahalığa baxmayaraq, bizdən 10 manat da alırdılar, qalırdıq dost-tanış ümidinə. Ən maraqlısı da odur ki, dost-tanış əgər bizdən yüksək rütbəli adamların kartına atacaqdısa pulu, oradan da faiz ödəyirdik”.

Sərhədə yaxın ərazidə xidmət edib A.Ə.-dən iki dəfə artıq – 26 manat maaş alan Nurlan Qasımov da bahalığın, üstəlik, hərbi hissə yaxınlığında mağazaların azlığının onları çətin duruma saldığını gizlətmir. “Bizə 16 manat qalır, stressli gündə siqaretə, yayda içilən soyuq suya, gündəlik sabuna pul çatdırmaq olmur”, – Qasımov əlavə edir.

Azadlıq radiosu