Beyləqanda 16 yaşlı qızın 42 yaşlı şəxsə zorla ərə verildiyinə dair məlumatlar yayılıb.
Bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılandan sonra televiziya verilişlərindən birində müzakirəyə çıxarılıb.
Məlumata görə, qızın anası televiziya verilişinə canlı qoşularaq hadisəni izah edib. O qeyd edib ki, toy olmayıb. Qızına elçi gələn isə 42 yox, 27 yaşlı oğlandır.
Mövzu ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu Lent.az-ın sorğusuna cavab olaraq bildirib ki, hadisə nəzarətə götürülüb, araşdırma aparılır.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı Lent.az-a açıqlamasında qeyd edib ki, Beyləqan rayonu Qarallar kəndində 17 yaşlı qızın nişan mərasiminin keçirilməsi ilə bağlı rayon polis şöbəsinə daxil olmuş müraciət araşdırılıb:
"Gənc qız valideynləri ilə birgə polis orqanına dəvət olunub. Onlar izahatlarında qızlarına heç bir nişan və toy məclisi etmədiklərini, fevralın 17-də evlərində övladları üçün elçilik məclisinin olduğunu bildiriblər. Valideynlərlə profilaktiki və izahedici söhbətlər aparılıb, qızlarının 18 yaşı tamam olmayanadək nişan və toy məclisi etməyəcəkləri barədə iltizamları alınıb”.