Xəbər verdiyimiz kimi, dünən Azərbaycanda Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Nəqliyyat Nazirliyinin birləşdirilməsi nəticəsində yeni Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradıldı və bununla da Ziya Məmmədov nazir postunu itirmiş oldu.
Ölkə gündəminin əsas xəbərinə çevrilən bu sərəncam geniş müzakirəyə səbəb oldu. Bəs görəsən Ziya Məmmədov bu vəzifəyə necə gəlmişdi? Onun oğlu Anar Məmmədov necə birdən-birə ölkənin ən zəngin iş adamlarından birinə çevrildi?
Shafaqadogru.com AZXEBER.COM-a istinadən nazirin özünün və qohumlarının yaxın keçmişini oxuculara təqdim edir:
1952-ci ildə Ucar rayonunun Qazıqumlaq kəndində anadan olan Z.Məmmədov əmək fəaliyyətinə 1971-ci ildən Azərbaycan Dövlət Dəmir Yolunun Biləcəri Lokomotiv deposunda maşinist köməkçisi kimi başlayıb. O daha sonralar 1974-1980-cı illərdə Azərbaycan Dövlət Dəmir Yolunun Biləcəri Lokomotiv deposunda maşinist köməkçisi, maşinist vəzifəsində bundan sonra 1980-1983-cü illərdə Biləcəri Lokomotiv deposu istismar sexinin partiya təşkilatının katibi və Biləcəri Lokomotiv deposu həmkarlar komitəsinin sədri vəzifəsində çalışıb.
1983-1984-cü illərdə Azərbaycan Dəmir Yolu hərəkət xidmətinin Lokomotiv dispetçeri, 1984-1987-ci illərdə Biləcəri Lokomotiv deposu rəisinin kadr və məişət işləri üzrə müavini vəzifəsinə təyin olunub. 1987-1989-cu il illərdə Biləcəri Lokomotiv deposu Dəvəçi əvəzedici məntəqəsinin rəisi, 1989-1991-ci il illərdə Gəncə Lokomotiv deposunun rəisi vəzifəsində işləyib. 1991-1993-cu illərdə Azərbaycan Dəmir Yolu Lokomotiv təsərrüfatı xidmətinin rəisi, 1993-1996-cı illərdə Azərbaycan Dövlət Dəmir Yolu İdarəsi rəisinin lokomotiv və vaqon təsərrüfatı üzrə müavini işləyib.
Azərbaycan Respublikası Prezidentinin 31 iyul 1996-cı il tarixli 379 nömrəli Sərəncamı ilə Azərbaycan Dövlət Dəmir Yolunun rəisi vəzifəsinə təyin edilib və 2002-ci ilin avqust ayına kimi bu vəzifədə çalışıb.
Z.Məmmədov Azərbaycan Respublikası Prezidentinin 8 avqust 2002-cı il tarixli 750 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Nəqliyyat naziri vəzifəsinə təyin edilib.
Azərbaycan mətbuatının ən çox tənqid etdiyi və manşetlərdə bəlkə də ən çox "işdən çıxarılır” başlığı ilə üzləşən Z.Məmmədov təkcə nazir kimi deyil həm də böyük bir klana sahiblik edirdi.
Belə ki, onun qardaşı Elton Məmmədov Azərbaycan Respublikası Milli Məclisinin II çağırış üzrə deputatı seçilmişdi. E.Məmmədov bu vəzifəyə təyin olunduqdan sonra Bakı Beynəlxalq Avtovağzalına onun oğlu, K1 döyüşü üzrə peşəkar idmançı Elnur Məmmədov rəhbərlik etməyə başladı. Elton Məmmədovun digər oğlu Aynar Məmmədov isə mətbuatda ən çox adı hallanan nazir qohumudur. Belə ki, daha çox məşhur simaların əhatəsində görünən və Milli Məclisdə çalışan Aynarın şəhərin mərkəzində restoranları və obyektləri olduğu bilinir. Məhz onun haqqında çıxan çoxlu sayda xəbərlər Elton Məmmədovun növbəti dəfə deputat olmaq imkanlarını əlindən almış oldu. Yayılan məlumatlar eyni zamanda nazirlə qardaşı arasında soyuq günlərin başlamasına da səbəb oldu. Keçmiş deputat hazırda elmi işlərlə məşğul olduğunu mətbuata verdiyi açıqlamalarda bildirib.
Ziya Məmmədovun dayısı hazırda Ucar rayon İcra hakimiyyətinin başçısı Mənsur Məmmədovdur. O 2015-ci ilin 27 yanvar tarixindən bu vəzifəni icra edir.
Keçmiş deputat Elton Məmmədov və kiçik oğlu Aynar Məmmədov
Eks-nazirin bacısı "Tərəqqi" liseyinin direktoru Məhbubə Məmmədova uzun illər bu vəzifəni daşısa da, ötən il tutduğu vəzifədən azad edildi.
Keçmiş nazirin ailədən kənar qohumlarının çoxu ya Nəqliyyat Nazirliyində, ya da "Qarant” holdinqin tabeçiliyində olan qurumlarda məsul vəzifələri icra ediblər.
Nazirin ən çox adı onun oğlu ilə birlikdə hallanıb. Belə ki, cəmiyyətdə hər zaman "nazir oğlu” imici ilə ad qazanan Anar Məmmədovun nüfuzu heç də atasından geri qalmır. Kənd Təsərrüfatı naziri Heydər Əsədovun qızı ilə ailə həyatı quraraq o gücünü daha da böyütməyə nail oldu.
Gənc iş adamının biznes imperiyası haqqında təkcə ölkə mətbuatı deyil, dünya mətbuatı da dəfələrlə yazıb. Onun biznesində əsas yeri tutan şirkətlərdən biri kimi "Garant Holdinq” göstərilir. Holdinqin direktorlar şurasının sədri A.Məmmədovun özüdür. Şirkət 2005-ci ildən 2013-cu ilə qədər "ZQAN Holdinq” adi ilə fəaliyyət göstərib.
"Qarant Holdinq"in rəhbəri Anar Məmmədov
Holdinqin tərkibinə 17 yerli şirkət daxildir: "Qarant Sığorta” ASC, "Azbentonit” MMC, "Royal İsteyt” MMC, "Qarant Tour” MMC , "English Yard” MMC, "Quba Olimpiya Kompleksi” MMC, "Avto-Media” MMC, "Ucar Aqro” MMC, "M.Trans” MMC, "Ameritex” MMC, "Transevrokom” MMC, ” Zqan konstrakşn” MMC, "Turbo.az” MMC, "Qarant Sığorta Agenti” MMC, "Quba Resort” MMC, "AFK” MMC, "Delfin” MMC və "Goranboy Gips” ASC.
"Garant”ın tərkibinə daxil olan MMC-lərdən biri də "Quba Olimpiya Kompleksi”dir. Quba-Bakı magistral yolunun 4-cü km-də yerləşən Olimpiya Kompleksinin hüquqi təmsilçisi İsa Musayev adlı şəxs olsa da, "Garant Holdinq”in rəsmi saytında bu kompleksin holdinqin tərkibinə daxil olması qeyd olunur.
A.Məmmədovun Qubadakı digər layihəsi isə Azərbaycan Qolf Federasiyasının (o, AQF-nin prezidentidir) baş ofisi kimi fəaliyyət göstərən qolf klubudur.
Onun biznesi arasında müxtəlif zamanlarda mediada adı keçən şirkətlərdən biri də "Bank of Azərbaijan” olub. Sonradan bu bankın fəaliyyətinə xitam verilib.
Bakı Voleybol Klubunun rəhbəri də A.Məmmədovdur. O eyni zamanda ABŞ-da diaspor işləri ilə məşğul olan Azərbaycan-Amerika Alyansının da sədridir. A.Məmmədov bundan başqa bir çox şirkətlərin Azərbaycan üzrə təmsilçilik hüququnu da alıb. Onun bu formada 5 şirkət və 1 media qurumu var.(meydan.tv)
Gənc iş adamının hazırda ABŞ prezidenti olan Donld Trampla yaxın dostluq münasibətlərinin olduğu da bilinir. Hətta Trampın Bakıdakı oteli "Trump Towers Baku”nun tikintisini də o reallaşdırıb. Ancaq sonradan şəbəkə binanın tələblərə uyğun olmadığını bildirərək onun üzərindəki brendi geri götürüb.
Sonda onu da əlavə edək ki, vəzifəsindən kənarlaşdırılan Ziya Məmmədov Rusiya Federasiyasının Dərbənd şəhərinin də fəxri vətəndaşıdır.