Müəllif: Elçin Alıoğlu
Mənbə: Trend
"Bir daha demək istəyirəm ki, Fransanın Ermənistana, onun müstəqilliyinə, ərazi bütünlüyünə, demokratik proseslərinə və sülhə can atmasına dəstəyinə bel bağlaya bilərsiniz".
Fransa prezidenti Emmanuel Makron dünən Parisdə Ermənistanın baş naziri Nikol Paşinyanla keçirdiyi birgə mətbuat konfransında belə deyib.
Е.Makron daha sonra Paşinyanın "şəxsi cəsarətini və qətiyyətini" təqdir edib.
Onun sözlərinə görə, əsas müzakirə mövzuları arasında Ermənistanla Azərbaycan arasındakı münasibətlər əlahiddə yer tutub.
"Azərbaycanla sərhəddəki son insidentlər göstərir ki, eskalasiya təhlükəsi real olaraq qalır. Fevralın 12-dəki bu insident zamanı Azərğbaycan əsgərinin yaralanmasından Fransa təəssüfləndiyini bildirir. Lakin Azərbaycanın qeyri-proporsional cavabı və bunun nəticəsində Ermənistanın 4 hərbçisinin həlak olması, bir hərbçinin də yaralanması bizi təəssüfləndirir. Fransa ədalətli və stabil sülhə yönəlmiş bütün səyləri dəstəkləyəcək", - E.Makron söyləyib.
Fransa prezidenti daha sonra Azərbaycanla Ermənistan arasında sülh sazişi ilə bağlı danışıqlar prosesini "şərh" edib: "Ermənistanın ərazi bütünlüyü ilə bağlı qeyri-müəyyənliyi Azərbaycan gündəmdən çıxarmalıdır. Xəritələrə gəldikdə isə, sonradan hər iki tərəfin qoşunları geri çəkməsinə əsas ola biləcək demarkasiya və delimitasiya ilə bağlı bütün işlər görülməlidir. Bundan başqa, 2023-cü ilin sentyabrın 19-dan etibarən Qarabağı tərk etmiş şəxslərin geri qayıdışının Azərbaycan tərəfindən təmin edilməsi ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsinin 2023-cü ilin 17 noyabr tarixli qərarına əməl olunmasına çağırırıq. Cənubi Qafqazın sülh, inteqrasiya və əməkdaşlıq regionu olmasını istəyirik. Bunun üçün kommunikasiya vasitələrinin parçalanma yox, inteqrasiya amili olması gərəkdir. Mərkəzi Asiyada səfərdə oldum və istəyirəm ki, Mərkəzi Asiya, Cənubi Qafqaz və Avropa İttifaqı arasındakı kommunikasiya əlaqələri inkişaf etsin".