Aprelin 24-də Masallının Boradigah qəsəbəsində özünü asaraq intihar edən 16 yaşlı Şahin Quliyevin atası bəzi iddialarla çıxış edib.
Yeniyetmənin atası Sahib Quliyev Oxu.az saytına bildirib ki, oğlu bir ay ərzində mütəmadi olaraq həmyaşıdları tərəfindən təhqir olunub.
Rusiyada yaşayan ata hadisəni eşidən kimi ölkəyə gəldiyini qeyd edib: “Oğlum və onunla bir məktəbdə oxuyan başqa bir oğlan eyni qızı seviblər. Bir ay oğlumu incidiblər. Daha sonra həmin oğlan bir qrup digər məktəblini də götürərək oğlumu söhbət etməyə çağırıb. Mənim oğlum da tək gedib. Həmin uşaqlar oğlumu döyüblər, söyüşlərlə təhqir ediblər. Sonra gözdən salmaq məqsədilə şəkil-video çəkiblər. Məktəbdə həmin videonu yayıblar, hər kəsə, eləcə də qıza göstəriblər”.
Sahib Quliyevin sözlərinə görə, oğlu bu barədə heç kəsə heç nə deməyib, özünə qapanıb və axşam saatlarında özünü ağacdan asıb: “Anası axşam çölə çıxanda görüb ki, özünü asıb. Bir aydan sonra 16 yaşı olacaqdı. Mənim oğlum sakit, tərbiyəli, savadlı uşaq idi. İstəyirəm, onu intihar həddinə çatdıranlar cəzalandırılsınlar. Qanı yerdə qalmasın”.
Mövzu ilə bağlı Baş Prokurorluğun Mətbuat xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, Masallı rayon sakini 2008-ci il təvəllüdlü Şahin Quliyevin yaşadığı evin həyətində intihar etməsi faktı ilə bağlı Masallı Rayon Prokurorluğunda araşdırma aparılır.