Kəlbəcər şəhərinin ərazisinin 22%-i yaşıllıqlardan ibarət olacaq, yəni 60 ha sahədə fərqli yaş və sosial qruplar üçün yaşıllıq zolaqları yaradılacaq.
Bu, “Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planı”nda əksini tapıb.
Beləliklə, ölkənin digər şəhərlərində ümumi istifadədə olan yaşıllıq sahəsinin adambaşına düşən norması 7-10 m² nəzərdə tutulduğu halda, Kəlbəcər şəhərində bu göstərici 33 m² təşkil edəcək.
Baş Plana uyğun olaraq, şəhərin yol infrastrukturu da müasir standartlar tətbiq edilməklə qurulacaq. Əhali uzunluğu 27 km-dən artıq olan avtomobil, 22 km olan velosiped yollarından rahat şəkildə istifadə edə biləcək.
Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji” zonasına çevrilməsi ilə bağlı tapşırığına uyğun olaraq, şəhərin enerji təminatı bərpaolunan enerji potensialından istifadə edilməklə həyata keçiriləcək. Əhalinin içməli su təminatı isə Ağçayın su mənbələri hesabına ödəniləcək.
Kəlbəcər şəhərinin iqtisadi inkişafında xidmət (xüsusən turizm) və kənd təsərrüfatı sektorları böyük rol oynayacaq. Şəhər yenidən qurulan “İstisu” sanatoriyasına yaxın ərazidə yerləşdiyindən burada müalicəvi turizmin inkişafına təkan verəcək obyektlər də inşa olunacaq. Bütün bunlar isə əhalinin dayanıqlı məşğulluğuna əlverişli zəmin yaradacaq.