Meksikada keçirilən prezident seçkilərində ilkin hesablamanın nəticələrinə görə, hakim partiyanın nümayəndəsi və Mexiko şəhərinin meri Klaudiya Şeynbaum 58 faizdən çox səs toplayıb.
Bu barədə Meksika Milli Seçki İnstitutu (INE) məlumat yayıb.
Şeynbaum seçkilərə solçu Morena partiyasından namizədliyini irəli sürüb, o, ölkənin hazırkı prezidenti Andres Manuel Lopez Obrador tərəfindən dəstəklənib. Şeynbaumun ən güclü rəqibi Xoçitl Qalvez, ilkin məlumatlara görə, səslərin 26,6 faizini toplayıb. Eyni zamanda, o, tərəfdarlarına müraciət edərək özünü qalib elan edib.
Solçu Milli Yeniləşmə Hərəkatı partiyasının rəhbəri Mario Delqado müxalifət namizədini "xalqa yalan danışmamağa”, Meksikanın seçki komissiyasının rəhbəri Quadalupe Taddei isə namizədləri və partiyaları seçkinin nəticələrini qəbul etməyə çağırıb. CNN-ə görə, Meksikanın qadın prezidenti "patriarxal mədəniyyəti ilə tanınan bir ölkə üçün böyük nailiyyətdir”. Seçkilərin rəsmi nəticələri hələ açıqlanmayıb. 61 yaşlı Klaudiya Şeynbaum 2000-ci illərin əvvəllərində hazırkı prezident Andres Manuel Lopez Obradorun kabinetində Mexiko şəhərinin ətraf mühit üzrə katibi olub. 2018-ci ildə Şeynbaum Mexiko şəhərinin meri seçilib. 2007-ci ildə o, İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelin üzvü kimi Nobel Sülh Mükafatının kollektiv laureatı olub (qaynarinfo).