Daşkəsəndə gəlini tərəfindən baltalanan və 9 gün sonra xəstəxanada ölən Tahirə Qurbanovaya qarşı cinayət hadisəsi gecə saatlarında, yatdığı vaxt törədilib.
Bu barədə APA-ya mərhumun qızı Şəlalə Qurbanova danışıb.
Onun sözlərinə görə, hadisəni qardaşının həyat yoldaşı Səidə Həsənova törədib: “Mən bu barədə gecə saat 3-də eşitdim, zəng edib çağırdılar. Gəlin anamın başına zərbələr endirmişdi, qanın içində idi. Huşunu itirməmişdi, amma danışa bilmirdi, dili bağlanmışdı”.
Qadının dediyinə əsasən, anasını əvvəlcə Daşkəsən xəstəxanasına, oradan isə Gəncəyə aparıblar. Sonra Bakıya aparılan qadın 7 gün komada qaldıqdan sonra vəfat edib. Şəlalə Qurbanova bildirib ki, anası ilə gəlinləri arasında mübahisə olmayıb: “Qardaşım yoldaşına Rusiyadan zəng edib ki, mən səninlə dolanmaq istəmirəm, çıx get. Gəlin də razılaşıb şəxsi əşyalarını yığmışdı. Hər şey evin içində qalıb. Gecə qalxıb, evdə olan baltanı götürüb, anama zərbələr endirib. Səidə anamı gecə 3-4 arası yatdığı zaman vurub”.
Şəlalə Qurbanovanın sözlərinə görə, qardaşı Səidə Həsənova ilə 1 ilə yaxındır, qeyri-rəsmi ailəlidir.
Qeyd edək ki, qayınanasına balta ilə ağır xəsarətlər yetirməkdə şübhəli bilinən Cəlilabad rayon sakini olan Səidə Həsənova elə həmin gündən hadisə yerindən qaçıb. Onun tutulması istiqamətinə axtarışlar davam edir (qafqazinfo).