Azərbaycanda icra başçılarının nə qədər maaş aldığı bəlli olub.
Globalinfo.az-ın məlumatına görə, bununla bağlı iqtisadçı Natiq Cəfərli paylaşım edib.
Beləliklə, icra başçılarının maaşları inzibati-ərazi vahidləri üzrə belədir:
Bakı şəhər icra başçısı – 7650 manat.
Gəncə, Sumqayıt şəhərlərinin icra başçıları – 5625 manat.
Əhalisi 100 mindən çox olan rayonlar – 4587,5 manat (Abşeron, Masallı, Şəmkir və sair)
Əhalisi 50-100 min arası olan rayonlar – 4225 manat (Ucar, Lerik, Beyləqan və sair)
Əhalisi 50 minə kimi olan rayonlar – 3837,5 manat (Xızı, Sədərək, Daşkəsən və sair)
N.Cəfərli qeyd edib ki, bu məbləğdən 14% gəlir vergisi, 3% Dövlət Sosial Müdafiə Fondu (DSMF), 2% tibbi sığorta, 0,5% işsizlik sığortası, bir də Yeni Azərbaycan Partiyasına (YAP) üzvlük haqqı tutulur:
“Bu maaşlar 1 mart 2022-ci ildən sonra artıb, həmin tarixdən icra başçılarının əsas maaşına, 1,5 misli əlavə verilir. Məsələn, 2022-ci ilə qədər Bakı şəhəri icra başçısının maaşı cəmi 3060 manat idi. Məmləkətdə ərazi və əhalisi böyük olmayan Xızı rayonu var, 2012-ci ildən həmin rayonun icra başçısı eyni insandır. Bu məmur 2012-ci ildən 2022-ci ilə qədər ayda, bütün vergiləri çıxandan sonra 1700 manata yaxın maaş alırmış, indi bütün ödənişləri çıxandan sonra 3000 manat civarında maaş alır. Sizcə bu məmur 10 il 1700 manat, son 3 ildə isə 3000 manat maaşa necə dolanıb, yaşadığı ev, sürdüyü maşın bu gəlirə uyğundurmu?! Söhbət bir tək Xızı rayonundan getmir, istənilən rayonun icra başçısı ilə bağlı eyni sözləri, yanaşmanı söyləmək olar”.
İqtisadçı bildirib ki, Azərbaycanda icra başçıları institutu köhnəlib:
“Problem tək şəxslərdə deyil, bu sistemin özü işlək deyil, insanları deyil, sistemin özünü dəyişməyin vaxtı çatıb. Yerli özünüidarə institutları güclənməli, seçilmiş rayon-şəhər bələdiyyə sədrlərinin səlahiyyəti, ən başlıcası isə, məsuliyyəti artırılmalıdır ki, vətəndaşa xidmət etməyi öyrənsinlər. Mərkəzdən gələn qeyri-qanuni tapşırıqları yox, seçicinin gözləntilərini yerinə yetirsinlər”.
