Şəfəqə Doğru » Gündəm » "Hazırda ərzaq məhsullarının qiyməti xeyli dərəcədə artıb” -Qüdrət Həsənquliyev

"Hazırda ərzaq məhsullarının qiyməti xeyli dərəcədə artıb” -Qüdrət Həsənquliyev

"Hazırda ərzaq məhsullarının qiyməti xeyli dərəcədə artıb” -Qüdrət Həsənquliyev

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin bu gün keçirilən plenar iclasında Vergi Məcəlləsinə edilən dəyişikliklə bağlı çıxış edib.

Millət vəkili bildirib: “Hörmətli qonaqlar, həmkarlar, media nümayəndələri, mən çıxışıma Vergi Məcəlləsinin 2.8-ci maddəsini diqqətinizə çatdırmaqla başlamaq istəyirəm. Həmin normada qeyd olunur ki, “növbəti ilin dövlət büdcəsi layihəsi çərçivəsində vergi siyasəti vergi inzibatçılığı və vergi dərəcələrinin müəyyən edilməsi ilə bağlı Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişikliklər edilməsi zərurəti yarandıqda həmin qanun layihələri və layihələrdə nəzərdə tutulan vergi azadolmalarının və güzəştlərinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan, qurum tərəfindən müəyyən edilmiş qaydada aparılan qiymətləndirilməsinin nəticələrinə dair arayış müvafiq icra hakimiyyəti orqanına cari ilin may ayının 1-dək, müvafiq icra hakimiyyəti orqanı tərəfindən isə Azərbaycan Respublikasının Milli Məclisinə cari ilin mayın 15-dən gec olmayaraq təqdim edilir”.

Hörmətli sədr, bu məsələni mən əvvəllər də qaldırmışdım. Əgər doğrudan da Vergi Məcəlləsininin bu tələbinə əməl etmək mümkün deyilsə, bunu ölü norma kimi Vergi Məcəlləsində saxlamağa ehtiyac yoxdur və təklif edirəm ki, ikinci oxunuşda müvafiq icra hakimiyyəti orqanı ilə əlaqə saxlayaq və bu normanı, ümumiyyətlə, Vergi Məcəlləsinin tərkibindən çıxaraq”.

Qüdrət Həsənquliyev diqqətə çatdırıb: “Biz hamımız bilirik ki, Azərbaycanda hazırda ərzaq məhsullarının qiyməti xeyli dərəcədə artıb. Keyfiyyətli yağ, ət yoxsul insanlar üçün ümumiyyətlə əlçatmaz olub. Biz bilirik ki, əhalinin yoxsulluğunun artması həm də siyasi və təhlükəsizlik məsələsidir. Sosial vəziyyət ağırlaşanda ölkədə dini və siyasi ekstremizm üçün əlverişli mühit yaranır və cinayətkarlığın səviyyəsi artır.

Bir çox insanlar dolanışığını təmin etmək üçün hətta öz azadlığı ilə belə risk edirlər və cinayətlərə gedirlər. Ona görə mən təklif edirəm ki, biz indi bu ildən vergi güzəştləri ki, ləğv olunmuşdu onu bərpa edirik və 2500 manat maaş alan şəxslər üçün artıq 3 faiz vergi dərəcəsi müəyyənləşir. Mən hesab edirəm ki, 1000 manata qədər maaş alanlar, ümumiyyətlə, bütün növ vergilərdən azad olunsunlar. Yəni burada qeyd olunsun ki, 2500 manata qədər maaş alanlar üçün 3 faiz vergi dərəcəsi müəyyən olunsun və 2500-dən yuxarı isə indiki qayda davam etsin. Mən bunu normal sayıram, amma yoxsul təbəqəni doğrudan da müdafiə etmək lazımdır. Mən keçən iclasda da dedim ki, əmək miqrantlarının göndərdiyi vəsait kəskin azalıb, əhalinin sosial vəziyyətində ciddi problemlər var. Yəni bunu görməzdən gəlmək mümkün deyil.
İkincisi, mən həm də düşünürəm ki, bunu etmək mümkündür.

Bizim maliyyə vəsaitimiz buna imkan verir. Mərkəzi Bankla Dövlət Neft Fondunun maliyyə ehtiyatlarının həcmi 81,5 milyarda çatıb. Bir var Neft Fondunda vəsait azalardı ona görə Neft Fondundan büdcəyə transfertin həcmini azaltsaydıq bu başadüşülən olardı.
Bu gün Tramp tariflərdən çox vəsait gəldiyi üçün ABŞ hər insana 2 min dollar vəsait verəcəyini bəyan edir. Amma, bizdə valyuta ehtiyatlarımız artır, əvəzində vergilər tətbiq edirik. Mən bunu diqqətinizə çatdırmaq istəyirəm ki, hazırda Neft Fondundan transfert 1 milyard 646 milyon manat, yəni 11,4 faiz az proqnozlaşdırılır. Bu, kifayət qədər böyük məbləğdir. Hesab edirəm ki, hətta bunu olduğu səviyyədə belə saxlamaq olar.

Əlavə vəsaitlər cəlb etmək üçün, ümumiyyətlə, 3 ildən artıq istifadə olunmuş avtomobillərin ölkəyə girişinə ya qadağa qoyulmalıdır, ya da elə vergi dərəcələri müəyyən olunmalıdır ki, onları ölkəyə gətirmək mümkün olmasın. Bu, həm də daxili bazarı qorumaq üçün lazımdır. Ona görə bizim özümüz artıq avtomobil istehsal etməyə, daha doğrusu yığmağa başlayacağıq”.

Millət vəkili həmçinin əlavə edib: “Başqa gəlirlərlə bağlı da fikirlərimi bölüşmək istəyirəm. O zaman da bu məsələ qəbul olunanda mən buna kəskin etirazımı bildirmişdim. Sahibkarlara imkan verilmir ki, onlar 30 min manatdan artıq vəsaitlərini nağdlaşdırsınlar. Onlar onsuz da müxtəlif yollar tapırlar, müxtəlif şirkətlər öz aralarında saxta müqavilələr imzalamaqla gəlirlərinin 7 fazidən 14 faizinə qədərini itirməklə o vəsaiti nağdlaşdırırlar. Hətta mən onların bəziləri ilə söhbət etmişəm, onlar böyük məmnuniyyətlə razıdırlar ki, əgər sahibkar 30 mindən artıq vəsaiti nağdlaşdırmaq istəyirsə, 4 faiz vergi ödəsin və büdcəyə əlavə vəsait daxil olsun. Həm də bunu leqallaşdırmaq, qanuniləşdirmək lazımdır. Yəni o vəsaitlər də kimlərinsə ciblərinə deyil, dövlət büdcəsinə getsin”// gununsesi.info