Laçın rayon İcra Hakimiyyəti (RİH) başçısı Aqil Nəzərli hakimiyyətə yeni başağrısı yaradır. Erməni işğalında olan rayonun rəhbəri məcburi köçkünləri iqtidarın üstünə qaldıracaq zəmin yetişdirir
Necə ki, Cəbrayılın rayon rəhbərliyi və deputatı Biləsuvardakı qaçqınları ayağa qaldırdı, onlara biganəliyin nəticəsində bezmiş camaat aksiya keçirdi, eləcə də A.Nəzərli laçınlı köçkünlərə adekvat münasibət nümayiş etdirir.
Shafaqadogru.com yazır ki, bu haqda politika.az-a bir qrup laçınlı məcburi köçkün müraciətində qeyd edib. Onların sözlərinə görə, bu gedişlə cəbrayıllı sakinlərin etirazlarının davamını laçınlılar gətirəcək.
A.Nəzərlinin laqeydliyi və saymazlığından cana doymuş köçkünlər təngə gəlib. Onların RİH-də şikayətləri dinlənilmir, qəbula gedənlər yola verilir, müraciətlərə başdansovdu baxılır, əhalinin problemləri həll olunmur. Bu da gərginlik dozasını getdikcə daha da artırır və köçkünləri nüvə halına gətirib çıxarır.
Özəlliklə, cəbrayıllı qaçqınların hadisəsindən sonra laçınlı məcburi köçkünlər də etiraz səsini ucaltmağa başlayıb. Artıq Feysbukda A.Nəzərlinin istefasını tələb edən səhifə təsis olunub.
Səhifə üzvləri laçınlılardır və yerli idarəetmədən narazılıq edirlər. Hələ ki etirazlar virtualdadır və reallığa transformasiya olunması təhlükəsi var. Köçkünlər bildirirlər ki, tezliklə A.Nəzərlinin əhaliyə qarşı biganəliyinə son qoyulmalıdır.
Laçın rayon rəhbərinin insanlara qarşı diqqətsizliyi hörmətli ziyalılara qədər gedib çatıb.
Bu günlərdə Laçın rayon Yol İstismar İdarəsi müdiri Musa Musayev dünyasını dəyişib. Mərhum Laçında hörmətli bir ziyalı və sayılıb-seçilən şəxs olub.
Amma icra başçısı onun dəfnində iştirak etməyib. Adətən bəzi rayon icra hakimləri bölgənin ziyalıları, hörmətli adamlarının xeyir-şər işlərində iştirak edir. Laçınlıların problemlərinə etinasız qalan icra başçısı ağsaqqal ziyalının dəfninə də getməyib.
Sakinlər isə iddia edirlər ki, A.Nəzərli rəhbərliyi dövründə barmağını qatlayıb bir iş gördüyünü sadalaya bilməz. Onun fəaliyyəti dönəmində heç bir problem həllini tapmayıb.
Əvəzində isə yanacaqdoldurma məntəqəsi olan qardaşı və fermalara sahiblənmiş atası bütövlükdə rayona diktə edir. Nəzərlilər laçınlıların gününü göy əksiyə büküb.
Sayta danışan sakinlər deyirlər ki, rayon rəhbərliyi yerli məmurları da boğaza yığıb. Onların gününü qara, həyatını zindan edən, gün verib işıq verməyən icra başçısının məqsədi istefalarına nail olmaqdır.
Bu yolla öz kadrlarını vəzifələrə yerləşdirməyə hazırlaşan icra başçısı bu gedişlə yanvardan muradına çatacaq. A.Nəzərlidən narazı olan bir ordu məmur vəzifədən getməyə hazırlaşır.
İcra başçısı onları və şikayətə gələn vətəndaşları təhdid edir. Onların boynuna qoyur ki, sabiq icra başçısı Akif Səlimovun təlimatını yerinə yetirirlər.
Guya A.Səlimov onları öyrədib və A.Nəzərliyə qarşı kampaniya aparır. Halbuki, bu, icra hakiminin uydurmasıdır və öz adamlarını vəzifələrə yerləşdirmək planıdır.
Belə bir şantaj üslubunda idarəçiliyə üstünlük verən Laçın şefinin yanına gələn şikayətçilər problemini həll etmək yerinə əliboş qayıdırlar.
Laçın RİH-də təşkil olunan iclaslar şou xarakterlidir və teatrlaşdırılır. İcra başçısı Laçın Gigiyena və Epidemologiya İdarəsinin baş həkimi olan 90 yaşlı Murad müəllimi iclasların baş "dirijor”una çevirib.
90 yaşlı baş həkimin vəzifədə qalmasının qanunsuzluğu bir tərəfə, onun iclasların moderatoru kimi tamadalıq etməsi ayrıca rəzalətdir.
Belə ki, tədbirlərin açılış nitqini edən Murad həkimin missiyası Aqil Nəzərlinin şəninə təriflər yağdırmaqdır. Murad həkim A.Nəzərlinin gördüyü işləri bəy tərifi edir, dağ başına qaldırır və poetik fikirlər səsləndirir.
Tədbir iştirakçıları isə elə açılış nitqində yuxulayır. Çünki laçınlıların problemləri xirtdəyə qədər dolub-daşır və icra başçısının olmayan fəaliyyəti təqdir edilir.
Laçınlılar sonda deyirlər ki, prezident İlham Əliyevin siyasətini dəstəkləyirlər və onun qərarları ölkənin iqtisadi inkişafına böyük töhfə verir.
Amma bəzi məmurlar yerində deyil və onlar dövlətlə xalq arasında körpüləri uçurmaqla məşğuldur. Bütün bu yuxarıda qeyd olunan iddia və ittihamlarla bağlı Laçın RİH-nin mövqeyini dərc etməyə hazırıq.