Bu ilin əvvəlindən noyabr ayına qədər Azərbaycandan İrana gedən vətəndaşların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə rekord səviyyədə artıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu artım 69.3 faiz təşkil edib. Qeyd edək ki, məlumata görə, 2018-ci ilin yanvar-noyabr aylarında ümumilikdə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı 4464,5 min nəfər olub ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 18,5 faiz çoxdur.
Ölkə vətəndaşlarının 33,3 faizi İrana, 29,1 faizi Gürcüstana, 18,9 faizi Rusiyaya, 12,6 faizi Türkiyəyə, 1,5 faizi Ukraynaya, 0,9 faizi Birləşmiş Ərəb Əmirliklərinə, 3,7 faizi isə digər ölkələrə səfər edib. Səfər edənlərin 65,4 faizi kişilər, 34,6 faizi isə qadınlar olub. İranla yanaşı Gürcüstan və Türkiyəyə gedənlərin sayında da artım olub. Amma bu faiz İrana gedənlərin sayı ilə müqayisədə xeyli aşağıdır. Gürcüstana gedənlərin sayı 3,3 faiz, Türkiyəyə gedənlərin sayı 0,4 faiz artıb. Rusiyaya gedənlərin sayı 0,3 faiz azalıb. Məlumata görə, yanvar-noyabr aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 81,2 faizi dəmir yolu və avtomobil, 18 faizi hava, 0,8 faizi isə su nəqliyyatından istifadə edib. Məlumatlara əsasən İrana gedən vətəndaşlarımızın sayını hesablasaq, bu təqribən 1,5 milyon nəfər edir.
Göründüyü kimi, bir ilin 11 ayı üçün bu xeyli böyük rəqəm edir. Bəs vətəndaşlarımızı İrana aparan əsas səbəblər hansılardır? Miqrasiya məsələləri üzrə ekspert Azər Allahverənov Cebhe.info-ya açıqlamasında bildirib ki, Azərbaycanla İran arasında sıx miqrasiya mübadiləsi var:
"İldən-ilə həm Azərbaycandan İrana, həm də İrandan Azərbaycana gedənlərin sayı artır. Nəticə etibarı ilə bu iki dövlət arasındakı statistik rəqəmlərdə artım müşahidə olunur. Əsasən, Azərbaycan vətəndaşlarının İrana səfəri üç səbəbdən baş verir. Birinci səbəb odur ki, İranın müxtəlif şəhərlərində olan ziyarətgahlara olan səfərlərlə bağlıdır. İkinci səbəb səhiyyə ilə bağlıdır. Çoxsaylı vətəndaşlarımız müalicə almaq məqsədilə İrana üz tutur ki, bu barədə məlumatlar sosial şəbəkələrdə də yayılır. Üçüncü səbəb isə ticari münasibətləri ilə bağlıdır. Bunlar kommersiya məqsədli səfərlərdir”. Ekspert deyir ki, İrana gedən Azərbaycan vətəndaşlarının dördüncü qrupunu ümumi qrup adlandırmaq olar ki, burada təhsil məsələsinə, qohumluq məsələlərinə görə, bu ölkəyə üz tutanları daxil etmək olar: Bununla belə Azər Allahverənov İrana üz tutan vətəndaşlarımızın sayının təqribən 1,5 milyona çatmasının maraqlı məqam olduğunu dedi.