Serj Sarkisyanın bəyanatı onun cinayətkar dəstəsinin itirilmiş nüfuzunu bərpa etmək və seçkiqabağı xal toplamaqla reytinqini yüksəltmək məqsədilə daxili auditoriyaya hesablanmış primitiv addımdır
Bunu virtualaz.org-a Ermənistan prezidenti Serj Sarkisyanın "İsgəndər” operativ-taktiki raketlərindən istifadə edilməsi ilə bağlı əmr verəcəyi barədə bəyanatına cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.
"Düşmən tərəf anlamalıdır ki, Azərbaycanın işğal edilmiş əraziləri, o cümlədən Ermənistanda yerləşən bütün hərbi təyinatlı və digər strateji əhəmiyyətli obyektlər Ordumuzun son illər ərzində əldə etdiyi ən müasir raket və artilleriya qurğularının daim hədəfindədir.
Ermənistan tərəfindən yarana biləcək istənilən təhdid və hədələrin qarşısı dərhal və qətiyyətlə alınacaq. Görüləcək cəza tədbirləri nəticəsində Ermənistanın məruz qalacağı irimiqyaslı itkilər və dağıntılar qaçılmaz olacaq, onun üçün faciəvi və bərpası mümkün olmayan fəsadlara gətirib çıxaracaq. Odur ki, Ermənistanın rəhbərliyi belə məsuliyyətsiz bəyanatlar verməzdən əvvəl əhalisinin aqibətini düşünməlidir”, - deyə nazirliyin məlumatında bildirilir.