Şəfəqə Doğru » Manşet » Beşqat məhkum doğru yol axtara-axtara gedib İŞİD-ə qoşulub - Suriyaya gedən azərbaycanlıların işi

Beşqat məhkum doğru yol axtara-axtara gedib İŞİD-ə qoşulub - Suriyaya gedən azərbaycanlıların işi

Beşqat məhkum doğru yol axtara-axtara gedib İŞİD-ə qoşulub - Suriyaya gedən azərbaycanlıların işi
İŞİD tərkibində döyüşlərdə ittiham edilən daha iki azərbaycanlı hakim qarşısına çıxarılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada Bəşər Əsəd hökumətinə qarşı vuruşmaqda, orada təlimlər keçməkdə suçlanan Sumqayıt sakini Mehman Qarayev və Xətai sakini Rövşən Rəhimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin qardaşları ifadə verib.

Mehman Qarayevin qardaşı A.Qarayev söyləyib ki, qardaşının Suriyaya getməsindən xəbəri olmayıb. O bildirib ki, qardaşı Türkiyədə işləmək adı ilə ölkəni tərk edib.

Lakin hakim xatırladıb ki, cinayət işi materiallarında qardaşı ilə olan yazışmaları bunun əksini deyir. A.Qarayev buna cavab verə bilməyib.

Rövşən Rəhimovun qardaşı S.Rəhimov isə ifadəsində bildirib ki, qardaşı ilə münasibətləri yaxşı olmayıb. O deyib ki, qardaşı namaz qılmağa başlayıb, bir müddət sonra isə tam olaraq dinə bağlanıb: "Əvvəl elə deyildi. Sonradan dini daha dərindən yaşamağa başladı. Bir müddət sonra da aramızda soyuqluq yaşandı, görüşmədik".

Məhkəmə iclası davam etdirilir.

İttihama görə, onlar 2013-cü ildə Suriyaya gedib, orada vuruşublar. Bir müddət sonra da geri qayıdıblar.

Təqsirləndirilənlərə qarşı həmçinin Cinayət Məcəlləsinin 218.2 (cinayətkar birlikdə (təşkilatda), mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin birliyində iştirak etmə) və 279-cu (Azərbaycan qanunvericiliyində nəzərdə tutulmayan silahlı birləşmələr yaratma, onların tərkibində iştirak) maddələri ilə ittiham irəli sürülüb.

Hər iki şəxs elan olunmuş ittihamla özlərini təqsirli bilməyiblər.

Sərbəst ifadə verən M.Qarayev deyib ki, sosial şəbəkələrdə Suriyada müsəlmanlara qarşı edilən zülmləri görüb və bundan sonra oraya getmək qərarına gəlib. Qarayev Suriyadan qayıtmasının səbəbini belə izah edib: "Oradakılarla dini baxışlarımızda ziddiyyətlər var idi. Buna görə də orada qalmamağı qərarlaşdırdım".

Digər həbs edilən R.Rəhimov Bakıda dəmirçi işlədiyini deyib. Məlum olub ki, o, artıq 5-ci məhkumluğunu yaşayır.

Daha əvvəl xuliqanlıq, qəsdən sağlamlığa xəsarət yetirmə kimi ittihamlarla cəzalandırılıb. O, doğru yol axtardığını, buna görə dinə meyilləndiyini deyib. Rəhimov bildirib ki, Suriyaya getmək məqsədi də insanlara kömək etmək olub.(Musavat.com)