Azərbaycan Ordusunun aprelin 16-də strat verdiyi hərbi təlimlər Ermənistanda ciddi qorxuya səbəb olub.
Shafaqadogru.com xəbər verir ki, təlimlərdə 30 minlik şəxsi heyət, 250-dən artıq tank və zirehli texnika, 200-ə qədər müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatanlar, 25 ədəd müxtəlif təyinatlı döyüş aviasiyası, yeni növ radioelektron kəşfiyyat vasitələri və pilotsuz uçuş aparatları iştirak edib. Aprelin 16-dan başlayan təlimlər bu gün – 21 apreldə başa çatır.
Düşmən ölkəni ciddi qorxuya salan təlimlər haqda erməni ekspertlərin etirafları diqqət çəkir.
İrəvanda Qafqaz İnstitutunun direktor müavini Serqey Minasyan deyir ki, "aprel müharibəsi”nin ildönümü vaxtı belə təlimlərin başlanması Azərbaycanın əraziləri güc yolu ilə azad etmək prinsipinin üzərində möhkəm dayandığını göstərir.
Onun sözlərinə görə, bu təlimlər həmçinin, Ermənistanın raket komplekskərini nümayiş etdirməsinə cavabdır.
"Bakı Qarabağ danışıqları ətrafında yaranmış durğun vəziyyətlə barışmayacaq və məhz buna görə də ordunun hazır vəziyyətdə saxlanılması üzərində iş aparır. Ötən ilin aprelində baş vermiş hadisələr isə Ermənistanla müqayisədə Azərbaycan ordusunun güclü olduğunu göstərdi”, – deyə o bildirib.
Politoloq Ara Papyan Azərbaycanın hərbi təlimlərlə Ermənistana psixoloji təzyiq göstərmək istədiyini hesab edir.
"Deyə bilərik ki, Bakı buna nail olur, xüsusilə erməni cəmiyyətində ciddi qorxular yaranır. Azərbaycan prezidenti də dəfələrlə vurğulayıb ki, münaqişədə ədalətin güc yolu ilə təmin olunması variantı hər an gündəmdədir. Hesab edirəm ki, ordunu daim bu varianta hazır vəziyyətdə saxlayırlar”, – deyə Papyan ermənilərin qorxularını dilə gətirib.