Şəfəqə Doğru » Gündəm » "Azərbaycanın da yeri gələndə hədəf ola biləcəyini düşünmək olar" - İŞİD təhlükəsi

"Azərbaycanın da yeri gələndə hədəf ola biləcəyini düşünmək olar" - İŞİD təhlükəsi

"Azərbaycanın da yeri gələndə hədəf ola biləcəyini düşünmək olar" - İŞİD təhlükəsi
İŞİD təhlükəsinin dünyanın üzərindən çəkildiyi müşahidə edilir. Terror təşkilatının adı belə hallanmır. Əgər ötən ayın sonlarına qədər Azərbaycan və dünyanın əsas problemlərindən biri İŞİD idisə, müzakirə mövzularının əsasını terror qruplaşması təşkil edirdisə, indi bunların heç biri yoxdur. Bu da artıq İŞİD-ın qınına çəkilməsi anlamına gəlir.

Ekspertlər indiki vəziyyətin terror təşkilatına sərf etdiyini düşünürlər. Bununla onun güc topladığı, qarşıdakı zamanlarda yenidən dünyanı ağuşuna alacaq terror təhlükələri yarada biləcəkləri vurğulanır. Mövcud vəziyyətdən istifadə edib, tamamilə İŞİD-i məhv etməyin zamanının yetişdiyi də qeyd olunur.

Sabiq MTN polkovniki, təhlükəsizlik üzrə ekspert İlham İsmayıl İŞİD terrorunda getdikcə səngimələrin olduğunu vurğuladı: "Terror səngimələrinin bir sıra səbəbləri var. Bunu deməzdən əvvəl onu bildirim ki, terror təhlükələri hələ tam aradan qalxmayıb. Dünyada, Yaxın Şərqdə, konkret olaraq, Suriya və İraqda gedən proseslər elə cərəyan edir ki, dövlətlər arasındakı münasibətlərdə gözləmə mövqeyi açıq görünür. Xüsusilə, Rusiya, İran və Amerika üçbucağında gözləmə mövqeyi var. Danışıqlar prosesi gedir. Bu proseslər gedəndə hansısa dövlət, yaxud konkret hansısa dairələr burada İŞİD-dan istifadə edir. Yəni İŞİD-ın yüksəlişi və enişi terror təşkilatından asılı deyil. Dünyada, konkret Suriya ətrafında gedən proseslərdən asılı olur. Həmin təhlükəni İŞİD yaradıb ki, indiyə qədər bu terror təşkilatı gəlib-getmiş ən təhlükəlisidir - baxmayaraq ki, Avropa dövlətlərində də terror aktları həyata keçiriblər, amma deyərdim ki, İŞİD-ın əsas hədəfi müsəlman ölkələridir. Bu baxımdan Azərbaycanın da yeri gələndə hədəf ola biləcəyini düşünmək olar. Zaman-zaman hədələyib, təhdid ediblər. Silah keçirə bilməyəndə, başqa yollardan istifadə etmək imkanları olmayanda, yeri gələndə maşınları insanların üstünə sürmək tapşırıqları da veriblər. Azərbaycanda konkret bunların hələ əməlləri olmayıb. Amma indiki vaxtda İŞİD-ın aradan qaldırıldığını demək mümkün deyil. İŞİD-ın sonu yaxınlaşmağına yaxınlaşır, amma sürətlə yaxınlaşası deyil. İstənilən halda biz ayıq-sayıq olmalıyıq”.

Təhlükəsizlik eksperti İŞİD-a hərəkət etmək üçün maliyyə və silah lazım olduğunu söylədi: "Maliyə və silah olmadığı zaman bu məsələləri həyata keçirmək ideoloji amillə mümkün deyil. Kimsə fikirləşə bilər ki, özünü Allah yolunda şəhid edəcək, amma bunlar belə məsələlərdə keçmir. Bu amilin də sözsüz ki, təsiri var. Amma hərəkət etmək üçün maliyyə və silahın olması çox vacibdir. Bunun üçün də dövlətlərin, varlı şəxslərin köməyinə ehtiyac var. Hamı bilir ki, Səudiyyə Ərəbistanından ilk vaxtlarda 40 zəngin ailə İŞİD-ın maliyyələşdirilməsində iştirak edib. Şərqi Avropa ölkələrindən də ora xeyli sayda silahlar axışdı. Neftayırma zavodlarını ələ keçirdikdən sonra nefti ucuz satıb xeyli maliyyə əldə etdilər. İndi bu proseslər aşağıya doğru gedir. Bu zaman isə, insanları təşkilata cəlb etmək xeyli çətinləşir. Azərbaycandan ora getmək məsələsi də çətinləşir. İnsanlarda tədricən İŞİD-ın perspektivinin olmaması fikri yaranır. Mosul və digər yerlərdə İŞİD-ın geri çəkilməsi bu fikirlərin oyanmasında mühüm rol oynayır. İŞİD-ın özünə bu vəziyyət sərf etməsə də, başqa yol da yoxdur. Müəyyən olunan qeyri-müəyyənlik deyilən anlayış var, bu qeyri-müəyyənlik müəyyən olduğu zaman İŞİD yenə də təsirlərini göstərməyə çalışacaq. Suriyada hələ proseslər tam bitməyib. Bu ölkənin gələcəyi həll olunmayana qədər İŞİD burada qalacaq. Dövlətlər İŞİD-ın qolları ilə bəzi yerlərdə hərəkət edirlər. Özlərinin də sözsüz ki, hərəkətləri var, var-dövlət qazanmaq istəyirlər, amma böyük dövlətlərdən istər-istəməz asılıdırlar”.