Ermənistan prezidenti Serj Sarkisyan dekabrın 25-27-də Gürcüstanda rəsmi səfərdə olub. Səfər zamanı bır sıra məsələlər müzakirə olunub. Ermənistan prezidentinin səfəri Azərbaycanda da diqqətlə izlənilirdi. Ermənistan-Gürcüstan münasibətlərinin hansı həddədək inkişafı bizim üçün maraq doğurur. Bəs Serj Sarkisyanın Tbilisiyə səfərində məqsəd nə idi?
"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu hesab edir ki, burada Sarkisyanın bir neçə məqsədi olub:
"Ermənistan hakimiyyəti Gürcüstanla nəqliyyat yollarından maksimum istifadə etməyə çalışır. Rusiya strateji müttəfiqi Ermənistanla quru yolla ancaq Gürcüstan üzərindən əlaqə saxlaya bilər. Bu isə indiki şərtlər daxilində hələ ki, mümkün deyil. Çünki, Gürcüstanla Rusiya arasındakı münasibətləri normal deyil, iki ölkə arasında diplomatik münasibətlər də bərpa olunmayıb. Buna baxmayaraq, İrəvan çox çalışır ki, Gürcüstan üzərindən Rusiya ilə əlaqəni bərpa edə bilsin. Qış aylarında vəziyyət bir az daha gərginləşir. Nəqliyyat yollarını buz bağladığından və daima dağ uçqunları olduğundan Rusiya ilə Gürcüstan arasından sərhəd keçid məntəqəsindən malların daşınması çətinləşir. Dəmir yolunu isə işə salmaq mümkün deyil. Gürcüstan dəmir yolunun işləməsinə razılıq versə, bu tanınmayan və işğal altında olan Abxaziya ilə rəsmən əlaqənin qurulması mənasına gələcək. Gürcüstan müxalifəti də bu məsələdə daima hakimiyyəti tənqid edir və iqtidar bu tənqidlə hesablaşmaq məcburiyyətindədir.
Sarkisyanın səfərindən öncə gürcü rəsmilər dəmiryolunun işə düşə başlaya biləcəyinə işarə vurdular. Ancaq bu məsələsinin tezliklə həll olunacağı problematikdir. Dəmiryolunun bərpası üçün texniki və lojistik məsələlər həll olunmalıdır. Bu məsələlərin həlli daha çox Ermənistana lazımdır, nəinki Gürcüstana. Digər tərəfdən rəsmi Tbilisi Rusiya-Ermənistan dəmiryolunun açılması məsələsində Azərbaycanın da mövqeyini nəzərə almaq məcburiyyətindədir. Azərbaycan öz torpaqlarının işğalına görə Ermənistan ətrafında iqtisadi blokdanın zəifləməsində maraqlı deyil. Gürcüstan Azərbaycanın strateji tərəfdaşıdır. Azərbaycanın əsas enerji layihələrində Gürcüstan yer alıb, boru xətləri bu ölkədən keçir. Bundan başqa Azərbaycan Gürcüstana böyük həcmdə investisiyalar yatırıb, kreditlər verib. Bunların heç birini Ermənistan Gürcüstan üçün etməyib, edə də bilməz, çünki maliyyəsi yoxdur".
Politoloq qeyd edib ki, Sarkisyan Gürcüstan hakimiyyətinə Avrasiya İqtisadi Birliyinin imkanlarından istifadə etməyi təklif edib. Sarkisyanın digər təklifi Gürcüstanın Ermənistan üzərindən İrana bazarına çıxışıdır. Sarkisyan buna misal olaraq Ermənistan-İran sərhəddində yaradılan azad iqtisadi zonanı göstərib. Gürcüstanın Ermənistan prezidentinin bu təklifindən istifadə edəcəyi də problematikdir. Gürcüstan Rusiya ilə diplomatik münasibətlərin olmamasına baxmayaraq bu ölkənin bazarına birbaşa çıxmağa çalışır, mineral sular və şərab məhsulları satır. Gürcüstan üçün Avrasiya İqtisadi Birliyinin imkanlarından yararlanmaq faydalı deyil. Digər tərəfdən Avrasiya İqtisadi Birliyinin özündə hələ həll olunmamış məsələlər var, işlək quruma çevrilməyib. Gürcüstan İran bazarına çıxışı isə Azərbaycan üzərindən həyata keçirə bilər. Bakı-Tbilisi-Qars və şimal-cənub dəmir yolu ilə bölgənin və dünyanın malları Azərbaycan üzərindən rahat şəkildə İrana çatdırıla bilər".
"Sarkisyan Tbilisidə olarkən gürcü həmkarı Georgi Marqvelaşvili ilə birgə mətbuat konfransında maraqlı açıqlama verdi. Dedi ki, guya Ermənistan heç zaman Gürcüstanın maraqları əleyhinə sənədlərə imza atmayıb. Bu kökündən yalandır və çətin ki, Gürcüstanda buna inanan tapılsın. Ermənistan BMT-də dəfələrlə Gürcüstanın ərazi bütövlüyünə zidd sənədlərə imza atıb. Elə tək Abxaziya və Cənubi Osetiya ilə bağlı səsvermələrdə Ermənistan Rusiyanın mövqeyinə uyğun səs verib. Sarkisyan ona görə Tbilisini sakitləşdirməyə çalışır ki, gələcəkdə Gürcüstan bölgədə Ermənistanın da maraqlarını nəzərə alsın. Sarkisyan belə bir ifadə işlədib: "Ermənistan və Gürcüstan həssas mövzularda bir-birlərinin maraqlarını nəzərə almalıdır”. Bu sözlər ondan xəbər verir ki, İrəvan Azərbaycan-Gürcüstan əməkdaşlığının miqyasından və Dağlıq Qarabağ münaqişəsinin həllində Tbilisinin Bakıya verdiyi dəstəkdən narahatdır. Ermənistan bu əməkdaşlığın qarşısını ala bilməz. Azərbaycan Gürcüstan üçün dəfələrlə vacib və faydalı tərəfdaşdır. Gürcüstan Ermənistanla əlaqələr olmadan yaşaya bilər. Ancaq Gürcüstan Azərbaycansız zəifləyər. Bunu rəsmi Tbilisi də anlayır", - E.Şahinoğlu deyib.
Politoloq hesab edir ki, bu baxımdan Ermənistan prezidentinin Gürcüstana rəsmi səfərinin effektli olduğunu söyləmək çətindir: "Bunu erməni ekspertlər də qeyd edirlər. Gürcüstanın baş naziri Georgi Kvirakişvili dekabrın 1-də Ermənistana səfər etməli idi. Ancaq bu səfər təxirə salındı. Erməni ekspertlər hələ də bu səfərin hansı səbəblərdən təxirə salınmasını müzakirə edirlər. Yəni Ermənistan siyasi və ekspert dairlərinə də aydındır ki, Ermənistan Gürcüstan üçün Azərbaycanı əvəz edə bilməyəcək. Digər tərəfdən Ermənistan hakimiyyəti Gürcüstana sperataçı mövqeli diplomatı səfir təyin etmək istəyirdi. Gürcüstan Xarici İşlər Nazirliyi həmin şəxsə haqlı olaraq aqreman vermədi. İrəvan məcbur qalıb namizədini dəyişdi. Bütün bu amillər Gürcüstan-Ermənistan münasibətlərində inkişafın mümkünlüyünün zəif olduğunu göstərir. Buna baxmayaraq, Azərbaycan daima Gürcüstan-Ermənistan münasibətlərini diqqətlə saxlamalı, bu əlaqələrin monitorinqini aparmalı və Azərbaycanın maraqlarının nəzərə alınması amillərini daima gürcü rəsmilərin diqqətinə çatdırmalıdır".