Azərbaycan gömrükçüləri Avropaya daşınması nəzərdə tutulan külli
miqdarda narkotik vasitənin ölkənin gömrük sərhədindən keçirilməsinə
cəhdin qarşısını alıblar.
BAKU.WS saytının
məlumatına görə, İran İslam Respublikasının vətəndaşı Arjomandzadeh
Gholamreza Mohammad Alı idarə etdiyi "Renault" markalı, 37B527/8-10
nömrəli yük nəqliyyat vasitəsilə İran İslam Respublikasından Azərbaycan
Respublikası ərazisindən tranzit keçməklə Niderland Krallığına "kiçik
ölçülü transformatorlar" yükünü apararkən Astara Gömrük İdarəsinin idxal
nəzarət xəttində saxlanılıb.
Sürücü
ilə şifahi sorğu-sual aparılaraq idarə etdiyi nəqliyyat vasitəsində
gömrük nəzarətindən gizlədilən, qanunla dövriyyəsi qadağan edilən, o
cümlədən narkotik vasitələr, psixotrop maddələr və ya onların
prekursorlarının olub-olmaması soruşulub. O isə idarə etdiyi nəqliyyat
vasitəsində qanunla qadağan olunan heç bir predmetin olmadığını
bildirib.
Bundan
sonra nəqliyyat vasitəsinə kinoloji xidməti iti tətbiq edilməklə baxış
keçirilib. Baxış zamanı xidməti it yük maşınının qoşqusunun təkərlərinə
reaksiya verib. Bu səbəbdən iki nəfər hal şahidinin iştirakı ilə
qoşqunun təkərləri olan hissəsi təkrar yoxlanılıb. Xüsusi alət və
avadanlıqlardan istifadə edilərək qoşqunun təkərləri açılıb. Nəticədə,
təkərlərin arasında olan - xüsusi düzəldilmiş oxların içərisində,
malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə
gömrük nəzarətindən gizlədilən, üç ədəd oxun hər birində 1 ədəd olmaqla,
cəmi 3 bağlama aşkar edilib.
Həmin
bağlamalar açılarkən isə hər birinin içərisində 34 ədəd olmaqla, cəmi
102 ədəd falqalı kağız və şəffaf yapışqanlı lentlə sarınmış
yastı-dairəvi formalı paketlər aşkar edilib. Daha sonra həmin paketlərin
içərisində açıq-qəhvəyi rəngli narkotik vasitə - heroinin olduğu
müəyyən edilib.
Cəmi 102 ədəd paketdə aşkar olunan heroinin qablaşdırma ilə birgə ümumi çəkisi 52 kiloqram 390 qram təşkil edib.
Faktla bağlı araşdırma aparılır.