Son 10 gün üzrə çaylarda sululuq səviyyəsi açıqlanıb. Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-150, Kiçik Qafqazın çaylarında 130-230, Lənkəran-Astara bölgəsi çaylarında 100-150, Naxçıvan MR çaylarında isə 170 faizini təşkil edib.
Tranzit çaylarda son vəziyyətə gəlincə, fevralın 16-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 5 sm azalma müşahidə olunub. Məntəqədə su sərfi 200 m3/s olmaqla ongünlük normanın 117 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 135 m3/s olmaqla ongünlük normanın 79 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 5 sm azalma müşahidə olunub. Məntəqədə su sərfi 45 m3/s olmaqla, ongünlük normanın 76 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 59 m3/s təşkil edərək ongünlük normanın 84 faizinə bərabər olub.