Şəfəqə Doğru » Gündəm » Gənc fəal qız oğurlandığını etiraf etdi- Prokurorluğa və DİN-ə müraciət olundu

Gənc fəal qız oğurlandığını etiraf etdi- Prokurorluğa və DİN-ə müraciət olundu

Gənc  fəal qız oğurlandığını etiraf etdi- Prokurorluğa və DİN-ə müraciət olundu
İctimai fəal Fatimə Mövlamlı Facebook-da bəyanatla çıxış edərək bildirib ki, martın 31-də oğurlanaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) aparılıb və 5 gün orada saxlanılıb.

Fatimə Mövlanlının açıqlaması cəmiyyətdə ciddi əks-sada doğurubdur. Tanınmış hüquq müdafiəçisi Oktay Gülalıyev məsələ ilə bağlı Respublikanın Baş Prokuroru Zakir Qaralova və Daxili İşlər Naziri Ramil Usubova müraciət edərək, bu cinayət hadisəsində iştirak edənlərin cəzalandırılmasını istəyib:

"Hələ 18 yaşı tamam olmayan gənc fəal Fatimə Mövlamlıya qarşı edilənləri onun dilindən eşitdiniz. O, 31 mart mitinqindən sonra "bandotdel” və DİN İnsan Alverinə qarşı Mübarizə İdarəsinin birgə əməliyyatı nəticəsində həbs olunub. Oğurlanaraq 5 gün girov saxlanılıb. Saxlandığı müddətdə işgəncəyə, qeyri- insani münasibətə, təhdidlərə məruz qalıb. Harda və niyə saxlanması barədə ailəsinə, yaxınlarına məlumat verilməyib. Onun üzərindən bir çox ictimai fəallara qarşı əməliyyat keçirmək təklif olunsa da o bundan imtina edib.

Özünün bildirdiyinə görə yalnız onun müdafiəsinə yönəlmiş ictimai kampaniyadan sonra o sərbəst buraxılıb. Başına gətirilənlər barədə danışmamağı barədə ona ağır hədə- qorxu gəliblər.

Biz Fatimə Mövlamlı yoxa çıxdığı ilk gündən bildirmişdik ki, o Bakıda "Diktatoru tanıdaq” aksiyası keçirdiyinə görə oğurlanıb. Biz onun günahsızlığını, mübarizəsində səmimi olduğunu bildirərək onun müdafiəsinə qalxdıq.

Ölkəmizdə növbəti dəfə dövlətin gücü ilə ən ağır cinayət- adam oğurluğu cinayəti baş verib. Həddi- buluğa çatmayan bir xanım oğurlanıb, dövlət idarəsində saxlanılıb, işgəncələrə məruz qalıb. Bu hadisə Avropanın hansısa bir ölkəsində baş versəydi, xalq ayağa qalxar, hakimiyyət istefaya göndərilərdi. Amma qanunların və insanlığın ayaqlar altına atıldığı bizim ölkədə isə aidiyyatı qurumlar heç nə baş verməmiş kimi hərəkət edirlər. Bu, sadəcə biabırçılıqdır.

Mən fürsətdən istifadə edib Daxili İşlər naziri Ramil Usubova və respublikanın baş prokuroru Zakir Qaralova müraciət edirəm. Fatimə Mövlamlının oğurlanması cinayətində iştirak edən hər kəs məsuliyyətə cəlb olunub layiqli cəzalarını alması üçün lazımi addımlar atın”.