Bu gün Polis Akademiyasında Azərbaycan polisinin 100 illik yubileyi və 2 iyul – Polis günü münasibətilə mərasim keçirilib.
APA-nın xəbərinə görə, tədbirdə Azərbaycan Prezidentinin Hüquq-mühafizə
orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad
Ələsgərov, daxili işlər naziri, general-polkovnik Ramil Usubov, Daxili
İşlər Nazirliyinin (DİN) rəhbərliyi və başqa şəxslər iştirak ediblər.
F. Ələsgərov mərasimdə Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan
polisinin 100 illiyi münasibətilə polis əməkdaşlarına ünvanladığı təbrik
məktubunu oxuyub.
Təbrik məktubunda bildirilib ki, 2 iyul – Polis günü yalnız daxili
işlər orqanları üçün deyil, müstəqil Azərbaycan dövləti üçün əlamətdar
hadisədir.
"1991-ci ildə Azərbaycan müstəqil olduqdan sonra ölkə idarə olunmaz
vəziyyətdə idi. Bu, polis orqanlarına mənfi təsir göstərmişdi,
kriminogen durum nəzarətdən çıxmışdı. 1993-cü ildə Heydər Əliyevin
siyasi rəhbərliyə qayıtması dövləti uçurumdan xilas etdi. Bu gün Heydər
Əliyevin siyasəti uğurla davam etdirilir. Ölkədə insan hüquqları
ədalətli şəkildə qorunur. Azərbaycan polisi dövlətçiliyin qorunmasında
əsas dövlət təsisatıdır. Əminəm ki, Azərbaycan polisi cinayətkarlığa
qarşı mübarizəni bundan sonra da uğurla davam etdirəcək”, - deyə təbrik
məktubunda qeyd olunub.
Daxili işlər naziri R. Usubov bildirib ki, Azərbaycan polisinin ölkədə
sabitliyin möhkəmlənməsində, təhlükəsizliyin təmin edilməsində böyük
rolu var.
Mərasimin sonunda polis əməkdaşlarının təntənəli keçidi baş tutub, Daxili İşlər Nazirliyinə məxsus texnika nümayiş etdirilib.