Şəfəqə Doğru » Gündəm » ABŞ Rusiyanın “şah damarını” kəsir: Kreml hazırlaşır

ABŞ Rusiyanın “şah damarını” kəsir: Kreml hazırlaşır

ABŞ Rusiyanın “şah damarını” kəsir: Kreml hazırlaşır

ABŞ-ın Rusiyaya qarşı noyabrdan etibarən tətbiq edəcəyi yeni sanksiya dalğası neftin qiymətinin gətirdiyi üstünlükləri aşağı salmağa xidmət edəcək.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli deyib. Ekspert Rusiyaya qarşı yeni sanksiyaların həm maliyyə, həm də enerji sektorunu əhatə edəcəyini bildirib:

"Rusiya 2014-cü ildən bəri sanksiyalar rejimində yaşayır. Əvvəlcə çox bəsit olan sanksiyaların həcmi və əhatə etdiyi sahələr getdikcə daha da sərtləşdi. Bunun nəticəsində də Rusiya iqtisadiyyatında 2015-ci ilin sonu, 2016-cı ilin əvvəllərində böyük problemlər yaşandı. Ancaq dünya bazarında neftin qiymətinin yüksəlməsi bu sanksiyaların təsirini az da olsa, yumşaltmağa kömək etdi. ABŞ-ın Rusiyaya qarşı noyabrdan etibarən həyata keçirəcəyi yeni sanksiya dalğası neftin qiymətinin gətirdiyi üstünlükləri aşağı salmağa xidmət edəcək. Son zamanlar Rusiyanın aqressiv şəkildə dünya bazarından qızıl alması da məhz bu təhlükələri önləməyə xidmət edir. Yəni Rusiya beynəlxalq bank sistemi olan SWIFT-dən uzaqlaşdırılacağı təqdirdə ticarət dövriyyəsində qızıldan istifadə imkanlarına nail olmağa çalışır”.

İqtisadi qeyd edib ki, Rusiya ABŞ-ın tətbiq etdiyi sanksiyalara çox ciddi şəkildə hazırlaşır:

"Bu fonda Rusiya tərəfdən müəyyən güzəştlərin olması ehtimalı yüksəkdir. Rusiya iqtisadiyyatı və cəmiyyəti üçün uzun zaman belə sərt sanksiyaların altında yaşamaq çox çətindir. Bir müddət sonra Rusiyada həm sosial, həm də iqtisadi problemlərin daha da kəskinləşməsi ehtimalı çox yüksəkdir. Düşünürəm ki, Rusiya yaxın aylarda Suriya və Ukrayna məsələsində müəyyən güzəştlərə gedə bilər. Əsasən də Suriya məsələsində müəyyən uzlaşmanın tapılması mümkündür. Çünki ABŞ və Qərbin əsas istəklərindən biri İran qoşunlarının Suriyadan tamamilə çıxarılmasıdır. Rusiya bu məsələdə ABŞ-a kömək edə və İranın maraqlarının Suriyada azaldılması yönündə müəyyən addımlar ata bilər. Təbii ki, bu da bir güzəşt şəklində Qərbə təqdim edilə bilər”.

Qeyd edək ki, ABŞ-ın Solsberi insidenti ilə əlaqədar Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar bu gündən etibarən qüvvəyə minib.