Şəfəqə Doğru » Gündəm » Ermənistanda yeni bahalaşma dalğası – Paşinyan seytnot durumda

Ermənistanda yeni bahalaşma dalğası – Paşinyan seytnot durumda

Ermənistanda yeni bahalaşma dalğası – Paşinyan seytnot durumda
Ermənistan və onun ətrafında 8 may hakimiyyət çevrilişindən sonra mürəkkəb proseslər gedir. Dərin islahatlar aparmaq adı ilə hakimiyyətə gələn inqilabçı baş nazir Nikol Paşinyanın qarşısında indi artıq eyni vaxtda iki əsas problemi çözmək vəzifəsi durur: əhalinin sosial-iqtisadi durumunu qısa zamanda yaxşılaşdırmaq, bir də ki, Rusiya ilə konfrontasiyadan qaçmaq. Hər iki istiqamətdə situasiya hələ ki ümidverici görünmür.

Bu arada məlum olub ki, rəsmi Tiflisin qərarı ilə sentyabrın 1-dən Rusiyadan Ermənistana Gürcüstan üzərindən quru yolu ilə buğda tədarükü qadağan edilib . Bu haqda məlumatı "Jamanak” qəzeti yayıb.

"Artıq şirkətlərə xəbərdarlıq edilib ki, Rusiyadan Ermənistana Gürcüstan vasitəsilə buğda daşınması mümkün olmayacaq. Tranzit yalnız Poti limanı vasitəsilə gerçəkləşdiriləcək, yəni Rusiya ilə Gürcüstan arasındakı quru sərhədindən buğda keçirilməsi tam dayandırılacaq. Bununla bərabər, buğda idxal edən şirkətlər Paşinyanı yaranan problemin strateji xarakterli olmasıyla bağlı xəbərdar ediblər. Belə ki, daşımaların dəniz vasitəsilə həyata keçirilməsi dənizdəki havadan asılı olacaq. Üstəlik, bunun nəticəsində bahalaşma qaçılmaz olacaq və xeyli tədarükçü işsiz qalacaq” - qəzet yazıb.

Qadağanın konkret nə ilə bağlı olduğu bildirilməsə də, məsələdə Paşinyan komandasından narazı olan Kremlin "barmağı”nın olduğu istisna edilmir. Hər necə olmasa, qərbyönlü Gürcüstanın rəhbərliyi qərbyönlü Paşinyan hökumətinin pis vəziyyətə düşməsini istəməz.

*****

"Yeni Müsavat” xatırladır ki, Nikol Paşinyanın baş nazirliyinin 100-cü günü ərəfəsində Ermənistanda un (çörək) bahalaşmışdı. Bu haqda yazan "Qraparak” qəzeti onu da qeyd etmişdi ki, un biznesi faktiki şəkildə "Qarabağ klanı”na yaxın olan oliqarx-deputat Samvel Aleksanyanın monopoliyasında olduğundan, unun yenə bahalaşmayacağına heç bir zəmanət yoxdur. Bunu indi həm də buğdanın daşınması ilə bağlı Gürcüstanın yasağı diktə edir.

Çörək isə 1 nömrəli zəruri ərzaq məhsulu sayılır. Beləcə, inqilab eləmiş ermənilərin dolanışığı yaxşılaşmaq əvəzinə, pisləşməyə, yaşayış minimumu qalxmaq əvəzinə, enməyə üz tutub. Paralel surətdə digər zəruri ehtiyac məhsulları, o sırada kənd təsərrüfatı məhsullarının qiymətində də artım müşahidə edilir. Təsadüfi deyil ki, qiymətlərdən narahat olan baş nazir Nikol Paşinyan bir neçə gün öncə qəfildən İrəvan bazarına baş çəkib. Bu barədə o, özünün facebook səhifəsində yazıb.

"Kənd təsərrüfatı məhsullarının qiyməti ilə maraqlanmaq üçün bazara getdim”,- deyə baş nazir qeyd edib. Yerli KİV səfərin "gözlənilməz” olduğunu yazıb. Yerli ekspertlər hesab edir ki, Paşinyanın bazara getməsi son zamanlar artan qiymətlərlə bağlıdır. Belə ki, kənd təsərrüfatı məhsulları ötən ilin müvafiq dövrü ilə müqayisədə 100-150 faiz artıb.

*****

Əlavə edək ki, bir neçə ay sonra - ilin sonunda Rusiya ilə Ermənistan arasında qaz anlaşmanın müddəti bitir. Yeni müqavilədə də "Qazprom” işğalçı ölkəyə mavi yanacağı daha baha qiymətə satacağı barədə qeyri-rəsmi şəkildə anons edib. Bu isə təzə hökumət üçün payızla yanaşı, qışın da "qaynar” keçəcəyi anlamına gəlir. Çünki enerji daşıyıcısı olan qazın bahalaşması daha bir bahalaşma dalğası yaradacaq ki, bu da Paşinyana olan ictimai etimadı kökündən sarsıda bilər.

Ancaq yeni iqtidar Rusiya yönlü kursa qayıtsa, ola bilsin, Moskva ciddi qiymət artımına getməsin. Lakin o halda yenə Paşinyanın daxili reytinqi düşəcək. Ona görə ki, o, Qərbə yaxınlaşmaq şüarları ilə hakimiyyətə gəlib, Qərbə yaxınlaşmaqla da ondan böyük maliyyə dəstəyi almağa ümid edir.


Üstəlik, köhnə siyasətə qayıdış əvvəlki korruspsioner sistemin saxlanması, islahatların boşa çıxması anlamı verəcək ki, bu da "məxməri inqilab”ın hədəflərinə ziddir. O zaman belə bir sual bütün aktuallığı ilə gündəmə gələcək ki, əgər inqilab heç nəyi dəyişdirməyəcəkdisə, Sərkisyan rejimini devirməyə dəyərdimi?

*****

Bütün bunlar Ermənistanın yeni baş nazirinin seytnot duruma girməsindən xəbər verir. Paşinyanın bu vəziyyətdən necə çıxacağı, ələlxüsus Kremlə necə anlaşacağını izləmək maraqlı olacaq. Rusiyanın isə Qərbyönlü kursu tərcih edəcəyi təqdirdə Paşinyan hökumətinə qarşı bir neçə ciddi rıçaqı var.

Biri deyildi - təbii qazın qiymətini artırmaqla işğalçı ölkədə yeni bahalaşma dalğasına səbəb olmaq. İkinci mühüm rıçaq kimi bahalaşma və Paşinyanın reytinqin düşməsi fonunda hakimiyyət dəyişikliyi ssenarisi işə salmaqdır. Bundan ötrü hətta seçki yolu da keçərli ola bilər. Çünki Paşinyan erkən parlament seçkilərini qısa müddətdə keçirmək əvəzinə, gələn ilin aprel-may ayına nəzərdə tutub. O vaxta kimi isə onun öz reytinqinin yüksək səviyyədə saxlayacağı böyük sual altındadır.

Hakimiyyət dəyişikliyi ssenarisi üçün Kremlin ehtiyat namizədləri də var. Məsələn, eks-prezident, Rusiyaya sədaqət sınağından uğurla çıxmış Robert Köçəryan, yaxud Moskvanın adamı olan sabiq baş nazir Karen Karapetyan.

*****

"Ermənistanın keçmiş prezidenti Robert Köçəryan müxalifəti və narazıları öz ətrafında birləşdirə bilər”. Bu barədə erməni politoloq Vigen Akopyan deyib. O, keçmiş prezidentin parlament seçkilərinə hazırlaşdığını bildirib (teleqaraf.com). Erməni politoloq hesab edir ki, Köçəryan baş nazir Nikol Paşinyandan narazı siyasi qüvvələri ətrafında birləşdirməklə, seçkiləri qələbə ilə başa vurmaqda israrlıdır.

"Həbs təhlükəsinin aradan qalxmaması Robert Köçəryanı öz mövqeyini daha da gücləndirməyə məcbur edir. O, buna görə də, siyasi meydanda öz yerlərini itirmiş qüvvələri birləşdirici güc kimi ortaya çıxmağa cəhd edəcək. Köçəryan sanki Paşinyanla bəhsə girib və seçkiləri qələbə ilə başa vurub baş nazir olmaqda israrlı görünür. Əgər keçmiş prezident müxalifətin etibarını qazansa bilsə, bu düşərgənin əsas namizədi kimi seçkilərə qatılacaq. İndiki vəziyyətdə isə onu öz nüfuzunu geri qaytarmaq üçün ağır iş gözləyir. Amma vaxta hələ var”, - deyə Akopyan qeyd edib.

Xatırladaq ki, Robert Köçəryan ötən ay həbs edilsə də, bir neçə gün sonra Apelyasiya Məhkəməsinin, daha doğrusu, onun keçmiş işçisi olmuş hakimin qərarı ilə azadlığa buraxılıb. O, 2008-ci il martın 1-də İrəvan şəhərində keçirilmiş dinc aksiyalar vaxtı etirazçılara atəş açmaq əmri verməkdə ittiham edilir. O zaman 10 nümayişçi öldürülmüşdü.

Nəhayət, Moskvanın əlində Paşinyan komandası əleyhinə Qarabağ "kartı” da var...