Şəfəqə Doğru » Gündəm » XİN-dən nazirlərin görüşü barədə məlumat – Rəsmi

XİN-dən nazirlərin görüşü barədə məlumat – Rəsmi

XİN-dən nazirlərin görüşü barədə məlumat – Rəsmi

Xarici İşlər Nazirliyi Yaponiyanın xarici işlər naziri Taro Kononun başçılıq etdiyi nümayəndə heyətinin bu gün nazirlikdə keçirdiyi görüşlə bağlı rəsmi məlumat yayıb.

XİN-in mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumatda deyilir:

"Xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə rəsmi səfərdə olan Yaponiyanın xarici işlər naziri Taro Kononun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Elmar Məmmədyarov iki ölkə arasında əməkdaşlığın inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin xüsusi əhəmiyyətə malik olduğunu nəzərə çatdırıb.

Taro Kano Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul olunduğunu və görüş zamanı çox faydalı müzakirələrin aparıldığını qeyd edib. Ölkəmizin mühüm coğrafi məkanda yerləşdiyini qeyd edən Taro Kono Yaponiyanın Azərbaycanla əlaqələrini daha da inkişaf etdirmək niyyətində olduğunu bildirib.

Nazirlər Azərbaycan və Yaponiya arasında qarşılıqlı anlaşma və hörmətə əsaslanan dostluq münasibətlərin qurulduğunu qeyd edərək ikitərəfli siyasi dialoqun inkişafından məmnunluqlarını ifadə ediblər. Tərəflər enerji sahəsində iki ölkə arasında uğurlu əməkdaşlığın olduğunu qeyd edərək iqtisadiyyatın digər sahələri, xüsusilə qeyri-neft sektoru üzrə əlaqələrin inkişafı üçün geniş perspektivlərin olduğunu vurğulayıblar.

Nazirlər Azərbaycan və Yaponiya arasında dostluq əlaqələrinin inkişafında parlamentlərarası dostluq qruplarının fəaliyyətini yüksək qiymətləndiriblər”.

Elmar Məmmədyarov ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi üzrə aparılan köklü islahatlar barədə məlumat verərək Yaponiya şirkətlərinin daha da fəal surətdə qeyri-neft sektorunda təmsil olunması üçün cəlbedici imkanların olduğunu bildirib:

"Elmar Məmmədyarov Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərini qeyd edərək Yaponiya şirkətlərinin də bu nəqliyyat və logistika imkanlarından faydalana biləcəyini deyib. Həmçinin, nazir yaponiyalı həmkarına TAP və TANAP layihələri ilə bağlı görülən işlər haqqında məlumat verib. Eləcə də, Elmar Məmmədyarov Azərbaycanla Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyanın fəaliyyətinin fəallaşdırılmasının iqtisadi əlaqələrin inkişaf etdirilməsi baxımından zəruriliyini diqqətə çatdırıb.

Tərəflər iki dövlət arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstək məsələlərinə toxundular və "GUAM+Yaponiya” formatında tərəfdaşlığın vacibliyini qeyd ediblər.

Azərbaycanın ali təhsil müəssisələrində yapon dilinin tədrisi, tələbə mübadiləsinin aparılması, bu ilin sentyabrında ölkəmizdə cüdo üzrə dünya çempionatının keçirilməsi, qarşılıqlı mədəni proqramların təşkilinin ikitərəfli humanitar əlaqələrin inkişafına və insanlararası təmasların artmasına xidmət etdiyi qeyd olunub. Həmçinin, bu qəbildən olan təhsil, idman və mədəni tədbirlərin turizm sahəsində əməkdaşlığın inkişafına töhfə verdiyi bildirilib və birbaşa hava sərnişin reyslərinin açılması məsələsi nəzərdən keçirilib”.

XİN-in məlumatında nazirlərin regional və beynəlxalq gündəliyə aid məsələlərə dair geniş fikir mübadiləsi apardıqları bildirilib:

"Elmar Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə danışıqlar prosesi barəsində məlumat verərək, münaqişənin həll olunmamış qalmasının, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni mövcudluğunun regional sülh və təhlükəsizliyə ciddi təhdid olduğunu bildirib. O, münaqişənin siyasi yolla həlli və ədalətli sülhün təmin olunması üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğun olaraq, Ermənistan qoşunlarının bütün işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu vurğulayıb.

Taro Kano Yaponiyanın münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında sülh yolu ilə həllini dəstəklədiyini bildirib. Yaponiyalı nazir iki ölkə arasında xalqlararası təmasların yaxşılaşdırılması məqsədilə Azərbaycan vətəndaşları üçün viza rejiminin sadələşdirildiyini diqqətə çatdırıb.

Elmar Məmmədyarov Yaponiyanın beynəlxalq hüququn norma və prinsiplərini əsas tutaraq, GUAM-Yaponiya sənədlərində qeyd olunduğu kimi Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığını dəstəkləməsinin təqdir edildiyini qeyd edib”.