Azərbaycan sərhədini pozaraq ölkəyə girməyə çalışan silahlı şəxs zərərsizləşdirilib. Dövlət Sərhəd Xidməti xəbər verir ki, noyabrın 29-da "Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin silahlı şəxslər tərəfindən pozulmasına hazırlıq barədə daxil olmuş əməliyyat məlumatı əsasında həmin istiqamətdəki sərhəd zastavalarının xidməti gücləndirilib, zəruri qabaqlayıcı tədbirlər görülüb.
Saat 19:10 radələrində Cəlilabad rayonunun Edişə kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədinin pozulması barədə daxil olmuş məlumat əsasında sərhəd zastavası "Silaha” komandasına qaldırılaraq hadisə yerinə hərəkət edib, nəzarət-iz zolağında İran İslam Respublikasından Azərbaycan istiqamətində ayaq izləri aşkar olunub.
Sərhəd pozucularının aşkarlanması və yaxalanması məqsədilə əlavə qüvvələr cəlb olunmaqla və xüsusi texniki vasitələrin imkanlarından istifadə edilməklə təxirəsalınmaz sərhəd axtarışı tədbirləri həyata keçirilib, sərhədyanı yaşayış məntəqələri istiqamətində yollar sərhəd naryadları tərəfindən qapadılıb, qarşılıqlı əlaqədə olan hüquq-mühafizə orqanları məlumatlandırılıb.
Saat 21:25 radələrində sərhəd axtarışında olan sərhəd naryadı tərəfindən dövlət sərhədində qaraltı müşahidə edilib, həmin istiqamətdə 2 nəfər naməlum şəxsin qaçmasını aşkar edilib. Sərhəd naryadının "Dayan” komandasına tabe olmayan sərhəd pozucuları tərəfindən sərhədçilərə qarşı avtomat silahdan atəş açılıb, cavab atəşi ilə sərhəd pozucularından biri sərrast atəşlə ayağından yaralanaraq hadisə yerində tutulub. Digər sərhəd pozucusu hadisə yerindən qaçmağa müvəffəq olub. Hadisə yerində 1 ədəd 7,62 mm çaplı AKM-74 markalı silah, 1 ədəd gecəgörmə cihazı, 1 ədəd mobil telefon aşkar olunub. Silahlı müqavimət zamanı sərhəd naryadına qarşı 20-dən yuxarı güllə atılıb, güllələrdən biri xidməti avtomobilə dəyib, sərhədçilər arasında yaralanan və xəsarət alan olmayıb.
Bu gün isə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev hadisə yerində olub, çətin relyef və ağır hava şəraitində dövlət sərhədinin etibarlı mühafizəsini təmin etmiş sərhədçilərə minnətdarlığını bildirib, silahlı sərhəd pozucularının aşkar edilərək zərərsizləşdirilməsində fərqlənmiş hərbi qulluqçuları təltifləndirib.