Şəfəqə Doğru » Gündəm » ABŞ-da Qaşıqçı gərginliyi və Məhəmməd ibn Salmanın taleyi

ABŞ-da Qaşıqçı gərginliyi və Məhəmməd ibn Salmanın taleyi

ABŞ-da Qaşıqçı gərginliyi və Məhəmməd ibn Salmanın taleyi

Bir neçə saat əvvəl Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) direktoru Senatın aparıcı simaları üçün Camal Qaşıqçı cinayəti barədə qapalı brifinq keçirib. Brifinqdən çıxan respublikaçı senatorlar bildiriblər ki, Qaşıqçının qətlini vəliəhd şahzadə Məhəmməd ibn Salmanın sifariş etdiyi haqda təkzibedilməz subutlar var.

Shafaqadogru.com  xəbər verir ki, bunu ekspert Şahin Cəfərli bildirib.

O qeyd edib ki, Respublikaçıların liderlərindən olan Lindsi Qrem (Lindsey Graham) deyib ki, Məhəmməd ibn Salmanın bu cinayətdəki rolunu görməmək üçün kor olmaq lazımdır:

"L.Qrem əvvəllər Trampı tənqid etsə də, son aylar prezidentlə xeyli yaxınlaşıb və onunla qolf oynayan respublikaçılardan biridir. Yəni qənaətləri önəmlidir və dövlət siyasətinə təsir imkanları var. Senatın Xarici Əlaqələr Komitəsinin rəhbəri Bob Korker isə dəlillərin ciddiliyinə işarə edərək vurğulayıb ki, Məhəmməd ibn Salman ABŞ-da məhkəməyə çıxarılsa, onu qətldə ittiham etmək üçün andlılara cəmi 30 dəqiqə lazım olar. Hər iki senator administrasiyanın qanunvericiləri aldatmasından qəzəblənib. Bu məsələdə maraqlı detal budur ki, Mərkəzi Kəşfiyyat İdarəsi Ağ Evin mövqeyinə zidd olaraq MBS-i "vurmağa" çalışır. Əvvəlcə CİA adından qətlin arxasında məhz vəliəhdin dayandığı haqda mediaya məlumat sızdırıldı, sonra isə yenə CİA adından xəbər yayıldı ki, Məhəmməd ibn Salman Qaşıqçının ləğvi əməliyyatına rəhbərlik edən şəxslərə cinayətdən əvvəl və sonra 11 dəfə mesaj atıb. Nəhayət, bu gün CİA direktoru Haspel senatorlara məsələnin mahiyyətini açıb. Tramp şəxsi sədaqətə önəm verən adamdır və CİA direktorluğu üçün Haspelin namizədliyini irəli sürürkən güman edilirdi ki, bu xanım onun sadiq kadrlarından olacaq. Lakin Trampın və kürəkəni Kuşnerin vəliəhd şahzadə ilə dərin əlaqələri, onların bölgənin dizaynı, Fələstin məsələsinin həlli, İranın neytrallaşdırılması kimi önəmli məsələlərdə birgə planlar cızdıqları məlum olduğu halda, CİA faktiki olaraq, prezidentin bu siyasətini sabotaj etməklə məşğuldur. Bu planların içində olan İsrailin Baş naziri Netanyahunun da durumu həsəd doğurmur, bu günlərdə İsrail polisi tövsiyə ilə çıxış etdi ki, hökumət başçısına qarşı korrupsiya ittihamları irəli sürmək üçün əsaslar var".

Ş.Cəfərli qeyd edib ki, açıq görünür ki, Ağ Ev xaricindəki Amerika, Məhəmməd bin Salman yükündən qurtulmağa çalışır: 

"Bu şəxs artıq Vaşinqton başda olmaqla, Qərb üçün toksik hala gəlib. Təkcə Qaşıqçı məsələsi deyil, Yəməndə insanlığa qarşı cinayətlər, Qatarın blokadası, Həriri məsələsi, sülalə mənsublarının təcrid edilib, soyulması və digər avantüralar da var. Belə görünür ki, anqlo-sakson ittifaqı tərəfindən vəziri qurban verib, şahı xilas etmək, yəni Salmanı kənarlaşdırıb, daha məqbul fiquru gətirməklə Səudiyyə Ərəbistanı ilə müttəfiqliyə davam etmək variantına üstünlük verilib. Bu yaxınlarda qoca kralın kiçik qardaşı, bin Salmanın əmisi Əhməd bin Əbdüləziz ABŞ və Britaniya kəşfiyyatlarından təhlükəsizlik təminatı aldıqdan sonra Londondan vətənə dönüb. Şahzadə Əhməd qardaşı oğlunun vəliəhd seçilməsinə müxalifdir. Güman olunur ki, vəliəhd məhz Əhməd özü ola bilər, yaxud o, yeni vəliəhdin müəyyən edilməsində ciddi rol oynaya bilər. Məhəmməd bin Salman isə şahmat taxtasında öz gedişini etməyə çalışır, Vaşinqton və Londonda onu devirmək istəyən çevrələri Rusiya ilə yaxınlaşmaqla təhdid edir. Lakin onun durumu indi suqsvanqa daha çox oxşayır..."