Böyük ehtimalla Armen Sərkisyan ikinci tur olmadan qalib gələcək
Bu gün Ermənistan parlamenti ölkənin yeni prezidentini seçir. Hakim Respublikaçılar Partiyasının lideri, prezident Serj Sərkisyanın "vəlihəd” gözü ilə baxdığı, ölkənin Böyük Britaniyadakı səfiri Armen Sərkisyan əsas namizəddir.
Armen Sərkisyanın 65 yaşı var. Nəzəri fizika və riyaziyyat ixtisası üzrə İrəvan Dövlət Universitetini bitirib. 1976-1984-cü illərdə YDU-da fizika üzrə dərs deyib, universitetdə kompleks nəzəri fizika sistemlərinin kompüter modelləşdirilməsi şöbəsini təsis edib. 1984-1995-ci illərdə gənc alim kimi Cambridge Universitetində dərs deyib. ASərkisyan Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun və Britaniya Astronomiya Cəmiyyətinin üzvüdür. Nəzəri fizika, astrofizika və kompüter modelləşdirilməsi üzrə 50-də çox elmi məqalə və 3 dərslik vasitəsinin müəllifidir. 1992-ci ildən bu günədək, qısamüddətli fasilələrlə, diplomatik sahədə çalışıb. Müxtəlif illərdə Ermənistanın Böyük Britaniya, Avropa İttifaqı, Belçika, Niderland, Lüksemburq və Vatikanda səfiri olub. 1996-cı ilin noyabr ayından 1997-ci ilin fevral ayına kimi Ermənistanın baş naziri vəzifəsində olub. A.Sərkisyan 2001-2013-cü illərdə "British Petroleum”, "Alcatel”, "Telefonica”, "Merrill Lynch” və bir sıra başqa transmilli şirkətlərin baş müşaviri vəzifəsində çalışıb. Onun həmçinin bizneslə məşğul olduğu bildirilir. Yerli mətbuatda onun Ermənistanda və xaricdə bir neçə şirkətə malik olduğu deyilir.
Ekspertlər A.Sərkisyanın qarşıdakı prezidentlik dönəminin hazırkı rəhbərin fəaliyyətindən heç nə ilə fərqlənməyəcəyini bildirirlər.
Politoloq Nəzakət Məmmədova Ermənistanın siyasi kursunun dəyişməyəcəyini düşünür: "Prezidentliyə hakim Respublika Partiyasının və koalisiyadakı Erməni İnqilabi Federasiyası Daşnaksütyun Partiyasının vahid namizədi bu ölkənin Böyük Britaniyadakı səfiri, 1996-1997-ci illərdə baş naziri olmuş Armen Sərkisyandır. Adını çəkdiyimiz hakim partiyalardan başqa parlamentdə deputatların sayına görə ikinci yerdəki müxalifətçi ”Tsarukyan" partiyası da ona səs verəcəyini bildirib. Armen Sərkisyanın dünənki parlament müzakirələrində vahid namizəd olması lehinə 65 nəfər səs verib. Parlamentdə cəmi 9 deputat yerinə malik "Yelk” müxalifət partiyası isə Sərkisyanın əleyhinə səs verəcəyini bildirib.
Prezident vəzifəsinə seçilmək üçün namizəd parlamentdəki 105 mümkün səsdən 79-nu almalıdır. Lakin indiki prezidentin səlahiyyət müddəti 9 apreldə başa çatır. Bu seçkilərlə də ölkə parlament üsul-idarəsinə keçir və artıq prezident yalnız təmsilçilik funksiyalarına malik olacaq, əsas səlahiyyətlər isə baş nazirdə olacaqdır. Lakin hesab olunur ki, Armen Sərkisyan diplomat, biznesmen kimi həm Rusiya, həm də Qərblə sıx əlaqələrə malikdir. Onun biznes və siyasi dairələrdəki əlaqələri ölkəsinə investisiya cəlb olunmasına şərait yarada bilər. O, artıq Ermənistanı texnoloji mərkəzə çevirmək planlarını açıqlayıb. Eyni zamanda həm Avrasiya İqtisadi Birliyi, həm də Avropa İttifaqı ilə sazişlər imzalanmasını düzgün addım hesab etdiyini və bu kursu davam etdirəcəyini bildirib.
Bir ay əvvəl o, Moskvaya, Milana, Londona səfər etmişdi. Adıçəkilən siyasi və maliyyə mərkəzlərinə səfərin məqsədlərindən birinin işgüzar və siyasi dairələrin razılığını almaq ola bilərdi. Qeyd edim ki, nə siyasi sistem dəyişikliyinin, nə yeni prezident seçilməsinin ölkənin siyasi kursunun dəyişməsinə təsiri olmayacaqdır. Regiondakı siyasi proseslərə də təsiri gözlənilmir. Ötən ilin aprelində baş tutmuş parlament seçkiləri qüvvələr balansını artıq müəyyən edib. Ölkədə səlahiyyətlərin baş nazirə keçməsi, parlamentli respublika üsul-idarəsinə keçirməsini nəzərə alaraq demək olar ki, Ermənistandakı siyasi qüvvələr nisbəti artıq çoxdan müəyyənləşib. Hazırkı prezident seçkiləri isə nə daxili, nə xarici siyasətə həlledici təsir göstərməyən bir prosesdir. Əgər Serj Sərkisyan bu dəfə baş nazir qismində bütün səlahiyyətləri əlində saxlayaraq ölkənin faktiki idarəçiliyini davam etdirəcəksə, parlament də ötən ildən fəaliyyətini davam etdirirsə, yeni prezident seçkilərindən nəsə gözləmək mənasızdır".
Politoloq düşmən ölkədə güc nisbətinin illər öncədən dəyişdiyini də söylədi: "Ermənistandakı güc nisbətinin əsası bu gün yox, 2015-ci ilin 6 dekabrında ölkə konstitusiyasının referendum yolu ilə dəyişilməsi zamanı qoyulub. Məhz həmin vaxt konstitusiya islahatlarının təşəbbüskarı hakim Respublika Partiyası ölkədəki güc mərkəzini Prezident Administrasiyasından parlamentə keçirməyi bacardı və bununla da özünün hakimiyyətinin davamlılığını təmin etmiş oldu. Biz bu gün Ermənistanda 2015-ci ilin dekabr ayında yazılmış ssenarinin son tamaşasının oynandığını görürük. Bu, Serj Sərkisyanın prezidentliyinin son dönəmi ilə eyni vaxta salındı. Gördüyümüz kimi, real olaraq hakimiyyəti Serj Sərkisyan özü ilə parlamentə və baş nazirliyə transfer etməyi bacardı. Hazırkı prezident vəzifəsi isə artıq formal səciyyə daşıyacaqdır”.