Ölkənin şimal-qərbində yerləşən Tovuz rayonunda məmur özbaşınalıqları, vətəndaşları narahat edən problemlər səngimək bilmir. Dəfələrlə mətbuatda Tovuz rayon İcra Hakimiyyətinin (RİH) başçısı Tofiq Zeynalovun fəaliyyəti ilə bağlı tənqidi məlumatlat dərc edilsə də, icra başçısı fəaliyyətində dönüş yaratmaq istəmir. Baş Dövlət Yol Polis İdarəsi rəisinin qardaşı olan Tofiq Zeynalov 2007-ci ilin fevral ayından etibarən, yəni 8 ildir Tovuza rəhbərlik edir. Şikayətlərə, etirazlara baxmayaraq əhalinin üzləşdiyi problemlərə lazımi səviyyədə münasibət göstərmir. Elə buna görədir ki, rayonda ayrı-ayrı sahələrdə ciddi problemlər mövcuddur. Tovuz əhalisinin sosial-iqtisadi vəziyyəti getdikcə aşağı düşür. Rayonda kommunal xidmət sahələri ilə bağlı çox böyük problemlər var. Belə ki, dağ kəndlərinin əksəriyyətində qaz yoxdur, işıq və su isə fasilələrlə verilir. Kəndlərin əksəriyyətinin işığı gün ərzində saatlarla söndürülür. Tofiq Zeynalov rayondakı bütün vəzifələrə yalnız öz qohumlarını təyin edir. Kənar şəxslərin burada vəzifə tutması yalnız 3-4-cü dərəcəli sahələrdə mümkündür. Tovuzun hazırda iki - zeynalovlar və həsənovlar qruplaşmalarının nəzarətində olması hər kəs məlumdur. Əslində bu qruplaşmalar eyni klanda birləşir. Çünki Qovlar kəndinin nümayəndəsi olan icra başçısı Tofiq Zeynalovla müavini Mahir Həsənov qudadırlar. Rayonun bütün təmir-tikinit, abadlıq işlərini bu iki qudanın klanına daxil olan şəxlər həyata keçirir. Mətbuatda Tovuz rayonunda 7 ilə yaxındır təmir-tikinti, quruculuq işlərini aparan şirkətin - "Qovlar Təmir Tikinti" MMC-nin məhz Zeynalovla Həsənovun ortaq şirkəti olması ilə bağlı çoxsaylı məlumatlar dərc olunub. AzFakt.com-a daxil olan məlumata görə, son aylarda Tofiq Zeynalovla Mahir Həsənov arasında soyuq küləklər əsməyə başlayıb. Belə ki, Tovuz rayonun idarə edən bu iki klan arasında artıq ciddi savaş başlayıb. Mənbəmiz iddia edir ki, Tofiq Zeynalovun yaşının keçməsi və xəstə olması ilə əlaqədər vəzifəsindən çıxarılması söz-söhbətləri, birinci müavini, qudası Mahir Həsənovu hərəkətə keçməyə vadar edib. Çünki uzun müddətdən bəri iqtidarın yuxarı dairlərinə gizli şəkildə "xod" axtaran və tapan Mahir Həsənov icra başçısı postuna yiyələnmək niyyətindədir. Məlumata görə, qudasının gizlin iş çevirməsi icra başçısını və ətrafını ciddi şəkildə qəzəbləndirib. Hətta Tofiq Zeynalovun rəhbərliyi ilə yaxın ətrafının yığıncağında Mahir Həsənovun cəzalandırılması və karyerasının üstündən xətt çəkilməsi irəli sürülüb. Mənbəmiz qeyd edir ki, qudalar arasındakı narazılıq ilk növbədə "Qovlar Təmir Tikinti" MMC-də özünü göstərib. Belə ki, rayon daxili büdcəsi hesabına aparılan təmir-tikinti işlərində artıq bu şirkətə heç bir tender verilməyib. Tofiq Zeynalov və adamları bu şirkətin bir hissəsində pay sahibləri olduqları üçün yaxın aylarda onu Mahir Həsənovdan almağa çalışacaqlar. Mənbəmiz Mahir Həsənovun da sakit durmadığını və qudasına müqavimət göstərdiyini iddia edir. Bu isə əsasən birinci müavinə yaxın idarə müdirlərinin, sahibkarların bir yerdə toplanması və bütün məsələlərdə Mahir Həsənovu dəstəklədiklərini açıq şəkildə bildirmələridir. Göründüyü kimi, dövlətin milyonlarını mənimsəyərək oliqarxa çevrilmiş qudalar artıq bir-biriləri ilə mübarizəyə başlayıblar. Bu isə o anlama gəlir ki, hər iki klan artıq Tovuzda iki hakimiyyətlilik istəmirlər. Qarşı tərəfidə dinləyə bilərik.
Shafaqadogru.com conflict.az-a istinadən bildirir.