Şəfəqə Doğru » Gündəm » Şirvanda müəllimənin ölümü sifariş verən MƏMURDAN YENİ XƏBƏR

Şirvanda müəllimənin ölümü sifariş verən MƏMURDAN YENİ XƏBƏR

Şirvanda müəllimənin ölümü sifariş verən MƏMURDAN YENİ XƏBƏR

Şirvanda müəllimənin qətlini sifariş verməkdə təqsirləndirilən Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin sabiq əməkdaşı Rövşən Ağayev və onunla birgə ittiham olunan Xankərəm Kərimov, Cavanşir Qədirov, Mətləb Əmirovun barələrində aparılan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Shafaqadogru.com-un open.az-a istinadən verdiyi  məlumatına görə, təqsirləndirilən şəxslər barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Cinayət işi məhkəmənin sədri Həbib Həsənovun icraatına verilib.

Məhkəmənin baxış iclası yanvarın 14-ə təyin edilib.

Qeyd edək ki, hadisə ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun mətbuat xidmətləri birgə məlumat yayıb.

Birgə məlumatda qeyd edilib ki, Şirvan şəhər sakini Abdullayev Xəyal Hüseynağa oğlunun yaşadığı evdə keçirilmiş axtarış zamanı onun satış məqsədilə qanunsuz olaraq əldə edib saxladığı külli miqdarda – ümumi çəkisi 77,4 qram 258 ədəd güclü təsir edən maddə olan preqabalin həbləri aşkar edilərək götürülüb.

X.Abdullayev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar zamanı məlum olub ki, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin əməkdaşı Ağayev Rövşən Firudin oğlu və onunla əlbir olan Şirvan şəhər sakini Əmirov Mətləb Sabir oğlu Şirvan şəhər sakini Abdullayeva Sarayxanım Nadir qızından sonuncunun oğlu təqsirləndirilən şəxs X.Abdullayevin həbsdən buraxılmasına köməklik edilməsi adı altında dələduzluq yolu ilə xeyli miqdarda pul vəsaiti alıblar.

Araşdırmalarla həmçinin müəyyən edilib ki, S.Abdullayeva bu il mayın 24-də itkin düşüb.

Qeyd olunan faktlar üzrə başlanmış cinayət işi üzrə həyata keçirilən birgə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində R.Ağayev Dövlət Təhlükəsizliyi Xidməti orqanlarından xaric edilib və iş üzrə R.Ağayev və M.Əmirov şübhəli şəxs qismində saxlanılıb.

Daha sonra hüquq-mühafizə orqanları tərəfindən Şirvan şəhər sakini, 1956-cı il təvəllüdlü Sarayxanım Abdullayevanın meyiti tapılıb.

Şirvanda orta məktəb müəllimi olmuş S. Abdullayevanın meyiti Şamaxı rayonunun Padarçöl kəndi ərazisində dərədə aşkarlanıb.

Məlum olub ki, S. Abdullayeva Hacıqabul rayon sakini, 1992-ci il təbəllüdlü Kərimov Xankərəm Kərim oğlu tərəfindən öldürülüb. X. Kərimovun qətli Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin əməkdaşı Ağayev Rövşən Firudin oğlunun sifarişi ilə törətdiyi bildirilib.

Cinayət işi üzrə daha sonra bu hadisə ilə bağlı Cavanşir Qədirov da həbs edilib.

Şirvanda müəllimənin ölümü sifariş verən DTX əməkdaşından YENİ XƏBƏR