"Azərbaycan Ordusunun cənub istiqamətində zəfəri Ermənistan və Dağlıq Qarabağdakı oyuncaq rejimin quldur rəhbərlərini narkotik istehsalı və becərilməsindən əldə olunan böyük gəlirlərdən məhrum edib”. Bu sözləri "Yeni Müsavat”ın əməkdaşına Milli Məclisin deputatı Arzu Nağıyev bildirib.
Deputatın sözlərinə görə, uzun illər Ermənistan tərəfi Dağlıq Qarabağ və işğal altındakı ərazilərimizi Azərbaycan hökumətinin və beynəlxalq birliyin nəzarətindən kənar bölgəyə çevirməklə bu ərazilərdən transmilli mütəşəkkil cinayətkarlığın, o cümlədən narkotik vasitələrin becərilməsi, qanunsuz dövriyyəsi və digər cinayətkar fəaliyyətlərin genişlənməsinə şərait yaradıb: "Ordumuzun Füzuli rayonunun işğaldan azad etdiyi ərazilərində narkotik bitkilərin becərildiyi geniş plantasiya və laboratoriya aşkarlanıb. Bu fakt onu göstərir ki, Ermənistan nəzarətsiz torpaqlardan təkcə narkotranzit məkanı kimi istifadə etməyib. Orada narkotik istehsalı da həyata keçiriblər. Terrorçu dəstələri Qarabağa çəkib gətirən pulla yanaşı narkotik olub. Ordumuzun qarşısında duruş gətirə bilməyib Ermənistana qaçan dəstələrdəki əsgərlərə narkotik verilməsini təsdiq edən videofaktlar da var. Əsgərlərində xofu aradan götürmək üçün onlara narkotiki gen-bol şəkildə veriblər. Amma qaçhaqaçın, panikanın qarşısını almaqda acizdirlər. Düşmən Azərbaycan Ordusu qarşısında tab gətirmək iqtidarında deyil. Bunu bilirlər və narkotiklərlə əsgərlərini zəhərləməklə nəyəsə nail olacaqlarını düşünürdülər. Narkotiklər də daha onlara kömək etmir. Digər tərəfdən də, Ermənistan hökumətinin beynəlxalq narkomafiya ilə sıx əlaqədə olması da təzə xəbər deyil. Azərbaycan müstəqillik qazanandan sonra mənfur qonşularla müharibəyə cəlb edildi. Narkomafiyalar da əsasən gərginlik ocaqları olan ərazilərdəki separatçılarla əlbir işləyirlər. Əvvəllər narkotiklər əsasən Balkanlar üzərindən daşınırdı.
Sonradan Balkanlarda müharibə qızışdığına görə marşrutu cənub və şimal istiqamətinə dəyişmişdilər. İran, Rusiya, Azərbaycanın işğal altında olan və Gürcüstan ərazilərindən istifadə edilərək Avropaya narkotik daşımaları həyata keçirilirdi. Ukrayna əraziləri də narkoticarətçilərin tranzit yollarına daxildir. Bu marşrutlar hansısa ölkənin razılığı və ya narazılığı ilə seçilmir. Bu marşrutları narkobaronlar, həmin trafikə nəzarət edənlər müəyyən edir. Onların tərəfdaşları isə təbii ki, separatçı, işğalçı rejimlər olur. Əfqanıstandan Avropaya narkotik daşıyanların yeni - ”Şimali Balkan yolu" adlandırdığı marşrut məhz Azərbaycandan keçir: Əfqanıstan, İran, Azərbaycan, Gürcüstan və Qara dəniz vasitəsilə Bolqarıstana daşınır. Köhnə Balkan marşrutu isə İrandan birbaşa Türkiyəyə yönəlirdi. İrandan Türkiyəyə toplanan heroin ya İstanbul vasitəsilə Bolqarıstana, ya Anadolu boyunca - Egey dənizi və Yunanıstana, ya da Hakkaridən şimala - Qara dəniz və Ukraynaya daşınır. Almaniya, İtaliya, Hollandiya, Britaniya bazarlarına heroin məhz bu marşrutlarla gedir. Ermənistanın silah alınmasına xərclədiyi milyardların mənbəyi həm də işğal olunan ərazilərdə narkotik becərilməsi, narkotiklərin qanunsuz dövriyyəsinə şərait yaratmaları idi. On illərlə Dağlıq Qarabağ və ətrafında işğal olunan rayonlarda terrorçulara, qanunsuz dəstələrə narkoticarət üçün geniş imkanlar açmışdılar. Həmin ərazilərdə narkolaboratoriyalar da mövcud olub. BMT-nin hesabatlarında bu haqda məlumatlar yer almışdı. Son məlumatlar da bir daha bunu təsdiq edir".
Deputat deyir ki, dondurulmuş münaqişə zonaları narkomafiyaların narkotranzit xəritələrində marşrutların keçdiyi ərazilər kimi qeyd olunur: "Dağlıq Qarabağ zonasında relyef də dondurulmuş münaqişə terrorçulara, qanunsuz dəstələrə narkoticarət üçün münbit şərait yaradırdı. Ərazimizin 20 faizinin Ermənistan tərəfindən işğal olunması nəticəsində ölkənin 132 kilometrlik sərhədi nəzarət olunmayan əraziyə çevrilmişdi. Bu da erməni tərəfinə həmin ərazilərdə öz cinayət məqsədlərini həyata keçirmək üçün əlverişli imkanlar açmışdı. Ermənilər uzun müddət idi ki, Əfqanıstan-İran-Dağlıq Qarabağ marşrutu üzrə narkotik maddələrin daşınmasını həyata keçirirdilər. Bu, təkcə Azərbaycan deyil, bəşəriyyət üçün təhdid idi. Ərazilərə nəzarət edilməməsi və beynəlxalq qurumların da bu istiqamətdə müvafiq addımlar atmaması problemi daha da dərinləşdirmişdi. BMT-nin Narkotiklər və Cinayətlə Mübarizə Təşkilatının hazırladığı ”Dünya Narkotiklər hesabatında" bildirilirdi ki, Qafqazda və regionda separatçı rejimlərin nəzarətində olan ərazilər - xüsusən də Dağlıq Qarabağ və Abxaziya heroin trafikində önəmli yer tutur. Narkotik maddələrin satışından əldə olunan milyonlar müxtəlif növ silahların alınmasına, işğal zonalarında terrorçu düşərgələrin yaradılmasına, terror qruplaşmalarının maliyyələşməsinə, onlara kütləvi təlimlər keçilməsinə, dünyanın müxtəlif münaqişə zonalarına terrorçu dəstələr göndərilməsinə sərf olunub. BMT-nin narkotiklərlə bağlı hesabatına görə ümumilikdə Avropaya daşınan heroin satışından gələn illik gəlir 20 milyard dolları aşır".
Arzu Nağıyev deyib ki, düşmən ölkə rəhbərliyinin narkotranzitdən gəlir əldə etməsi də kimsəyə sirr deyildi: "Azərbaycan ərazi bütövlüyünü təmin etməklə həm də düşməni narkotrafikdən əldə etdiyi böyük məbləğlərdən məhrum edib. Daha Dağlıq Qarabağ və ətrafında olan ərazilər Ermənistan hakimiyyətində təmsil olunan və narkotrafikdən pay alanlar üçün qapalı zonadır. Onlar bizim ərazilərimizdən qovulurlar. Azərbaycan-Ermənistan sərhədi dünya dövlətlərinin qəbul etdiyi kimi bərqərar ediləcək. Azərbaycan Ordusunun zəfərləri bunu deməyə əsas verir”.
"Yeni Müsavat”