Şəfəqə Doğru » Gündəm » Azərbaycana “Donuz qripi”nə qarşı peyvənd gətirilib - Nazirlikdən reaksiya

Azərbaycana “Donuz qripi”nə qarşı peyvənd gətirilib - Nazirlikdən reaksiya

Azərbaycana “Donuz qripi”nə qarşı peyvənd gətirilib - Nazirlikdən reaksiya

Bakıya "donuz qripi"nə (H1N1 virusu) qarşı peyvənd gətirilib. Shafaqadogru.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Sputnik Azərbaycan-a həkim-terapevt, hepatoloq Zaur Oruc məlumat verib.

Z. Oruc bildirib ki, bütün dünyada peyvəndləmə prosesi oktyabr-noyabr aylarında başa çatıb: "Sözügedən peyvənd Fransada Paster Kommersiya Cəmiyyətində istehsal olunub. Onun 6 aylıqdan 5 yaşadək olan uşaqlara vurulması tövsiyə edilir. Eyni zamanda, bu peyvəndi böyüklərə, eləcə də 65 yaşdan yuxarı insanlara da vurmaq olar. Ölkəmizdə peyvənd olunmağa böyük maraq müşahidə edilsə də, müraciət edənlərin sayı azdır. Bəziləri isə Gürcüstana getdikləri üçün peyvənd etdirmək istədiklərini bildirirlər. Peyvəndin qiyməti 38 manatdır”

"Qafqazinfo” məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirovla əlaqə saxlayıb.

 

O qeyd edib ki, dünyada "donuz qripi” nə qarşı peyvənd yoxdur: "Mövsümi qrip peyvəndi var. Sadəcə özəl klinikalar  qonşu Gürcüstanda yayılan "donuz qripi” virusundan istifadə edərək əhaliyə dərmanları satmaq üçün qripə qarşı xaricdən peyvəndlər gətiriblər. İndi kimsə istəyirsə, həmin klinikalara müraciət edib peyvənd oluna bilər. Qiymətinin də 38 manat olduğunu deyirlər”.

P. Abubəkirov xatırladıb ki, Azərbaycanda Sovet dövründən bəri qrip vaksinasiyası planlı şəkildə həyata keçirilməyib:

"Ona görə də dövlət xəstəxanalarında qripə qarşı peyvəndlərin olmasına ehtiyac duyulmayıb.  
Bizim camaat rəsmi xəbələrdənsə, blokun ağzında danışılan məlumatlara daha çox inanır. Sadəcə biz qonşu Gürcüstanda aşkar edilən "donuz qripi” virusuyla əlaqədar dezinfeksiya işləri aparırıq. Həmçinin gömrük-sərhəd keçid məntəqələrində termokameralar quraşdırmışıq. Gürcüstandan Azərbaycana gələnlərdə temperatur varsa onu yoxlayırıq. Bu günə kimi 900-ə yaxın şəxs temperaturla Gürcüstandan Azərbaycana gəlib. Onlardan analiz götürülüb və Respublika Taun Əleyhinə Stansiyaya göndərilib. Heç birində də "donuz qripi”  virusu aşkarlanmıyıb”.