48 yaşlı Şamaxı şəhər sakini Şəhla Səttar qızı Veyisova belə deyir. Onun sözlərinə görə, övladları – Kamran Veyisov (25 yaş), Kənan Veyisov (23 yaş) əqli, qızı Kəmalə Veyisova (19 yaş) isə həm əqli, həm də fiziki qüsurludur:
"Hər üç uşağım beyinlə əlaqədar xəstəlikdən əziyyət çəkir. Böyük oğlumla, qızımda epilepsiya xəstəliyidir. Onlar 12-14 yaşınadək sağlam idilər. Bu yaş dövrünü keçəndən sonra hər ikisində problem yarandı. Böyük oğlum bir yaşı olanda, atası işə gedirdi, arxasınca qaçanda, yıxıldı, ayağı sındı. Bir müddət gipsdə qaldı, o zaman körpə bərk qorxdu. Ayağı sağaldı, amma 14 yaşından sonra başladı aradabir qorxu keçirməyə. 20 yaşı olanda yıxıldı, qabırğası çatladı. Bundan sonra uşaqda intensiv epileptik tutmalar başladı.
İkinci oğlum sapsağlam idi, 12 yaşı olanda, gecə vaxtı təxminən 1,5 metr hündürlüyündə hasardan yıxıldı. Şamaxı Rayon Xəstəxanasına apardıq. Uşaq iki gün komada qaldı, ayılanda da heç kimi tanımadı. Xəstəxanadan göndəriş vərəqəsi istədik ki, oğlumu Bakıya aparaq. Lakin vermədilər, dedilər ki, özümüz müalicə edəcəyik. Oğlum bir ay həmin xəstəxanada yatdı, amma nəticəsi olmadı. İndi 23 yaşı var, istəyir ki, nəsə aktiv bir hərəkət eləsin, başı gicəllənir, başını yerə qoyur, mədəsi bulanmağa başlayır. Ağrıdan qıvrılır, başını tutub qalır. İrana apardıq, həkimlər dedilər ki, beynində qan laxtalanıb. Əməliyyat olunub, laxta qan təmizlənərsə düzələcək. Mənim əməliyyata maddi imkanım çatmadı”.
Şəhla Veyisova taleyindən şikayətlənir. Deyir ki, həyat mənim üçün qarmaqarışıq oldu, övlad sarıdan üzüm gülmədi:
"Uşaqlarımın xəstəliyinə görə başqa heç nə düşünə bilmirəm. Dərdi-sərdən yorulmuşam. Qızım eşidir, amma danışa bilmir. Altı ay öncə Bakıdakı özəl xəstəxanalardan birinə apardıq, qan analizi alındı, Türkiyəyə göndərildi. Cavabı gəldi, həkimlər son nəticə olaraq dedilər ki, uşağın xəstəliyi hidrosefaliyadır. Müalicəsi də yalnız cərrahi üsulladır. Uşağın beynində şuntlama əməliyyatı olunacaq, 14 gün müddətində tam sağalacaq. Bu əməliyyat üçün də iyirmi beş min manat pul oxundu. Mənim də bu qədərə gücüm çatmadı, uşağımı götürüb Şamaxıya qayıtdım. Qızımın səhhəti getdikcə pisləşir, gecələr yatanda sidiyini tuta bilmir, yerişi pozulub, əqli zəifliyi daha da artıb. Yeməyini özüm əlimlə yedizdirirəm”.
Şikayətçinin bildirdiyinə görə, sağlamlıq imkanları məhdud olan uşaqlarına görə 18 yaşadək sosial müavinət alıb. Müavinət yaşı bitəndən sonra xəstəliyə görə əlillik dərəcəsi almaq istəsə də, bu mümkün olmayıb:
"Uşaqlara əlillik dərəcəsi almaq istəyirik, amma bizim işimizə baxan yoxdur. 2015-ci ildə oğlumun əsgərlik vaxtı çatdı, ona verilən müavinət dayandırıldı. 2018-ci ildə qızımın 18 yaşı tamam olduğuna görə onun da müavinəti dayandırıldı. Hara müraciət edirəm, bu işə baxan yoxdur. Uşaqlarım xəstə olduğu halda, dövlət tərəfindən heç bir qayğı və diqqət göstərilmir. Bu dövlətin yiyəsi varsa, görsünlər ki, bu uşaqlar niyə belədir? Nə Şamaxı Rayon Müalicə Diaqnostika Mərkəzində, nə də Dövlət Sosial Müdafiə Fondunun Şamaxı Rayon Şöbəsində problemimizə baxmırlar.
Səhiyyə Nazirliyinə yazdım, dedilər ki, uşaqlar Şamaxı Rayon Müalicə Diaqnostika Mərkəzində müalicə olunmalıdır. Xəstəxananın baş həkimi də dedi ki, sizin hər üç övladınızın müalicəsini qarşılamaq imkanımız yoxdur. Yaxşı bilirsiniz ki, hazırda Azərbaycanda yaşamaq çox çətindir, dolanışıq yoxdur. Üç xəstə övladın hərəsinin dərmanına hər ay ayrı-ayrılıqda iki yüz manat xərcləyirəm. Yoldaşım fəhlə işləyir, boğazımızdan kəsib, uşaqların müalicəsinə xərcləyirik ki, nə qədər ömrümüz var, onlar yaşasınlar. Yalnız böyük oğluma görə yüz otuz manat təqaüd alıram”.
Şamaxı Rayon Müalicə Diaqnostika Mərkəzi ilə dəfələrlə əlaqə saxlamaq cəhdlərimiz boşa çıxıb.
Shafaqadogru.com Teref.infoya isdinadən bildirir.