Şəfəqə Doğru » Gündəm » Paşinyan satqınlıqda ittiham və şantaj edilir - TƏHLİL

Paşinyan satqınlıqda ittiham və şantaj edilir - TƏHLİL

Paşinyan satqınlıqda ittiham və şantaj edilir - TƏHLİL
Ötən həftə Azərbaycan və Ermənistan xarici işlər nazirləri bu il üçün ilk dəfə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə birlikdə Parisdə görüşdülər. Rəsmi məlumatlara görə, 4 saatdan çox çəkən danışıqdan sonra tərəflər xalqları sülhə hazırlamağın zəruriliyi barədə razılığa gəldiklərini açıqladılar. Həmçinin bu formatda müzakirələrin gələn ay davam etdirilməsi və iki ölkə rəhbərlərinin görüşünü təşkil eləmək yönündə ilkin anlaşma əldə olundu. Bu barədə tərəflərin və vasitəçilərin yaydığı bəyanatda bildirilir.

Paris görüşünü intriqalı edən də ən əvvəl budur. Görüşdən sonra hamı Azərbaycanda və Ermənistanda "xalqları sülhə hazırlamaq” zəruriliyinin arxasındakı detalları bilməyə çalışır. Xüsusən də işğalçı ölkədə inqilabdan sonra müxalifətə keçmiş Qarabağ klanının, devrilmiş prezident Serj Sərkisyanın rəhbəri olduğu Ermənistan Respublikaçılar Partiyasının (ERP) təmsilçiləri hansısa sülh anlaşmasının yaxınlaşdığını iddia edərək, Nikol Paşinyan və onun hökumətini şantaj eləməyə, anlaşmanın mahiyyətini bilmədikləri halda onu hətta erməni maraqlarına xəyanətdə suçlamağa başlayıblar.

Məsələn, partiyanın mətbuat katibi Eduard Şarmazanov bildirib ki, ERP-də "Qarabağa və bütövlükdə xarici siyasətə görə əndişə var”. Sitat: "Biz hakimiyyətin bəzi addımlarından narahatıq. Xüsusən də Azərbaycan və Ermənistan Xarici İşlər nazirlikləri başçılarının görüşləri ilə bağlı - hansıların ki, detalları haqda heç nə bildirilmir. Biz görürük ki, İlham Əliyev və Elmar Məmmədyarov danışıqlara hansısa ümidlər bağlayırlar. Bizə çox maraqlıdır ki, bunlar nə ümidlərdir. Ermənistan hakimiyyəti öz növbəsində, konkret qiymət vermir. Erməni hakimiyyətinin təcrübəsizliyi nəticəsində Ermənistan danışıq prosesində öz mövqelərini itirir”.

Mətbuat katibinin fikrincə, indiki hökumət, ümumiyyətlə, ölkənin milli və dövlət maraqlarından çıxış etmir.

*****

Maraqlıdır ki, düşmən ölkədə müharibədən yana da əndişə yaşanır. Hətta erməni nəşrlərindən biri iddia edib ki, aprel-may aylarında Azərbaycan hücuma keçə bilər. Nəşr yazıb ki, Ermənistan Müdafiə Nazirliyində ötən həftə bir sıra qapalı məsləhətləşmələr olub və "konkret məsələlər” müzakirə olunub. Həmin "konkret məsələlər”dən biri yazda, aprel-may aylarında Azərbaycanın Qarabağda hansısa lokal, hətta total hərbi əməliyyatlara başlamasının istisna edilmədiyi barədə olub. Müzakirələrdə Ermənistan ordusunun bu əməliyyatlara qarşı dayanmaq potensialının nəzərdən keçirildiyi də bildirilir.

İrəvandakı Qafqaz İnstitutunun direktoru, politoloq Aleksandr İskəndəryan isə tərəflərin yaxın gələcəkdə ümumi dil tapacağı perspektivinə şübhə ilə yanaşdığını deyib. Onu zənnincə, Azərbaycan qarşılıqlı güzəştlərə (?!-red.) hazır deyil. "Əgər hazır olsaydı, bunun üçün inqilabı gözləməz və güzəştlər barədə danışıqları keçmiş rəhbərliklə başlayardı”, - deyə o iddia edib. Erməni politoloq sərhəddə yenidən gərginləşmənin olacağını istisna etməyib, lakin genişmiqyaslı müharibənin olacağını düşünmür.

"Gərginliyin azalması onunla bağlıdır ki, Azərbaycan rəhbərliyi indiki mərhələdə vəziyyəti gərginləşdirməyin lazım olmadığını anlayır. Lakin gərginlik artacaq”, - İskəndəryan əlavə edib.

Öz növbəsində başqa bir erməni siyasi şərhçi Akop Badalyan hesab edir ki, danışıqlarda status-kvoya nəzarət siyasi mexanizmlərinin tətbiqi və gərginləşmə risklərinin azaldılması cəhdləri edilir. Onun sözlərinə görə, artıq münaqişə zonasında bərqərar olmuş status-kvo legitimlik qazanıb. "Həmsədrlər özləri də anlayır ki, qarşılıqlı güzəşt prinsipi işləmir və status-kvonun dəyişdirilməsi cəhdləri yeni müharibəyə səbəb olacaq”, - deyə o qeyd edib. Badalyana görə, Azərbaycan problemin hərb yolu ilə həlli ideyasından imtina etməyəcək.

*****

Beləcə, Ermənistanda hazırda Qarabağla bağlı həm sülh, həm də müharibə təlaşının artdığı müşahidə olunur. Paralel surətdə baş nazir Nikol Paşinyan Dağlıq Qarabağ ermənilərini birbaşa danışıqlara qoşmaqla bağlı öz tələbindən geri çəkilməkdə ittiham olunur. Guya o, öz xalqını aldadıb. Halbuki separatçıların birbaşa danışıqlara qoşulmasına rəsmi Bakının heç vaxt razılıq verməyəcəyi öncədən hamıya, o cümlədən artıq müxalifətdə olan Qarabağ klanlna, erməni ekspert çevrələrinə və həmsədrlərə yaxşı bəlli idi.

Elə də oldu. Danışıqlar yenə Azərbaycan və Ermənistan arasında, onların xarici siyasət idarəsinin başçıları səviyyəsində arasında davam etdirilir. Bu da şübhə yox ki, Azərbaycanın prinsipial mövqeyi sayəsində mümkün oldu. Qarabağa dair yekun qərarı da nə vaxtsa məhz Azərbaycan və Ermənistan rəhbərləri səviyyəsində verəcək, daha sonra iki ölkənin parlamentləri ictimai rəyi nəzərə alaraq həmin qərarı təsdiqləyəcək. 

O ki qaldı separatçıların danışıqlara qoşulmasına, rəsmi Bakı buna əslində etiraz eləmir, ancaq Dağlıq Qarabağ erməniləri ATƏT-in Minsk Qrupunun mandatına uyğun olaraq, sülh prosesində Dağlıq Qarabağın azərbaycanlı icması kimi, yalnız maraqlı tərəf qismində iştirak edə bilərlər. Yəni danışıqlara hər iki icmanın legitim təmsilçiləri eyni statusla qatıla bilər.

Yeri gəlmişkən, Dağlıq Qarabağın azərbaycanlı icmasının yeni rəhbəri Tural Gəncəliyev iki xalq arasında barışıq və etimad mühitinin yaradılması naminə buna hazır olduğunu bəyan edib. Hər necə olmasa, bölgədə iki xalqın nümayəndələri gec-tez birgə yaşamalı olacaqlar. Demək, qarşılıqlı etimad da ilk növbədə onların arasında yaranmalıdır. Azərbaycan dövləti bu prosesə təkan verməyə, köçkünlərin öz doğma yurdlarına qayıdışı üçün bütün mümkün dinc rıçaqlardan istifadə eləməyə hazırdır.

Lakin bu zaman ölkəmizin ərazi bütövlüyü siyasi alver predmeti ola bilməz. Bakı işğal edilmiş torpaqlarımızda ikinci, qondarma erməni dövləti yaradılmasına heç vaxt izn verməyəcək. Dəfələrlə və rəsmən bəyan edildiyi kimi, bunu gözləyənlər boşuna gözləyir və əfsus ki, sülhü deyil, müharibəni yaxınlaşdırırlar.

*****

Qərb təhlilçiləri də Paris görüşünün əvvəlki bu tipli təmaslardan pozitiv planda fərqləndiyini qeyd edirlər.

"Son bir neçə ildə ilk dəfədir ki, Qarabağ danışıqlarında irəliləyiş müşahidə olunur”. "Yeni Müsavat”ın məlumatına görə, bu sözləri britaniyalı jurnalist və yazar, Karnegi Beynəlxalq Sülh Fondunun təhlilçisi, Qafqaz, xüsusilə Qarabağ münaqişəsi üzrə mütəxəssis Tomas de Vaal 2019-cu ildə Dağlıq Qarabağ konflikti istiqamətində hansı dəyişikliklərin gözlənildiyi haqda axar.az-a danışarkən deyib.

Onun sözlərinə görə, xarici işlər nazirlərinin Paris görüşü bu cəhətdən xüsusi əhəmiyyət kəsb edir: "Sözügedən görüşdən sonra ATƏT-in Minsk Qrupunun həmsədrləri olduqca həvəsləndirici (ümidverici) bəyanatla çıxış etdilər. Bu tipli bəyanatı sonuncu dəfə mən 2011-ci ildəki Kazan görüşündən sonra müşahidə etmişdim. Nə dəyişdi? Aydındır ki, Ermənistanda legitimliyi olan və rəhbərləri 1990-cı illərin müharibəsində birbaşa iştirak etməyən bir hökumətin hakimiyyətə gəlməsi dinamikanı dəyişdi. Azərbaycan tərəfi də Qərb tərəfdaşlarına müsbət təkliflər irəli sürə bildiyini sübuta yetirmək istəyir. Həmsədrlərin bəyanatında ən maraqlı məqamlardan biri də nazirin ”əhalini sülhə hazırlamaq üçün konkret tədbirlərin görülməsinin zərurəti" ilə razılaşması faktı oldu".

Politoloqa görə, bu, artıq yeni bir şeydir və "sülh razılaşmasının kağız üzərində iki liderin imzası ilə deyil, həm də erməni və Azərbaycan xalqlarının dəstəyini tələb etdiyinin etirafıdır”.

"Bütün bunları vurğuladıqdan sonra bir az realist olmalıyıq. İki tərəfin mövqeyi hələ çox uzaqdır. Onlar təxminən iki il yarım müharibə astanasında idilər. Mən bunu vəziyyəti sabitləşdirmək və sülh prosesinin yenidən başlanğıcı üçün atılmış hər hansı bir addımdan daha güclü olduğunu düşünürəm”, - deyə de-Vaal əlavə edib.

Lakin aydındır ki, danışıqlar prosesinin böyük sülh anlaşması ilə bitməsi ən əvvəl işğalçı tərəfdən asılıdır. Çünki Azərbaycanın güzəştə gedəcəyi bir şey yoxdur və heç vaxt öz ərazisinin bir qisminin de-yure itirilməsi əvəzinə sülh variantına razı olmayacaq.