Ədliyyə Nazirliyinin Penitensiar Xidməti Gəncə hadisələrinə görə həbs edilən Eşqin Quliyevin ölümü ilə bağlı məlumat yayıb.
Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, E.Quliyev 09.08.2018-ci il tarixdə Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasına daxil olub.
Bildirilib ki, tibbi müayinədən keçirilən E.Quliyev "İnsanın İmmun Çatışmazlığı infeksiyası (QİÇS) 4-cü klinik mərhələ. Viruslu hepatit C, anemiya. Diareya” diaqnozu ilə ixtisaslı müayinə və müalicə məqsədilə Penitensiar Xidmətin Müalicə müəssisəsinə keçirilib, müalicəsi yoluxucu xəstəliklər şöbəsində aparılıb, 27.09.2019-cu il tarixdə "İnsanın İmmun Çatışmazlığı infeksiyası (QİÇS) 4-cü klinik mərhələ. Baş-beyin ödemi. Dərin koma” diaqnozu ilə intensiv terapiya şöbəsinə köçürülüb: "Aparılan intensiv müalicə tədbirlərinə baxmayaraq, 29.09.2019-cu ildə saat 15:20 radələrində E.Quliyev müalicə aldığı şöbədə "İnsanın İmmun Çatışmazlığı infeksiyası (SPİD) 4-cü klinik mərhələ. Viruslu hepatit C, anemiya. Diareya. Baş-beyin ödemi. Dərin koma fonunda ağciyər-ürək çatışmazlığı” diaqnozu ilə vəfat edib”.