Rusiyayla 2008-ci il avqust müharibəsi zamanı Azərbaycan Gürcüstan banklarına necə yardım edib? Gürcüstanın Milli Bankının keçmiş prezidenti Giorgi Kadagidze bu əməliyyatın detallarını açıqlayıb.
24News.ge portalı xəbər verir ki, sabiq prezident 10 avqust 2008-ci il tarixində iki ölkə arasında gecə aparılan ortaq əməliyyatın Gürcüstanın maliyyə stabilliyi üçün son dərəcə uğurlu nəticələr gətirdiyini bildirib:
"Avqust müharibəsindən sonra təbii reaksiya kimi vətəndaşlar kütləvi şəkildə banklardakı depozitlərini götürməyə başladılar. Nəticədə qısa müddətdə böyük valyuta qıtlığı ilə üz-üzə qalan kommersiya bankları Milli Bankın köməyini gözləyirdilər. Təbii ki, Milli Bank olaraq biz kommersiya banklarına bizim valyutamızın az olması barədə heç nə demədik. Onlara əlimizdə kifayət qədər banknot olduğunu və sabah səhər pul götürə biləcəklərini, ictimaiyyətin təşvişinin yatırılması üçün tələb olunan bütün pulları vermələrini dedik. Həmin gecə 300 milyon dollar daşıyan iki inkassator Bakıdan yola düşdü və səssiz-sədasız Tbilisiyə gəldi”.
Sabiq prezident əməliyyat zamanı gözlənilməz qəzanın baş verdiyini, lakin vicdanlı vətəndaşların səyi nəticəsində aradan qaldırıldığını qeyd edib.
Bu deyilənlərə Azərbaycan tərəfdən açıqlama almaq hələlik, mümkün olmayıb.
2008-ci ildə beşgünlük müharibədən sonra Rusiya Gürcüstanın separatçı Cənubi Osetiyanın və Abxaziyanın müstəqilliyini tanıdı. //moderato.az//