Şəfəqə Doğru » Manşet » Putin Ərdoğandan 50 saniyəlik ayaqda gözlətmənin qisasınımı aldı? – Çarı intizarda qoymayın!

Putin Ərdoğandan 50 saniyəlik ayaqda gözlətmənin qisasınımı aldı? – Çarı intizarda qoymayın!

Putin Ərdoğandan 50 saniyəlik ayaqda gözlətmənin qisasınımı aldı? – Çarı intizarda qoymayın!
Rusiyanın Odessa limanını vurması Vladimir Putinin Türkiyəli həmkarı Rəcəb Tayib Ərdoğandan qisas almaq niyyətindən qaynaqlana bilər. TEREF.AZ-ın ovqat.com-a istinadən məlumatına görə, Ukraynalı hərbi ekspert Mixail Samus bu qənaətdədir.

Ordu, Konversiya və Silahsızlaşdırma Mərkəzinin beynəlxalq məsələlər üzrə direktor müavini olan Samusun fikrincə, Tehran sammitində Ərdoğanın rus həmkarını 50 dəqiqə gözlətməsi Putinin nüfuzunu beş quruşluq edib. Putin də Ərdoğanın cavabını onun adı ilə anılan "Taxıl dəhlizi sazişini” sabotaj etməklə vermiş ola bilər.

"Nəzərə alsaq ki, Odessaya zərbə endirmək əmrini məhz Putin verib, ola bilsin ki, o, Ərdoğanın İrandakı görüşə 50 saniyə gecikməsindən və onu açıq şəkildə alçaltması həqiqətən də çox inciyib. Bu, əslində mümkündür. Ola bilər ki, Putin bu hücumla Ərdoğanın beynəlxalq nüfuzuna zərbə endirmək istəyir. Əgər belədirsə, bu cür hücumlar davam edəcək. Çünki hərbi baxımdan "taxıl dəhlizi”nin məsuliyyətini Türkiyə daşıyır”, - ekspert bildirib.

Bu təhlükəni nəzərə alan Mixail Samus Ukraynanın çoxqatlı və mürəkkəb hava hücumundan müdafiə sistemi potensialını gücləndirməsini və öz infrastrukturunu raket zərbələrindən qorumasını vacib sayır. "Ukrayna Silahlı Qüvvələri tezliklə limanlara və körpüləri vura biləcək qanadlı və ballistik raketləri zərərsizləşdirmək üçün orta və uzun mənzilli sistemlərə ehtiyac duyur”, - deyə ekspert Kiyevə xəbərdarlıq edib.



Onun sözlərinə görə, Almaniyanın IRIS-T SLM sisteminin tədarükü yenə gecikir və bu vəziyyətdə Norveçin NASAMS hava hücumundan müdafiə sistemləri Ukraynanın köməyinə gələ bilər. Ekspert Ukrayna Silahlı Qüvvələrinin rusların Xerson yaxınlığındakı infrastruktur obyektlərinə uğurla zərbə endirməsindən sonra səmanı raketlərdən qorumaq zərurətinin kəskinləşəcəyini proqnozlaşdırır:

"Rusiya qanadlı raketləri ilə Dnepr üzərindəki körpülərimizə zərbələr endirə bilər. Ona görə də hava hücumundan müdafiə məsələləri dərhal həll edilməlidir. Alman IRIS-T SLM-lərinin yenidən ləngidiyi bir zamanda bizim NASAMS sistemlərinə daha çox ehtiyacımız yaranır. Bu müdafiə sistemlərinin alınması ideal olardı. Çünki onlar mobildirlər, çox yığcamdırlar, məsələn, infrastruktur obyektlərinin yerləşdiyi ərazilərə göndərilə bilərlər. Əslində Odessada və Dnepr üzərində mühüm funksiyaları yerinə yetirən o qədər də çox körpü yoxdur. İndi əsasən limanlar rusların xüsusilə diqqət mərkəzində olacaq”.

Ekspert hesab edir ki, limanlara gücləndirilmiş hava hücumundan müdafiə sistemləri yerləşdirməli və onların qorunma tədbirləri genişləndirməlidirlər: "Rusiyanın əlində bir neçə min raketi var (köhnə, yeni - fərqi yoxdur) və onlar həmin raketlərlə limanlara zərbə endirə bilərlər”.

Samus proqnozlaşdırır ki, Putin taxıl ixracı zərurətinin arxasında gizlənərək tezliklə Ukraynanın cənubunda atəşkəsə nail olmaqda israr edəcək.

"Onlar orada çox çətin vəziyyətdədirlər. Amma son HİMARS zərbələrindən əvvəl, məncə, rus generalları Putini əmin etdilər ki, orada dəhşətli heç nə yoxdur, nəzarət öz əllərindədir, sadəcə olaraq, Donbass uğrunda döyüş gedən zaman cənub istiqamətində hücumu davam etdirə bilməzlər. Donbasın işğalını başa çatdıran kimi ruslar qoşunlarını cənuba köçürərək yenidən Odessaya hücuma keçəcəklər. Vəziyyətləri kritikdir, nəsə etmək lazımdır”,- ekspert yekunlaşdırıb.

Qeyd edək ki, İyulun 22-də İstanbulda taxıl və digər kənd təsərrüfatı məhsullarının ixracı üçün Ukraynanın üç limanının - Odessa, Çornomorsk və Pivdennı limanlarının blokdan çıxarılması haqqında saziş imzalanıb. Ukraynanın infrastruktur naziri Oleksandr Kubrakov və Rusiyanın müdafiə naziri Sergey Şoyqu BMT və Türkiyə ilə ayrı-ayrılıqda eyni sazişlər imzalayıblar.

120 gün müddətinə qüvvədə olacaq razılaşmaya əsasən, Odessa, Çornomorsk və Pivdennı limanlarına nəzarət tamamilə Ukrayna tərəfində qalır. Gəmilər tərəflərin təsdiq etdiyi marşrut üzrə hərbi müşayiət olmadan hərəkət etməlidir, lakin Ukraynaya gedən gəmilərdə silahların olub-olmaması yoxlanılacaq.

Maraqlıdır ki, imzalanan bu sazişə bir çox Avropa ölkələri təmkinli yanaşmışdılar. Xüsusilə alman mediası rusların bu sazişə əməl edəcəyinə inanmadıqlarını vurğulamışdı. "Volksstimme” qəzeti müqaviləni şərh edən yazısında bildirirdi:

"Bu, ümidverici addım kimi görünür. Rusiya və Ukrayna BMT-nin vasitəçiliyi və Türkiyənin dəstəyi ilə üçüncü dünyanın təcili ehtiyac duyduğu taxılın Ukraynadan ixracına imkan yaratmaq barədə razılığa gəliblər... Lakin əldə edilən razılaşma ilk növbədə niyyət bəyannaməsidir. Təbii qaz daşınmalarında təcrübələrdən də yaşadığımız kimi, Rusiya müqavilə imzalandıqdan sonra Qərbi istədiyi kimi şantaj edə biləcək. Məsələn, onlar deyə biləcəklər ki, əgər siz bizim tələblərimizi yerinə yetirməsəniz, dünyanın ən kasıb insanları təəssüf ki, aclıqdan ölməyə davam edəcəklər və bu da sizin günahızdır!"

Müqavilənin imzalanmasının ertəsi günü rus qoşunları dörd raketlə Odessaya hücum etməsi alman mediasının bu narahatlığını təsdiqlədi. Atışma nəticəsində Odessa Dəniz Ticarət Limanının infrastrukturuna ciddi ziyan dəydi. Üstəlik, Ukraynalı hərbi ekspert Mixail Samusun qənaətləri doğrudursa, bu hücum sadəcə ona görə edildi ki, Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan rus həmkarını 50 saniyə ayaqda gözlədərək intizarda qoymuşdu.