Hər şey bundan sonra İraq və İranın münasibətlərini hansı formatda tənzimləyəcəyindən çox asılıdır.
Bu sözləri Axar.az-a açıqlamasında analitik Vüqar Zifəroğlu deyib. O bildirib ki, Müktəda əs-Sədrin seçkilərdə qalib gəlməsi İraqla bağlı müəyyən yeni fikirlərin ortaya çıxmasına səbəb olub:
"Amma unutmaq olmaz ki, Müktəda əs-Sədr özü də şiə lideri olaraq, hər zaman İraqda ideoloji nöqteyi-nəzərdən İrana daha yaxın olan siyasət yürüdüb. Ona görə də hazırda İranla müəyyən fikir ayrılıqları olsa da, düşünmürəm ki, Müktəda əs-Sədrin qələbəsi İraqı bütövlükdə İranın təsir dairəsindən çıxaracaq”.
Analitikin sözlərinə görə, ABŞ İraqdakı seçkilərin nəticələrindən maksimum dərəcədə istifadə etməyə çalışacaq:
"Amma buna nail olub-olmaması ciddi şübhə doğurur. Çünki hazırda seçkilərdə qalib gələn qüvvənin ABŞ-la əməkdaşlığa gedəcək, bu əməkdaşlığa can atan qüvvə olması inandırıcı görünmür. Nəzərə almaq lazımdır ki, İraqa müdaxilələr zamanı Qərbə qarşı ən ciddi müqavimət ocaqlarını formalaşdıranlardan biri məhz Müktəda əs-Sədr idi. Yəni bu mənada onun indiki dönəmdə hər hansı bir şəkildə Qərblə ciddi əməkdaşlığa getmə ehtimalı çox aşağıdır. Amma İraq müəyyən mənada artıq yeni siyasi xətt və hədəflər götürə bilər”.