Şəfəqə Doğru » Gündəm » Jurnalistlər binasında dözülməz vəziyyət: Bununla bağlı Prezidentə müraicət edildi

Jurnalistlər binasında dözülməz vəziyyət: Bununla bağlı Prezidentə müraicət edildi

Jurnalistlər binasında dözülməz vəziyyət: Bununla bağlı Prezidentə müraicət edildi
Jurnalistlər binasında dözülməz vəziyyət: Bununla bağlı Prezidentə müraicət edildi
02 Mart, 2020 [20:00]
PaylaşTweetGoogle++

Analoq.az saytının baş redaktoru Savalan Talıblı özünün "facebook” səhifəsində jurnalistlər binasında olan vəziyyətlə bağlı status paylaşıb.

AzToday.az xəbər verir ki, S.Talıblı statusdakı müraciəti ölkə Prezidentinə ünvanlayıb. Həmin müraciəti olduğu kimi təqdim edirik:

"Cənab Prezident, mənim müraciətim Sizin Kütləvi İnformasiya Vasitələri əməkdaşlarının mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə əlaqədar tikilən binadakı acınacaqlı vəziyyətlə bağlıdır.

Məlum olduğu kimi Sizin Sərəncamınızla jurnalistlərə binanın tikilməsi ilə bağlı ilkin olaraq 5 milyon manat ayrılmışdı.

Bu qədər pula tikdikləri binada olan vəziyyət isə dözülməz həddədir. Qapı-pəncərədən, binanın damından gələn səslər yuxumuzu ərşə çəkib. Evdə quraşdırılan su, qaz turbaları, krantları hamısı yararsızdır. Elektrik xətləri bərbad gündədir. Evə köçən gündən demək olar ki, sakinlər ancaq bu problemlərin aradan qaldırılması ilə məşğuldur.

Təmir işləri həddindən çox məsrəf və vaxt apardığından binada olan digər problemlərə baxanda yenə dözüləsi haldır. Binanın təmiri (daha doğrusu təmirsizliyi) Bakının küləyinə, yağışına uyğun gəlmir. Küləkli günlərdə uğultu səsindən evdə oturmaq olmur. Qapı-pəncərələrdən gələn vıyıltıdan, ortalığı qarışdıran, nəfəs darlığı yaradan toz-torpaqdan evdə oturmaq mümkün deyil, çünki evdə oturmaqla küçədə dayanmayın heç bir fərqi yoxdur.

Hələ evin damından gələn səsləri demirəm. Dünən gecədən səhərə qədər evə su damıb. Əldə vedrə, əski parçaları döşəmədən su təmizləmişik. İki il ərzində bəlkə üç dəfə qapı-pəncərələrin rezinini dəyişmişəm, amma heç bir faydası olmayıb. Binada yaşadığım gündən qazandığım ancaq təmir sursatlarına və usta pulunu ödəməyə gedir. Problemlər isə birmir ki, bitmir.

Binanın tikintisinə ayrılan vəsaitlər isə bir çoxunun yeyinti mənbəyinə çevrildi. Kimin nə qədər yeyib-dağıtdığı nə mənə, nə də digər sakinlərə məlum deyil. Amma onu bilirəm ki, binanın tikintisini öz üzərinə götürənlər bu biabrçılıqların yaranmasının səbəbkarlarıdır. Onlar bir pəncərəni belə doğru-düzgün yerləşdirməyiblər. Cənab prezidentin sərəncamı ilə ziyalılara verilmiş evlərə bu gün də su damır.

Möhtərəm Prezident, dərdimiz o qədər böyükdür ki, birini deyirik, biri qalır. Binanın zirzəmisində "Kaspi” hazırlıq kursları var. Orada olan qiymətlər şəxsən mənim aldığım əməkhaqqının yarısıdır. Əli Həsənova məxsus həmin hazırlıq kurslarındakı qiymətlər çox yüksək olduğundan övladımı oranın nə bağçasına, nə də dərs məşğələlərinə göndərə bilirəm.

Binanın həyətində gündəlik lazım olan ərzaq və qida məhsullarını almaq üçün heç dükanımız da yoxdur. Böyük həyət-bacamız olsa da, binanın işıqlandırılması yox səviyyəsindədir. Bu problemlərlə bağlı bir çox qapıları döymüşük, dərdimizi dinləsələr də heç bir əlac edən olmayıb. Narahatlıqla bağlı yazdığım bu yazını olduğu kimi Sizə ünvanlamaq qərarına gəldim.

Cənab Prezident, bunun sadəcə bir vətəndaş müraciəti olduğunu və bu səbəblə fikrlərimi sadə cümlələrlə, bütün səmimiyyətimlə yazdığımı bildirmək istəyirəm.

Daim xalqın bütün problemlərilə maraqlanan, xalqın arasında olan, səmimi və dəyərli Prezidentimiz, Sizə bu müraciəti etməklə problemlərimizin həll olunmasına ümid edirik”.