Bəzən hökumətin konkret strukturları öz vəzifələrini hansısa bir nöqtədə yerinə yetirmədikdə, o cinahdan vətəndaşın dövlətə qarşı olan qınağı meydana çıxır.
Bu sözləri Axar.az-a millət vəkili Zahid Oruc prezidentin andiçmə mərasimindən sonra yenidən təşkil ediləcək hökumətlə bağlı danışarkən deyib.
O bildirib ki, yeni hökumətin təşkili dövlətin birinci şəxsinin səlahiyyətləri altında olan bir məsələdir və onun konstision hüququdur:
"Biz seçki dönəmində irəliyə sürdüyümüz fikirlərin gələcəkdə təşkil olunacaq hökumətdə nəzərə alınmasını arzulaya bilərik. Bu, xalqın da çox faydasına olar. Çünki çevik, məsuliyyətli, hesabatlı, vətəndaşının yanında olan hökumət həm də dövlətin birinci şəxsinin regional və beynəlxalq miqyasda həyata keçirdiyi kursun daha təminatlı olmasına töhfəsini vermiş olur. Bu gün Azərbaycanın dövlət rəhbəri digər ölkələrin rəhbərlərindən daha artıq dərəcədə ən müxtəlif milli, ictimai-siyasi, həmçinin də qlobal vəzifələrlə yüklənib. Bu reallıqdır. Çox arzulayıram ki, Prezident İlham Əliyevin çevikliyinə, hər zaman vətəndaşın yanında olmasına, məsuliyyətliliyinə, şəffaflığına, həmçinin böyük liderlik gücünə ortaq olan elə bir hökumət formalaşsın ki, o, millətimizin mənafeyinin xeyrinə işləsin”.