Ekspert: "Dizel yanacağının qiymətinin artımı birbaşa kənd təsərrüfatı məhsullarına təsir edir və məhsulların maya dəyərini, fermerlərin xərcini artıracaq”
"Yanacağın qiymətinin artımı ölkə iqtisadiyyatını stimullaşdıra bilməz. Bu, yalnız istehsalın qarşısını ala bilər və iqtisadiyyatımız üçün ciddi problemlər yaradar”.
Bu sözləri kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov dizel yanacağının qiymətinin artacağı ilə bağlı yayılan məlumatı şərh edərkən PİA.AZ-a açıqlamasında qeyd edib.
Yaxın zamanda dizelin qiymətinin qalxması ilə bağlı xəbərlər yayılır. Bəzi ekspeetlərə görə, iqtisadiyyatı şaxələnməyən ölkələrdə bu cür qiymət artımları baş verir və dizel yanacağının qiyməti kənd təsərrüfatı daxil olmaqla, əksər sektorlarda xərci müəyyənləşdirən əsas faktorlardan biri olduğuna görə, təsirləri də önəmli rol oynayır.
Onu da qeyd edək ki, dizel yanacağı axırıncı dəfə 2013-cü ildə 45 qəpikdən bahalaşaraq 60 qəpik olub.
Hazırkı şəraitdə dizelin qiymətinin artması iqtisadiyyata, xüsusən də kənd təsərrüfatına necə təsir edə bilər? Ümumiyyətlə, yanacağın qiymətinin artması hər hansı bir halda iqtisadi inkişaf üçün stimul yarada bilərmi və bu addımın atılması üçün hansısa iqtisadi zərurət varmı?
Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı kənd təsərrüfatı eksperti Vahid Məhərrəmovunfikirlərini öyrənib.
Vahid Məhərrəmov: "Bu gün bir sıra məhsullara olan tələbat alıcılıq qabiliyyətinin aşağı düşməsinə görə azalıb”.
Dizel yanacağının qiymətinin artmasının iqtisadi inkişafa mənfi təsir edəcəyini vurğulayan ekspert Vahid Məhərrəmova görə, bu qərar kənd təsərrüfatı məhsullarının itkisinə, məhsuldarlığın aşağı düşməsinə və maya dəyərinin artmasınasəbəb olacaq:
"Benzinin qiymətinin artımı belə kənd təsərrüfatı məhsullarının istehsalına, maya dəyərinə çox ciddi təsir etdi. Digər tərəfdən bizim kəndlilər istehsal etdikləri məhsulların satış qiymətini artıra bilmədilər və xüsusən də bu pambıqçılıq, taxılçılıq sahəsinə təsir etdi. İndiki halda dizel yanacağının qiymətinin artımı birbaşa kənd təsərrüfatı məhsullarına təsir edir və məhsulların maya dəyərini, fermerlərin xərcini artıracaq. Bu isə fermerləri məcbur edəcək ki, onlar istehsal etdikləri məhsulların satış qiymətlərini artırsınlar və bu, bahalaşmaya səbəb olacaq.
Ölkədə alıcılıq qabiliyyətinin çox aşağı olduğunu nəzərə alsaq, kəndlilər və fermerlərin istehsal etdikləri məhsulun bir hissəsi elə tarla və ya anbarlarda xarab olacaq. Bu gün bir sıra məhsullara olan tələbat alıcılıq qabiliyyətinin aşağı düşməsinə görə azalıb. Digər tərəfdən, bu ölkədən ixrac olunan malların təsiridir. Bildiyiniz kimi, aqrar sektorda becərmə və daşınma əaasən dizel yanacağı ilə işləyən maşınlar vasitəsilə həyata keçirilir. Həmçinin bu istehsal olunan məhsulların qiymətini də artıracaq. Bu isə itkilərin artmasına səbəb olacaq.
Vahid Məhərrəmov: "Bizim ölkə üçün məhsulun xərcini, maya dəyərini azaltmaq çox vacib məsələdir”.
Yanacağın qiymətinin artmasının iqtisadi inkişafa təsirinə gəlincə, ölkənin özü yanacaq istehsal edir. Biz həm də neft ixracatçısı kimi böyük həcmdə neft ixrac edirik. Azərbaycanda hökümət çalışmalıdır ki, enerji daşıyıcılarının qiyməti aşağı olsun. Bu, ölkə iqtisadiyyatını stimullaşdırar. Ona görə ki, kənd təsərrüfatı və sənayə müəssisələrində məhsul daha ucuz istehsal olunar.
Bu gün dünya bazarında ucuz məhsul daha çox rəqabət qabiliyyətinə malikdir və bizim ölkə üçün məhsulun xərcini, maya dəyərini azaltmaq çox vacib məsələdir. Çünki biz hələ öz iqtisadiyyatımızı qaydasına sala bilməmişik. Bu baxımdan yanacağın qiymətinin artımı ölkə iqtisadiyyatını stimullaşdıra bilməz. Bu, yalnız istehsalın qarşısını ala bilər və bu iqtisadiyyatımız üçün ciddi problemlər yaradar”.
Gülşən ŞƏRİF